Müslüm Maqomayevin məzarı ziyarət olunub - TƏDBİR FOTOLAR

17 Avqust 2022 11:47 (UTC+04:00)

Bu gün dünya şöhrətli opera və estrada müğənnisi, bəstəkar, SSRİ Xalq artisti Müslüm Maqomayevin 80 illik yubileyi münasibətilə Fəxri Xiyabanda məzarı ziyarət edilib. SİA xəbər verir ki, tədbirdə mədəniyyət naziri Anar Kərimov, Müslüm Maqomayevin həyat yoldaşı Tamara Sinyavskaya, iş adamı Emin Ağalarov, Xalq artisti Fərhad Bədəlbəyli, mədəniyyət və ictimaiyyət nümayəndələri, media əməkdaşları iştirak ediblər. Ziyarətçilər sənətkarın məzarı üstünə gül qoyublar.

Azərbaycan Respublikasının Mədəniyyət naziri Anar Kərimov M.Maqomayevin Azərbaycan xalqı və dövləti üçün önəmli bir şəxsiyyət olduğunu vurğulayıb.

Nazir həmçinin qeyd edib ki, M.Maqomayev Azərbaycanın mədəniyyəti üçün çox böyük səylər göstərmiş, töhfələr vermiş bir şəxsiyyətdir: “O, həm də peşəkar sənətkar olmaqla yanaşı gözəl bir insan idi. Azərbaycanı nəinki Sovet İttifaqında, hətta dünyada tanıdan bir şəxsiyyət idi. M.Maqomayev Azərbaycana bağlı olan sənətkar idi. Biz bunu onun mahnılarında da hiss edirdik. Onun əsərləri daim bizim qəlbimizdədir. Ulu Öndər Heydər Əliyev sənətkara çox böyük dəstək olub. Bu ənənə ölkə başçısı tərəfindən də davam etdirilmişdir. Bu gün cənab Prezidentin sərəncamı ilə hazırlanan M.Maqomayevin heykəlinin rəsmi açılışı oldu. Bu, bir daha sübut edir ki, Azərbaycan xalqı, dövləti M.Maqomayevi daim yad edəcək. Əminik ki, onun yaradıcılığı gənc müğənnilərimiz tərəfindən davam etdiriləcək”.