"Laçın və Zabuxda evlərin, meşələrin yandırılması sıradan bir hadisə deyil" AÇIQLAMA

16 Avqust 2022 16:11 (UTC+04:00)

“Azərbaycan tərəfi ermənilərin çıxarılması üçün avqustun 25-ə kimi vaxt vermişdir. Amma Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, oradakı yerli ermənilər avqustun 25-ə kimi vaxt istədilər. Yenə də Azərbaycan humanizm missiyasına sadiq qalaraq onlara avqustun 25-ə qədər vaxt verdi”. Bunu politoloq Məhəmməd Əsədullazadə SİA-ya açıqlamasında deyib.

Onun sözlərinə görə, biz yenə də Kəlbəcər ssenarilərinin şahidi oluruq: “Çünki onlar Qarabağ müharibəsindən sonra vaxt istəmişdilər. Lakin Kəlbəcərdə onlar mina döşəmişdi, həmçinin evlərin yandırılmasını həyata keçirmişdir. İndi yenə də ermənilər Laçında, Zabuxda evləri yandıraraq meşələrə od vururlar. Əlbəttə ki, ilk növbədə bunun qarşısını rus sülhməramlıları almalıdır. Göründüyü kimi, rus sülhməramlıları nəinki qarşısını almırlar, hətta uzaqdan görüb dəstək verəcək kimi prosesi izləyirlər. Bu da rus sülhməramlılarına qarşı etimadı sıfıra endirir. Artıq proseslər o səviyyəyə gəlib ki, nə Azərbaycan tərəfi, nə də erməni tərəfi artıq rus sülhməramlılarına nə etibar, nə də etimad edir. Hətta rus sülhməramlıları iki xalq arasında konfliktin yaranmasında və qığılcımların almasında maraqlı görünür. Əlbəttə ki, Azərbaycan tərəfi bununla bağlı ölçü götürəcək. Çünki Laçın və Zabuxda evlərin, meşələrin yandırılması sıradan bir hadisə deyil”. Politoloq onu da qeyd etdi ki, Azərbaycan tərəfindən kompleks tədbirlər həyata keçiriləcək: “Evlərin və meşələrin yandırılması erməni xislətinin bariz nümunəsidir. Biz bir daha şahidi olduq ki, ermənilər yenə də Azərbaycana qarşı ideoloji düşmənçilik siyasətlərini həyata keçirirlər. Baxmayaraq ki, biz onlara vaxt veririk bizdən etimad alırlar, amma bu etimadı yenə də doğrultmadılar. Biz Laçın və Zabuxda evlərin, meşələrin yandırılmasına şahid oluruq. Bir sözlə, erməni vandalizmi öz işini görür. Hesab edirəm ki, artıq Azərbaycan bu avantüranın qarşısını almaq üçün hərbi təzyiqlərdən istifadə etməlidir”.