Şəkidə Xalq şairi Bəxtiyar Vahabzadənin xatirəsi anılıb

17 Avqust 2022 05:48 (UTC+04:00)

Öz dəyərli əsərləri ilə müasir Azərbaycan ədəbiyyatının inkişafında böyük xidmətlər göstərmiş Bəxtiyar Vahabzadənin yaradıcılığı bədii fikrimizin zənginləşməsində mühüm rol oynayıb. Azərbaycan dilinin saflığı, təmizliyi və zənginləşməsi uğrunda mübarizə şairin yaradıcılığının əsas istiqamətlərindən birini təşkil edib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, unudulmaz Xalq şairi, müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Bəxtiyar Vahabzadənin anadan olmasının 97-ci ildönümü doğulduğu Şəki şəhərində ehtiramla qeyd edilib.

Xatirə tədbirinin iştirakçıları əvvəlcə unudulmaz şairin Şəki şəhərinin mərkəzindəki parkda ucaldılan abidəsi önünə gül dəstələri düzüblər.

Sonra xatirə tədbiri Bəxtiyar Vahabzadənin şəhərin “Yuxarı Baş” məhəlləsində yerləşən ev-muzeyində davam etdirilib. Tədbirdə Şəki Regional Mədəniyyət İdarəsinin rəisi Azər Yusubov, hüquqşünas İkram Abdullayev, şair Musa Həşimov, rejissor Elvin Nuri, filologiya elmləri üzrə fəlsəfə doktoru Qiymət Məhərrəmli, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Şəki rayon komitəsinin təlimatçısı Nəzakət Əliyeva çıxış edərək, Xalq şairinin Azərbaycan söz sənətinin inkişafındakı xidmətlərindən danışıblar.

Bildirilib ki, daim xalqının düşüncə və arzuları, hiss və duyğuları, istək və maraqları ilə yaşayan Bəxtiyar Vahabzadənin zəngin yaradıcılığı poeziyamızın, şerimizin cövhəri olub. O, Vətəninə, doğulduğu yerə, soya bağlı bir insan olub. Şair anadan olduğu yurdu – Şəkini çox sevib. Yaratdığı hər bir əsərdə Şəkiyə xas olan kolorit, iti və ağıllı zəka, dərin düşüncə tərzi özünü göstərir.

Qeyd olunub ki, Bəxtiyar Vahabzadə nəinki Azərbaycanın, eləcə də bütün Türk dünyasının ən qüdrətli söz ustalarından biri olub. Onun əsərləri Azərbaycanda olduğu kimi, Türkiyədə də, türkdilli ölkələrdə də sevə-sevə oxunur.

Vurğulanıb ki, şairin əbədiyyətə qovuşmasından 13 il vaxt keçsə də, işıqlı xatirəsi xalqımızın, onu sevənlərin qəlbində daim yaşayır və yaşayacaq.

Xatirə tədbiri musiqili-ədəbi proqramla davam etdirilib.