"Ukrayna taxılının yenidən dünya bazarına daxil olması..." - DEPUTAT ŞƏRH ETDİ

16 Avqust 2022 12:02 (UTC+04:00)

"Taxıl qıtlığı bu gün dünyanı narahat edən ən aktual məsələyə çevrilib. Çünki taxılın qıtlığı dünyanı aclığa sürükləyir. Ona görə də BMT səviyyəsində bu məsələ ilə bağlı narahat olunmağa başlanılıb". Bu sözləri SİA-ya açıqlamasında deputat Azər Badamov deyib.

Onun sözlərinə görə, Ukrayna ilə taxılın ixracına dair İstanbulda əldə olunmuş razılaşma artıq icra olunmağına başlanıb: "Ukraynanın taxılla dolu gəmiləri Türkiyəyə və oradan da dünya ölkələrinə çatdırılır. Ukrayna taxılının yenidən dünya bazarına daxil olması qlobal bazarda taxılın qiymətində müəyyən qədər sabitlik yaradıb. Azərbaycan da istehlak etdiyi ərzaqlıq buğdanın 70%-ni idxal hesabına ödəyir. Ona görə də xarici bazardan daima asılılığımız daxili bazarlarda da qiymətlərə öz təsirini göstərir".

Deputat sözlərinə belə davam edib: "Dövlət başçımız ərzaqlıq buğda ilə təminatı daxili istehsalın artırılması hesabına həyata keçirilməsi ilə bağlı hökumətin qarşısında vəzifə qoyub. Bununla əlaqədar cənab Prezident “Ərzaqlıq buğda ilə özünü təminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında” fərman imzalayıb. Bu fərmana əsasən Kənd Təsəsrrüfatı Nazirliyi ilə müqavilə bağlayaraq növbəti 5 ildə müasir suvarma sistemlərinin tətbiqi ilə ərzaqlıq buğda istehsal edəcəyi ilə bağlı öhdəlik götürmüş fermerlərə əlavə subsidiya veriləcək.

İlk dəfə olaraq ərzaqlıq buğdanın tədarük qiyməti dövlət tərəfindən müəyyənləşdirir. Bu da fermerə istehsal edəcəyi məhsulun qiymətinin qabaqcadan bilməsinə imkan verəcək. Yəni bu, məhsul yetişən zaman istehsal olunacaq məhsulun tədarükü ilə bağlı çətinliyin aradan qalxması deməkdir. Həm də işğaldan azad olunmuş ərazilərimiz də yenidən dövriyəyə buraxılır və həmin sahələrdə də taxıl əkilməyə başlamışdır.

Cənab Prezidentin tapşırığına əsasən gələn il işğaldan azad olunmuş ərazilərin 100 min hektarında taxıl əkiləcək. Növbəti ildən aqrotexniki qaydalara əməl edilməklə müasir suvarma üsullarının tətbiqi ilə taxılın əkilməsi orta məhsuldarılığı kəskin artıracaq.

Hesab edirəm ki, yaxın 3-5 ildə orta məhsuldarlığın artması və azad olunmuş ərazilərin dövriyyəyə qaytarılması nəticəsində ərzaqlıq buğdaya olan təlabatının 80%-nə qədərini daxili təlabatla ödəyə biləcəyik. Bu da xarici bazarlarda baş verəcək qiymət artımlarından daxili bazarımızda un və un məhsulların qiymətlərini sığortalamağımza imkan verəcək".

Ayşən Vəli