Ukraynadan Slovakiyaya keçənlərin sayı 700 mini ötüb

16 Avqust 2022 01:59 (UTC+04:00)

Ukraynada hərbi əməliyyatlar başlayandan bu ölkədən Slovakiyaya keçənlərin sayı 700 min nəfəri ötüb.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə məlumatı Slovakiyanın Daxili İşlər Nazirliyi yayıb. Bildirilib ki, son həftələrdə Slovakiya istiqamətində sərhədi hər gün təxminən 3-4 min nəfər keçir. Bununla da 5,5 milyon nəfər əhalisi olan Slovakiya əhali nisbətinə görə Aİ ölkələri arasında - müvəqqəti də olsa - ən çox ukraynalı qaçqın qəbul etmiş ölkədir. Polşa eyni dövrdə 3,7 milyon qaçqın qəbul etməyinə baxmayaraq, bu ölkənin əhalisi Slovakiyadan yeddi dəfə çoxdur.

Slovakiyanın rəsmi qurumları həmçinin bildiriblər ki, son aylarda Ukraynaya geri dönənlərin də sayı artıb: yarım milyon insan Slovakiya-Ukrayna sərhədini Ukrayna istiqamətində keçib.