Bölgələrin sosial-qitisadi inkişafı prizmasından infrastruktur layihələrinin əhəmiyyəti ŞƏRH

16 Avqust 2022 16:32 (UTC+04:00)

Memarı ulu öndər Heydər Əliyev olan müstəqil Azərbaycan Respublikası XX əsrin 90-cı illərinin əvvələrindən etibarən uğurlu sosial-iqtisadi inkişaf yoluna qədəm qoymuşdur. Hələ, ümummilli lider Heydər Əliyevin Respublikamızda birinci və ikinci hakimiyyət illərində sosial-iqtisadi sahələrdə geniş işlər icra olunmuş və vətənimizdə bu istiqamətdən görülən uğurlu işlər nəticəsində sosial həyatda ciddi uğurlar əldə etmişdi. Bu gün isə ulu öndər Heydər Əliyevin layiqli siyasi davamçısı Cənab Prezident İlham Əliyev bu uğurlu siyasəti davam bu etdirərək bu sahələrdə yeni-yeni nəaliyyətlərin əldə olunmasında yüksək əzmkarlıq nümayiş etdirməkdədir.

Respublikamızda aparılan sosial-iqtisadi inkişaf strategiyasının əsas istiqamətlərindən biri də məhz regionların tarazlı və davamlı inkişafıdır. Əhalinin rifahının yüksəlməsinə yönəlmiş Dövlət proqramlarının icrası, sözün əsl mənasında, Azərbaycanın bölgələrinin simasını köklü surətdə dəyişib. Bu gün bölgələrdə yaradılan biznes mühiti, kənd təsərrüfatı və sənayenin inkişafı üçün infrastruktur layihələrinin icrası artıq öz bəhrəsini verməkdədir və bölgələrdə məşğulluğun təmin olunmasında əsas rol oynayır. Bölgələrdə iş yerlərinin açılması və məşğulluğun təmin olunması istiqamətində kənd təsərrüfatı üçün vacib olan aqroparkların və iri fermer təsərrüfatlarının yaradılması istiqamətində də ciddi işlər aparılır. Elektrik, qaz təchizatı, yolların, xüsusilə kənd yollarının çəkilməsi və ümumiyyətlə, son illər ərzində bu istiqamətdə görülən işlər, doğrudan da bölgələrdəki vəziyyəti ciddi surətdə dəyişib. Bölgələrin sosial-iqtisadi inkişafı proqramlarının əsas məqsədlərindən biri də məhz sosial sahədə layihələrin həyata keçirilməsidir.

Son illər ərzində regionlarda kənd təsərrüfatında islahatlar sayəsində qida məhsullarının istehsalı sektoru artıb ki, bu da qida istehsalının təhlükəsizliyinin təmin olunmasını aktuallaşdırır. Təsadüfi deyil ki, Azərbaycan bu gün kənd təsərrüfatına dövlət dəstəyi sahəsində dünyada aparıcı ölkələrdən biridir. Ölkə regionlarının, o cümlədən kənd yerlərinin sosial-iqtisadi inkişafı sahəsində görülmüş işləri növbəti illərdə də davam etdirmək, eləcə də infrastrukturun və sosial xidmətlərin daha da yaxşılaşdırılması, bölgələrdə yaşayan əhalinin məşğulluğunun və maddi rifahının yüksəldilməsi məqsədi ilə Prezidentin fərmanı ilə “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” təsdiq edilib.

Bu proqrama əsasən Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevin həyata keçirdiyi uzunmüddətli iqtisadi inkişaf strategiyası ölkənin regionlarının davamlı və tarazlı inkişafının təmin olunmasını, o cümlədən yerlərdə dayanıqlı inkişaf prinsiplərinə əsaslanan rəqabətqabiliyyətli iqtisadiyyat, yüksək standartlara cavab verən sosial rifah, təbii resursların səmərəli istifadəsini və ətraf mühitin etibarlı mühafizəsini təmin edən ekoloji təhlükəsizlik sisteminin formalaşdırılmasına imkan verən əlverişli mühit yaratmaq məqsədini daşıyır. Bu strategiyanın həyata keçirilməsində, o cümlədən ölkənin regionlarının sosial-iqtisadi inkişafının yeni keyfiyyət mərhələsinə yüksəlməsində regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş dövlət proqramları (2004-2008, 2009-2013 və 2014—2018-ci illər üzrə) böyük əhəmiyyət kəsb edir.

2004-cü ildən uğurla icra olunan bu proqramlar regionlarda şəhər, qəsəbə və kəndlərin simasını köklü şəkildə dəyişmiş, regionların potensialının artmasına, infrastruktur təminatının, kommunal xidmətlərin keyfiyyətinin, biznes və investisiya mühitinin yaxşılaşmasına və əhalinin rifahının yüksəlməsinə geniş imkanlar açmışdır. Hazırda bu imkanlardan çıxış edərək ölkənin sosial-iqtisadi həyatında, xüsusilə regionlarda, o cümlədən kənd yerlərində iqtisadi inkişafın sürətləndirilməsi, əhalinin layiqli məşğulluğu və sosial rifah halının daha da yüksəldilməsi və ekoloji təhlükəsizliyin gücləndirilməsi istiqamətlərində işlərin yeni keyfiyyət mərhələsinə keçməsi inkişaf gündəliyində ön plana çıxmışdır. Bu məsələlərin uğurlu həlli ölkənin regionlarında mövcud olan potensialdan daha səmərəli istifadə etməklə bölgələrdə, o cümlədən kənd yerlərində sosial-iqtisadi inkişafın sürətləndirilməsi və bu inkişafın davamlılığının möhkəmləndirilməsini zəruri edir. Bu isə öz növbəsində ölkənin regionlarının sosial-iqtisadi inkişafı ilə əlaqədar siyasət tədbirlərinin, o cümlədən kompleks proqramlar hazırlanıb icra olunmasının davam etdirilməsini nəzərdə tutur.

Dövlət Proqramı çərçivəsində ölkədə regionların inkişafı ilə əlaqədar tənzimlənmə sisteminin, o cümlədən qanunvericilik bazasının, institusional və iqtisadi mexanizmlərin daha da təkmilləşdirilməsi, investisiya və innovasiya fəallığının artırılması, mütərəqqi texniki avadanlıqlar və texnologiyaların tətbiqi əsasında yerli iqtisadi (təbii-iqtisadi, istehsal-texniki və elmi-texniki) potensialın gücləndirilməsi və təsərrüfat dövriyyəsinə tam cəlb olunması, buna uyğun olaraq, iqtisadiyyatın şaxələndirilməsinin genişləndirilməsi (digər müqayisəli üstünlüyə malik, əlavə dəyər yaradan məhsul və xidmət istehsalı sahələrinin də inkişaf etdirilməsi) və səmərəliliyinin yüksəldilməsi hesabına rəqabət qabiliyyətliliyinin artırılması, sahibkarlığın inkişafı, məhsul və xidmət istehsalı, satışı və istehsal vasitələri bazarında rəqabət mühitinin daha da sağlamlaşdırılması, maliyyə resurslarına və bazara çıxış imkanlarının asanlaşdırılması, istehsal, sosial və bazar infrastrukturunun modernləşdirilməsi, sosial xidmətlərin çeşidinin artırılması, keyfiyyətinin yaxşılaşdırılması və aztəminatlı insanlar üçün əlçatanlığının təmin edilməsi, həssas əhali qruplarının sosial müdafiəsinin gücləndirilməsi, təbii ehtiyatlardan daha da səmərəli istifadə olunması və ekoloji təhlükəsizliyin qorunması üzərində nəzarətin möhkəmləndirilməsi və bu kimi digər istiqamətlərdə kompleks işlərin görülməsi nəzərdə tutulur. Bundan əlavə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin bölgələrə mütəmadi səfərləri Dövlət Proqramlarının icrasını sürətləndirməklə, regionların tarazlı inkişafının təmin edilməsi, yeni iş yerlərinin yaradılması və əhalinin həyat səviyyəsinin daha da yüksəldilməsi sahəsində görülən işlərə təkan vermişdir.

Cari ilin avqust ayının 12-də Cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Qobustan, İsmayıllı, Ağsu rayonlarına son səfərləri də məhz bu qəbildəndir. Cənab Prezident İlham Əliyev İsmayıllı rayonu Basqal qəsəbəsində Azərbaycan Televiziyasına müsahibəsində görülən işlər və infrastruktur layihələrinin icrasına diqqət çəkərək bildirmişdir: “Mənim bölgələrə səfərlərim müntəzəm xarakter daşıyır, həm vəziyyətlə tanış olmaq, həm də əlavə göstərişlərin verilməsi üçün. Gedən işlərə, bildiyiniz kimi, özüm nəzarət edirəm və son illər ərzində bütün bölgələrdə quruculuq-abadlıq işləri daha geniş vüsət almışdır. Bu gün Ağsu, İsmayıllı rayonlarına səfərim çərçivəsində burada görülmüş və görüləcək işlər haqqında həm göstərişlər verilmişdir, eyni zamanda, məruzələr edilmişdir. Son illərdə hər iki rayonda böyük infrastruktur layihələri icra edilmişdir. Demək olar ki, infrastruktur layihələrinin əsas hissəsi başa çatmışdır. İstər qazlaşdırma, istər elektrik enerjisi, su təchizatı, yolların tikintisi ilə bağlı çox böyük layihələr icra edilmişdir. Təkcə onu demək kifayətdir ki, dağlıq rayon olmasına baxmayaraq, İsmayıllı rayonunda qazlaşdırma 80 faizdən çoxdur, Ağsu rayonunda 100 faizə yaxındır. Bu iki rayonda son illərdə 10-dan çox elektrik yarımstansiyası inşa olunmuşdur və elektriklə təchizat tam təmin edilib. Yolların çəkilişi ilə bağlı - həm kənd yollarında, eyni zamanda, İsmayıllı-Muğanlı yolunun yeni hissəsində işlər icra edilir. Sosial infrastrukturla bağlı böyük layihələr icra olunub. Hər iki şəhərdə - Ağsuda və İsmayıllıda 160 çarpayılıq xəstəxana tikilmişdir, 100-ə yaxın məktəb inşa edilmiş, ya da əsaslı şəkildə təmir olunmuşdur. İş yerlərinin yaradılması ilə bağlı böyük layihələr icra edilib. Bir sözlə, bu bölgənin gələcək inkişafı ilə bağlı çox güclü zəmin yaradılıb. Çünki bildiyiniz kimi, infrastruktur layihələri icra edilmədən inkişafdan söhbət gedə bilməz”.

Həyata keçirilən tədbirlər, xüsusilə geniş infrastruktur layihələrinin icrası bölgələrin inkişafı üçün əhəmiyyətli dərəcədə imkanlar açır. Qeyd edək ki, regionların inkişafı bütövlükdə Azərbaycanın inkişafı deməkdir. Bu məqsədlə Cənab Prezident İlham Əliyevin tapşırıqları və imzasıyla Regionların sosial-iqtisadi inkişafına dair artıq üç Dövlət Proqramı icra olunub. Artıq dördüncü Dövlət Proqramı tam surətlə və uğurla icra olunur. Bu proqramların uğurlu icrası ölkəmizin bütün regionlarının simasını dəyişib. Demək olar ki, regionların bütün sosial infrastrukturu yenidən qurulub. İndi isə regionların iqtisadi potensialının artırılması məqsədilə böyük proqramlar icra edilir. Aqrar sahəsinin inkişafına yanaşma dəyişilib, dövlət dəstəyi artırılıb. Regionların sənayeləşməsi prosesinə başlanılıb. Təbii ki, regionlarımızın iqtisadi potensialı çox genişdir və proqramların icrasının davamlı olması ölkə iqtisadiyyatında regionların payını gündən-günə artıracaq.

Xüsusi olaraq qeyd edək ki, işğaldan azad olunmuş dogma Qarabağımızdakı bərpa-abadlıq işləri və infrastruktur layihələrinin uğurlu icrası Respublikamızda görülən işlərin və orada əldə olunana nəaliyyətlərdə böyük paya sahibdir. Məlumdur ki, Müzəffər Cənab Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Azərbaycan ordusunun şanlı Qələbəsi ilə bitən 44 günlük Vətən müharibəsi işğal edilmiş ərazilərin azad edilməsi ilə nəticələnməklə yanaşı Erməni işğalçılarının həyata keçirdiyi dağıntıların tam olaraq üzə çıxmasına imkan yaratdı. Bir daha məlum oldu ki, otuz ilə yaxın davam edən işğal müddətində Erməni vandalları işğal etdikləri Azərbaycan ərazilərində böyük dağıntılar həyata keçirmiş və mövcud olan infrastrukturu demək olar ki, tamamən məhv etmişdir. Dağıntıların hərtərəfli və miqyasının böyük olması isə azad edilmiş ərazilərin bərpasını zaman alan prosesə çevirir. Ona görə də bərpa prosesinin müxtəlif iqtisadi və sosial istiqamətlər üzrə həyata keçirilməsinə ehtiyac yaranır. Bunları nəzərə alaraq İkinci Qarabağ müharibəsi bitdikdən dərhal sonra azad edilmiş ərazilərin sosial-iqtisadi inkişaf planının hazırlanması üçün Cənab Prezident İlham Əliyev tərəfindən tapşırıqlar verildi və “Böyük Qayıdış” proqramı əsasında bərpa prosesi başlandı. Bu proses hal-hazırda tam sürətlə və uğurlu şəkildə davam edir.Beləliklə, bu gün Azərbaycanın hər bir bölgəsi inkişaf, tərəqqi dövrünü yaşayır. Məqsəd insanların rahat yaşayışını təmin etmək, onların məmnunluğunu artırmaqdır. Bütün bu işlərin həyata keçirilməsinə rəhbərlik edən Prezident İlham Əliyevin uğurlu fəaliyyəti heç şübhəsiz xalqımız tərəfindən təqdir edilir. Sosial-iqtisadi sahədə son dövrlər əldə olunan uğurlar əsasında Azərbaycan Respublikası bu gün dünya miqyasında lider ölkələr arasında əhəmiyyəli mövqeyə malikdir. Məhz ulu öndər Heydər Əliyevin görmək istədiyi müstəqil və güclü Azərbaycan budur.

Elnarə Mustafayeva

YAP Yasamal rayon təşkilatının sədr müavini