Neçə illik fasilədən sonra Küveyt İrana səfir təyin etdi

15 Avqust 2022 22:36 (UTC+04:00)

Küveyt təxminən 7 ildən sonra İrana səfir göndərdi. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

İranın rəsmi xəbər agentliyi İRNA-nın məlumatına görə, Küveytin İrandakı yeni səfiri Bədr Abdullah əl-Munih etimadnaməsini ölkənin xarici işlər naziri Əmir Abdullahiyana təqdim edib. Söhbət zamanı onlar iki ölkə arasında əlaqələrdən danışıblar.

Xatırladaq ki, 2016-cı ildə Səudiyyə Ərəbistanının aralarında şiə dinçi Nimr ən-Nimrin də olduğu 47 nəfəri “terrorçu” adı ilə edam etməsi İranda böyük əks-səda doğurmuş, etiraz aksiyalarına səbəb olmuş, Səudiyyə Ərəbistanının İran səfirliyi və Məşhəddəki konsulluq binasına hücumlar edilmişdi. Bundan sonra Səudiyyə Ərəbistanı, Bəhreyn və Sudan İranla diplomatik əlaqələri kəsmiş, Birləşmiş Ərəb Əmirlikləri isə münasibətlərini müvəqqəti işlər vəkili səviyyəsinə endirmişdi. O zaman Küveyt də səfirini geri çağıraraq İrana qarşı diplomatik hücuma keçən 5-ci ölkə olmuşdu.