Ölkədə taxıl qıtlığı baş verə bilər? - İQTİSADÇI ŞƏRH ETDİ

16 Avqust 2022 12:43 (UTC+04:00)

"Hazırda Ümumdünya Ərzaq Təşkilatının elan etdiyi qlobal ərzaq qiymətləri indeksinə görə 2022-ci ilin iyul ayında dünya miqyasında qlobal ərzaq qiymətləri 8,5 faiz ucuzlaşıb". Bu fikirləri SİA-ya açıqlamasında iqtisadçı Xalid Kərimli bildirib.

Onun sözlərinə görə, bunun tərkibində isə taxıl qiymətləri indeksi ümumiyyətlə 11,5 faiz ucuzlaşıb: "Yəni əsas ucuzlaşmaya səbəb olan taxıl və duru yağların qiymətidir. Bunun əsas səbəbi isə odur ki, Türkiyənin vasitəçiliyi ilə Odessa limanında qalmış 20 milyon ton Ukrayna taxılı dünyaya çıxarıldı. Həmçinin, fəsil ilə əlaqədar taxıl bolluğu qiymətlərin düşməsinə səbəb oldu. Ümumi şəkildə dünyada taxıl qiymətləri özünün qlobal səviyyəsindən 40 faiz aşağıdır. Son bir ayda isə ciddi şəkildə ucuzlaşma müşahidə edilib.
Azərbaycan taxıl sahəsində qarşısına hədəf qoyub ki, ərzaqlıq taxılı 75 faizə çatdırsın. Hazırda isə bu rəqəm 25 faizdir. Ölkə başçısı İlham Əliyevin qeyd etdiyi kimi, hazırda taxılı əsasən Rusiya, Qazaxıstan Ukraynadan idxal edirik. Bunun əsas hissəsi isə Rusiya və Qazaxıstandan olur. Bu iki dövlətlə də münasinətlərimiz qaydasında olduğu üçün də taxılla bağlı hər hansı bir problemimiz yoxdur. Bundan əlavə Şərqi Zəngəzurda və Qarabağda 50 min hektar taxıl sahəsi dövrəyə cəlb olundu. Gələn ildə suvarma sistemi tətbiq edildikdən sonra bu ərazilərdən daha çox taxıl əldə edəcəyik. Növbəti illərdə Qarabağda və Şərqi Zəngəzurda məhsuldarlığı artırmaq və genişləndirməyi planlaşdırırıq. Ümumi şəkildə Qazaxıstandan və Rusiyadan idxalı davam etdiririk. Həm gübrə, həm də taxıl idxal edirik. Hazırda ölkəni narahat edəcək bir məqam yoxdur. Həmçinin taxıl məhsullarının ölkədən təkrar ixracı və yaxud da kənarlaşdırılması 2022-ci ilin fevral ayından nəzarət altına götürülüb. İqtisadiyyat Nazirliyinin birbaşa razılığı və icazəsi olmadan ölkədən taxıl məhsullarının ixrac edilməsi qadağan edilib ki, bu da ölkədə balansın qorunmasına kömək edir".