"Restoranlarda öz bədənini satanlardan tutmuş..." - EKSPERT İRAD BİLDİRDİ

16 Avqust 2022 11:35 (UTC+04:00)

"Zəmanənin özünəməxsus xüsusiyyətləri var ki, Azərbaycan insanı da zəmanə diktəsi ilə öz yaşam tərzini, istirahətini və əyləncəsini qurur. Bu baxımdan restoran, kafe, çayxana və əyləncə məkanları, bir sözlə xidmət sahələri bütün dünyada get-gedə inkişaf edir. Çünki insanların sosial iqtisadi durumu buna imkan verir və əvvəlki kimi ağır əməklə məşğul olmağa ehtiyac yoxdur. Yəni, artıq texnologiya əsridir". Bu sözləri SİA-ya açıqlamasında yazıçı-kulturoloq, analitik ekspert Aydın Xan Əbilov deyib.

Onun sözlərinə görə, artıq əllə görülən işlər avtomatlaşdırılıb: "İnsan əməyi olmadan bu işlər həyata keçirilə bilir. Buna görə də insanlarda asudə vaxtın təşkilinə daha çox imkan yaranıb. Əvvəllər zavodlarda min nəfər insan işləyirdisə, artıq onlara ehtiyac yoxdur. 10-50 nəfər insan minlərlə insanın gördüyü işi yerinə yetirir. Buna da avtomatlaşma şərait yaradır.

Azərbaycanda xidmət sahələri inkişaf edir. Biz hər addımbaşı restoran, kafe, çayxana və əyləncə məkanları görürük. Amma bir çox ölkələrdə olduğu kimi, Azərbaycanda da bu sahədə boşluqlar var. Bu boşluqlardan istifadə edən həm xidmət sahələrinin sahibkarları, həm də vətəndaşlarımız da var. Belə ki, şəhərin yaşayış yerlərində kafe və restoranlar açılır. Bunlar da gecə-gündüz fəaliyyət göstərir. Səhərə kimi canlı musiqi və əyləncələr təşkil olunur. Bu da şəhər sakinlərinin istirahətini pozur".

Aydın Xan Əbilov sözlərinə belə davam edib: "Biz müxtəlif vaxtlarda restoranlardan baş verən partlayış və dava-dalaşların şahidi oluruq. Bu hadisələrə əvvəllər daha çox xaricdə rast gəlinirdi. İndi isə vəziyyət əksinədir.

Əvvəllər Azərbaycanda qadınların restorana getməsi məqbul sayılmırdı. Amma son vaxtlar qadınlarımız da kişilər kimi istirahət edə bilirlər. Lakin bundan da sui-istifadə edən insanlar olur. Baxırıq ki, restoranlarda öz bədənini satanlardan tutmuş, istirahət üçün gecə-gündüz bilmədən şəhərin mərkəzində yerləşən müştəri qismində çalışanlara qədər olan şəxslərin sayları artır. Bu da kişilər arasında dava-dalaş, qısqanclıq zəmnində olan mənfi hallara gətirib çıxarır. Belə bir vaxtda əlbəttə ki, normativ aktlar var. Belə ki, saat 10-dan sonra səs-küy yaratmaq, insanların istirahətini pozmaq olmaz. Amma bu, restoranlara şamil olunurmu? Maraqlı olan budur.

Biləcəri, Neftçilər, Bakıxanov və digər dənizqırağı yerlərdə restoran və kafelər aşıb daşır. Mübahisələr də daha çox burada baş verir. Dövlət qurumları bunlarla bağlı müəyyən tədbirlər görsələr də, sanki boşluqlar var. İnsanlara narahatlıq yaradan restoran və onların sahiblərinə qarşı sərt tədbirlər görülməlidir".

Ayşən Vəli