Fala inanmaq günahdır? - İZAH EDİLDİ

16 Avqust 2022 14:57 (UTC+04:00)

"Allah insana həyatda yaşama istiqamətini təyin etmək üçün müqəddəs Qurani-Kərimi nazil edib. Quran Allah tərəfindən peyğəmbərlərə göndərilib. İsa peyğəmbərə "İncil", Musa peyğəmbərə "Tövrat" və s. Sonuncu kitab Qurani-Kərimdir. Bu kitab toplum olaraq kompleksdir. Yəni, bütün müqəddəs kitabları özündə ehtiva edir və onların təhrif olunmasını göstərir. Qurani-Kərimə qədər olan kitablar təhrif olunub. Müqəddəs Quran isə onlardan da xəbər verir və bizi düzgün istiqamətləndirir". Bu sözləri SİA-ya açıqlamasında Qafqaz Müsəlmanlar İdarəsinin sədr müavini Hacı Fuad Nurullayev deyib.

Onun sözlərinə görə, Qurani-Kərimin Maidə surəsinin 90-cı ayəsində fal oxları barəsində bir neçə haramlar qeyd edilir: "Peyğəmbər zamanı və dövrlərində Ərəbistan yarımadasında yaşayan insanlar haramlardan və fal oxlarından istifadə edərək fala baxardılar. Fala baxanlar müəyyən xəbərləri qabaqcadan təyin edərdilər. Bu, müqəddəs Quranda xüsusi şəkildə qadağan edilmiş və haram buyurulmuşdur.

Bu gün fala baxan tanınmış insanlar var. Onlar bu sahədə öz batil mütəxəssislərini yetişdiriblər. Bizdə bunu İslam qadağan etsə də, hələ də mövcuddur. Bu, batil və günahdır. Allah Qurani-Kərimdə də buyurub ki, "Qabaqcadan bir çox şeylərin bilinməsi Allaha aiddir. İnsan oğlunun elə şansı və imkanı yoxdur ki, qeybdən xəbər versin".

Burada bir incə nüans var. İnsanlar elmə yiyələnə bilər və öz elmi bilikləri əsasında müəyyən proqnozlar verə bilərlər. Məsələn, snoptiklər hava cərəyanlarını öyrənirlər və onların vasitəsilə qabaqcadan hava haqqında məlumat verirlər. Bu, elmi əsasda təyin olunub. Amma bir adam evində otursun və elmdən kənar özündən desin ki, "Mənə vergi verilib", "Mən biliciyəm" və s. düzgün deyil. Bu, günahdır.

Bu şəxslər insanları qorxuya və şübhəyə salırlar. İnsan da zəif olduğu üçün yanlışlıqlara addım atmır. Dinimiz belə insanların yanına getməyi və onlara inanmağı buyurmur. İnsan Allaha sığınmalıdır".

Fuad Nurullayev sözlərinə belə davam edib: "İnsan dua edir və Allahdan istəyir. Əgər istədiyi ona gec çatırsa və yaxud da çatmırsa yenə də düşünsün ki, "Allah bunu mənə nəsib etmirsə, burada da Allahın mərhəməti və rəhmi var. Yəni xeyirli olmadığı üçün Allah bunu mənə nəsib etmədi. İnsan düşünməsin ki, hər istədiyini Allah ona verməlidir.

İnsan seçim qarşısında və çətin vəziyyətdə qalarsa, Qurana üz tutmalıdır. Quran bilənə və savadlı insana müraciət etmək lazımdır. Bu, istisna haldır.

Falçı yanına getmək insanı Allaha olan imanından ayırır. İnsan pis gözdən, bəd nəzərdən qorunmaq istəyirsə, Qurani-Kərimin surə və ayələrinə nəzər yetirsin. Bunlar həmin insanı qoruyar".

Ayşən Vəli