Regionlarda infrastruktur layihələr uğurla icra olunur ŞƏRH

16 Avqust 2022 13:23 (UTC+04:00)

Müasir dövrün çağırışlarının öhdəsindən yüksək səviyyədə gələrək, biri-birindən əhəmiyyətli uğurlara imza atan Azərbaycan ötən 19 il ərzində həm bölgədə, həm də dünya miqyasında ən sabit və dinamik inkişaf edən ölkələrdən birinə çevrilib. Möhtərəm Prezidentin rəhbərliyi ilə reallaşdırılan ümummilli inkişaf strategiyası hər bir sahənin paralel inkişafını ən yüksək səviyyədə təmin edib və bu, davam etməkdədir. Bu inkişaf göstəriciləri insanlarda qəti bir əminlik formalaşdırıb ki, Azərbaycan Cənab İlham Əliyevin rəhbərliyi altında daha böyük uğurlara, zəfərlərə imza atacaq. Belə ki, ölkə həyatı üçün strateji əhəmiyyət daşıyan inkişaf proqramları hazırlanıb, işlək mexanizmlər əsasında həyata keçirilib. Respublikanın investisiya və sosialyönümlü mahiyyət daşıyan milli inkişaf modeli tərəqqi prosesində yeni keyfiyyət göstəricilərinin əldə olunması, qeyri-neft sektorunun inkişafı yolu ilə regionların balanslı və davamlı inkişafının sürətləndirilməsi, yeni iş yerlərinin açılması üçün milli sahibkarlığın hərtərəfli dəstəklənməsi kimi vacib məsələləri özündə ehtiva edib.

Bu gün nümunəvi inkişaf modelinə malik olan Azərbaycan regionun lider dövləti səviyyəsinə yüksəlib. Avqustun 12-də Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Ağsu və İsmayıllı rayonlarına səfərləri tarixi bir zamana çevrildi. Dövlət başçısının hər bir bölgəyə səfəri və yerindəcə tapşırıqlarını verməsi, yeni sosial obyektlərin açılışını etməsi regionların sosial-iqtisadı inkişafında əhəmiyyət kəsb edir. İsmayıllı rayonunun Basqal qəsəbəsində Azərbaycan Televiziyasına verdiyi müsahibəsində Prezident İlham Əliyevin qeyd etdiyi kimi, "Mənim bölgələrə səfərlərim müntəzəm xarakter daşıyır, həm vəziyyətlə tanış olmaq, həm də əlavə göstərişlərin verilməsi üçün. Gedən işlərə, bildiyiniz kimi, özüm nəzarət edirəm və son illər ərzində bütün bölgələrdə quruculuq-abadlıq işləri daha geniş vüsət almışdır. Bu gün Ağsu, İsmayıllı rayonlarına səfərim çərçivəsində burada görülmüş və görüləcək işlər haqqında həm göstərişlər verilmişdir, eyni zamanda, məruzələr edilmişdir".

Son illər ərzində digər regionlarda olduğu kimi, Ağsu və İsmayıllı rayonlarında da böyük infrastruktur layihələri icra edilib, əhalinin rahatlığının təminatında önəmli addımlar atılıb. Bildiyimiz kimi, regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının artıq üç mərhələsi uğurla icra edilib və ölkə regionlarının, o cümlədən kənd yerlərinin sosial-iqtisadi inkişafı sahəsində görülmüş işləri növbəti illərdə də davam etdirmək, infrastrukturun və sosial xidmətlərin daha da yaxşılaşdırılması, eləcə də bölgələrdə yaşayan əhalinin məşğulluğunun və maddi rifahının yüksəldilməsi məqsədi ilə "Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" uğurla icra olunmaqdadır. Dövlət proqramının icrası sayəsində Azərbaycanın bütün regionlarında müasir asfalt yollar, xəstəxanalar, məktəblər, mədəniyyət ocaqları tikilib, su təchizatı və kanalizasiya sistemləri və s. həllini tapıb. İsmayıllı və Ağsu rayonlarına səfəri çərçivəsində dövlətimizin başçısı yeni layihələrin açılışlarını etməsi, bu ərazilərdə yeni iş yerlərinin olması deməkdir.

Əlbəttə ki, regionlarda icra olunan layihələr ölkə həyatının yeni mərhələsini əhatə edir. Hər iki rayonda dövlət proqramı ilə icrası nəzərdə tutulan infrastruktur layihələrinin əsas hissəsi başa çatmışdır. Təkcə İsmayıllı rayonunda qazlaşdırma 80 faizdən çox, Ağsu rayonunda isə 100 faizə yaxındır. Hər iki rayonda son illərdə 10-dan çox elektrik yarımstansiyası inşa olunması nəticəsində elektriklə təchizat tam təmin edilib. Dövlət başçısının açılışında iştirak etdiyi "Basqal Resort & Spa" hotelində 300-ə yaxın iş yeri açılıb. Ağsu rayonunda yaradılmış "Ağsu Aqropark"ında 200-ə qədər yeni iş yerinin yaradılması görülən işlərin davamıdır. Eləcə də, yeni otelin açılışı orada yeni iş yerlərin yaradılmasına söykənir. Bu və ya digər yerlərin açılışı eyni zamanda, iqtisadi inkişafa təsirini göstərir.

Prezident İlham Əliyevin müsahibəsində siyasi məqamlara da nəzər salıb. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuz 44 gün davam edən müharibənin gedişində möhtəşəm qələbələr qazanaraq dünya hərb tarixinə yeni şanlı səhifələr yazdı. Silahlı Qüvvələrimiz döyüş meydanında Ermənistanın "güclü, məğlubedilməz ordu" mifini darmadağın etdi. Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri 10 noyabr 2020-ci il tarixli Bəyanatının müddəalarını kobud surətdə pozaraq, avqustun 3-də Azərbaycan Ordusunun bölmələrinə qarşı terror-təxribat əməli törətdilər. Növbəti dəfə təxribat törədərək, Azərbaycan əsgərinin qanını axıtmış düşmən öz cəzasını aldı. Prezident İlham Əliyev növbəti dəfə Ermənistana və ona havadarlıq edən qüvvələrə öz mesajını verdi. "Qisas" əməliyyatı Ermənistana bir daha göstərdi ki, bizi heç kim və heç nə dayandıra bilməz, nə kiminsə bəyanatı, nə kiminsə açıqlaması, nə hansısa telefon zəngi", - deyən Prezident bunu Azərbaycan xalqının yaxşı bildiyini vurğulayıb: "Qisas" əməliyyatından sonra yüzlərlə erməni hərbçisi Qarabağ bölgəsindən çıxarılıb. Bu onu göstərir ki, əfsuslar olsun ki, belə əməliyyatların təsiri var. Ona görə "əfsuslar olsun" deyirəm ki, buna gətirib çıxarmaq lazım deyildi. Sadəcə olaraq, Ermənistan bizim xəbərdarlıqlarımızı düzgün təhlil edib düzgün nəticə çıxarsaydı, buna ehtiyac qalmazdı". Dövlət başçısının bu gün Ermənistanla Azərbaycan arasında gedən normallaşma prosesində Qarabağ mövzusu yoxdur, deməsi artıq hər bir məqamı özündə göstərir. Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyevin çıxışlarının birində bildirdiyi kimi, müharibə onların yadından çıxmamalıdır: "Unutmasınlar ki, dəmir yumruq yerindədir".

Əvəz Qocayev,

YAP Nəsimi rayon təşkilatinin ərazi partiya təşkilatının sədri, AAYDA İdarə Heyətinin sədr müavini