Kəlağayı başımıza örtük, ağzımıza yaşmaq idi... TƏHLİL+ YANAŞMA

15 Avqust 2022 17:16 (UTC+04:00)

Geyimlər hər bir xalqın tarixini, qədim mədəniyyət və sənətkarlıq nümunələrini özündə ehtiva edir. Geyim özündə məxsus olduğu xalqa bağlı bir çox xüsusiyyətləri birləşdirir, sanki insanların xarakterini açır, zövqünü müəyyənləşdirir. Azərbaycan xalqı da özünəməxsus, zəngin və çeşidli geyimləri ilə zamanında sözünü demiş, həmçinin bu geyimlərlə dünya xalqlarının nümayəndələrinin də zövqünü oxşamışdır.

Belə geyimlərimizdən biri də baş örtüyü olan kəlağayıdır. Əsrlərin o üzündən günümüzədək gəlib çıxan bu geyim gözəlliyi, zərifliyi ilə bu gün də göz oxşayır. Ölkəmizdə qədim ipəkçilik sənətinin bütün gözəlliyi və məharətini özündə ehtiva edən kəlağayını bir sənət əsəri adlandırmaq olar. Bu gün də istehsal olunan, qadınların sevə-sevə istifadə etdiyi bu baş örtüyü qədimdən müasir dövrümüzə gəlib çıxan yeganə geyimdir.

Avqustun 12-də dövlətimizin başçısı cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın İsmayıllı rayonuna səfərləri çərçivəsində kəlağayının “vətəni” Basqalda olmaları və buradakı kəlağayı emalatxanasında Mehriban xanım Əliyevanın kəlağayıya naxış vurması bu qədim geyim növünün tarixini gözlər önünə gətirdi.

Kəlağayı bu gün də istifadə olunan yeganə qədim geyimdir

Bəli, qədim zamanlarda çeşidli qadın və kişi geyimlərimiz olsa da, onlar zaman-zaman tarixin o üzündə qalmış, günümüzədək gəlib çıxa bilməmişlər. Bunun isə müəyyən səbəbləri var. Bu səbəblərdən biri də müxtəlif sosial-iqtisadi formasiyalardır. O formasiya ki, bizim xalq da 1918-ci ildə əldə etdiyimiz müstəqilliyin 23 aylıq taleyindən sonra həmin formasiyanın qurbanı oldu, sovet ittifaqının buxovunda əzilməyə başladı. Bu 70 illik əsarət illəri bütün sahələrdə müəyyən dəyişikliklərə səbəb oldu. Eləcə də geyimlərimizdə də bunu his etdik. Müəyyən dəyişiklik deyirəm, ona görə ki, sovetin qolu nə qədər güclü olsa da, adət-ənənələrimizi qoruyub saxlaya bilirdik. Gizli şəkildə də olsa, bunu bacarırdıq. Məsələn, elə bayramlarımız, mərasimlərimiz vardı ki, onları həmin dövrdə açıq şəkildə keçirə bilmirdik, lakin gizli şəkildə onu yaşadıb 90-cı illərə-müstəqilliyimizin bərpası illərinə gətirib çıxara bilmişdik.

Bəli, baxmayaraq ki, 1920-ci ildə Azərbaycanda sovet hakimiyyəti qurulmuşdu, hələ 80-90-cı illərdə kəndlərimizdə nənələrimiz qədim geyimlərimizin bir qədər müasir formasından istifadə edirdilər. Bunu o dövrün gəncləri olan bizlər görmüşdük. Yadımdadır, nənələrimiz o zamanlar taxtalı deyilən, yəni çox qatlamalı, uzun ətəklər geyinirdilər. Üzərində də eynilə qədimdə qadınların geyindiyi bir qədər geniş köynəklər, üstündən də qolsuz jilet formalı geyim. Qədim geyimlərlə bunların fərqi yalnız bəzəklərində idi. Qədimdə bu geyimlərin parçası ipəkdən, daha bərbəzəkli olardı, 80-90-cı illərdə isə həmin geyimlər istənilən parça növündən tikilirdi, bəzək isə vurulmurdu. Bu geyimləri o dövrlərin nənələri geyinirdi. O nənələr ki, bu geyimlərin ömrü onlar dünyasını dəyişənədək oldu. Həmin qadınlarla birlikdə bu geyimlər də birdəfəlik gömüldü.

Böyük bir tarixi özündə əks etdirən kəlağayılarımız XIX əsrin ortalarından başlayaraq, Paris, London, Sankt-Peterburq, Moskva, Tiflis və digər beynəlxalq sərgilərin yüksək mükafatlarına layiq görülüb. Kəlağayı sənəti 2014-cü ildə “Kəlağayı simvolizmi və ənənəvi sənəti” adı ilə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilmişdir. Kəlağayının xalqımızın digər sərvətləri-muğam, aşıq, tar ifaçılıq sənəti, Novruz bayramı və xalçaçılıqla bir sırada dayanması heç də təsadüfi deyil. Milli geyimlərimizin bir hissəsi olan kəlağayı Azərbaycan qadınının ismət, ləyaqət simvolu, milli dəyərlərimizin daşıyıcısıdır.

Beləliklə, qədimdən bu günümüzə gəlib çıxan, bu gün də qadınlarımızın istifadə etdikləri bir geyim növü var, o, kəlağayıdır. Bu gün qadınlarımız keçmişdə olduğu kimi, başıörtülü gəzməsələr də, kəlağayılardan geyim aksesuarı-şərf kimi çox istifadə edirlər.

Müasir dövrdə bütün qızlara nişan mərasimində kəlağayı aparılır. Al-əlvan kəlağayılar xonçalarımızı bəzəyir. Nişan üzükləri barmaqlara taxılanda, kəlağayılar da başlara salınır.

Kəlağayıdan tutulan yaşmaqlar...

Kəlağayı həm də qadınlarımızın yaşmağı idi. Görəsən qadınlar ağız-burun hissələrini niyə örtürlər? Bu sualı vaxtilə dəfələrlə nənəmə vermişdim. Nənəm cavabında deyərdi ki, yaşmaq üzün “pərdəsidir”, qadın yad kişilərə görünməz, onların yanında danışmaz, məcburən danışanda isə üzünün bir qismini örtər ki, tamamilə görünməsin. Mən isə ona yeni bir sual verərdim, ay nənə, bəs atam yad kişi deyil axı, sən onu görəndə niyə yaşmaqlanırsan? Nənəmsə mənim bu sualıma həmişə sadəcə təbəssüm edər, cavab verməzdi. Sonralar böyüdükcə dərk etdim ki, yaşmaq böyük bir ismətin, həyanın, abırın nişanəsi imiş. Yaşmaq əsrlərlə, qərinələrlə yalnız azərbaycanlı qadına məxsusluğun göstəricisi, onun bənzərsiz xarakterini açan başlıca amil, həqiqətən sözün belə ifadə etməyə gücü çatmadığı gözəl keyfiyyət imiş. Qadınlarımızın, qızlarımızın ismətinin yad kişilərdən, hətta qayınatadan, qayından, böyük qardaşdan, bəzən doğma övladlarından belə saxlanc yeri imiş. Elə gözümüzlə gördüklərimizdən və eşitdiklərimizdən bu qənaətə gəlmək olur ki, bəzi mənbələrdə yaşmaq sözünün mənasının yad kişilərdən qorunmaq kimi açıqlanması heç də bu sözün mahiyyətini tamamilə əhatə etməyib. Çünki qayınata, qayın, əmi-dayı oğlanları bizdə yad kişi hesab olunmayıb. Bəs qardaşından, oğlundan yaşmaqlanan qadınlarımız? Belə isə yaşmaq sözünü yad kişilərdən qorunmaqla yanaşı, həyadan, abırdan, utancaqlıqdan böyüklərdən, yaxın qohumlardan, hətta oğlundan üz gizlətmək kimi mənalarla da əlaqələndirmək daha düzgün olardı.

75 yaşlı Sədaqət nənə deyir ki, keçmişdə gəlin köçəndə başına kəlağayı salardılar, üzü tamamilə örtülərdi. Sonralar indi istifadə olunan fata dəbə düşdü. Fata da əvvəllər qalın parçalardan hazırlanırdı, bir tərəfi ilə üz örtülürdü. Daha sonralar parça nazikləşdirildi, üz göründü. Müasir gəlinlərimizin çoxu isə heç üzlərini örtmürlər. İndi müasir dövrdür, bunu hamı yaxşı bilir. Lakin bu o demək deyil ki, müasirləşdikcə özümüzdən uzaqlaşaq. Bizim elə bir keçmişimiz olub ki, çoxları bu həyat tərzinə qibtə ediblər. Gənc qızlarımız, gəlinlərimiz geyim-keçimlərinə fikir verməlidirlər.

Ağbirçək anamızın maraqlı söhbətini, dəyərli tövsiyəsini dinlədikcə düşünürəm ki, gəncliyimiz daim nəzarətimiz altında olmalıdır. Onlara bilmədiklərini biz analar öyrətməli, yaxşılarımızı onlara əxz etdirməliyik. Dünya, yaşadığımız cəmiyyət isə gündən-günə müasirləşir və hər birimiz də bilirik ki, bu müasirləşmə həyatımızdan yan keçmir, bəzi dəyişikləri bizim üçün qarşısıalınmaz edir. Ancaq onu da unutmaq olmaz ki, bir ömür üzünü halalından başqa kimsənin görmədiyi qadınlar, atadan, qayınatadan qardaşdan, yaxından, qohumdan yaşmaqlanan gəlinlər bizim nənələrimiz, analarımız olublar. Onlar bizə əslində üzü gizlətmək üçün yaşmaqlanmaq kimi davranışı deyil, ismət adlı həya nümunəsini yadigar qoyublar. Onu qorumaq isə hər bir azərbaycanlı qadının borcudur.

Yada düşər Qazılıq dağı...

Yaşmaqdan söhbət düşəndə hər zaman “Dədə Qorqud” dastanındakı Qazılıq dağı da xatırlanır. Tarixi mənbələrdə göstərilir ki, Qazılıq dağı dedikdə, dastanlarda həm böyük Qafqaz, həm də Kiçik Qafqaz nəzərdə tutulur. Hətta çox vaxt qızlar və gəlinlər üzlərini o dağa çevirəndə, ağzına yaşmaq tutardılar. Və bu da qədim türklərdə dağ kultunun olması, dağa inancla bağlı hadisədir. Hətta Avropa qaynaqlarında belə Qafqaza Qazılıq dağları deyiblər. Buradan belə bir qənaətə gəlmək olur ki, qafqazlı qadınların böyük, ata sanıb hörmət əlaməti olaraq o səmtə yaşmaqsız baxmamaları zaman-zaman onların gündəlik həyatlarına da sirayət edib, ata, qayınata və digər kişilərdən yaşmaqlanmalarına səbəb olub.

Bəli, artıq tarixin o üzündə qalan gözəl adət-ənənələrimiz var idi. Yuxarıda da qeyd etdiyim kimi, həmin adət-ənənələr 90-cı illərə qədər də yaşadılırdı. Bu gün də ölkəmizin kəndlərində yaşlı qadınlarımız arasında həmin geyimlərə bənzər geyim geyinənlər, hətta yaşmaq tutanlar da var.

Lakin etiraf etməliyik ki, geyimlərimiz bu gün tamamilə avropalaşıb. Qədim, milli geyimlərimizi indi tək bayram tədbirlərində, xınayaxdılarda görmək mümkündür, bir də muzeylərimizdə. İndi kəndli-şəhərli, xüsusilə gənclərimiz bu geyimlərdən çox uzaq geyimlərə üstünlük verirlər. Həmin ətəklərdən, köynəklərdən əsər-əlamət qalmayıb. Müasirlik bizi o həddə gətirib çıxarıb ki, ətəklərimiz daraldılıb dizdən neçə qarış yuxarıya, köynəklərimiz də eynilə qurşaqdan bir qarış yuxarıya qaldırılıb.

İndi bəzi qazlarımız var ki, nəinki yaşmaq sözünün leksik mənasını bilmir, hətta qayınatasının qarşısında qısa şortikdə, qolsuz köynəkdə gəzir, bundan əsla narahat olmurlar.

Düşünəndə gör zaman bizi Qazılıq dağından neçə yüz min kilometrlərlə ayrı salıb…

Basqal Azərbaycanın ən böyük ipəkçilik mərkəzlərindən biri olub

Basqal qəsəbəsi nadir memarlığı, qədim ipəkçilik, dəmirçilik kimi xalq sənətkarlıq ənənələri və orta əsr şəhərsalma mədəniyyəti ilə Azərbaycanın mədəniyyət tarixində xüsusi əhəmiyyətə malikdir. Basqal tarixən Lahıc, Şəki, Qəbələ və Şamaxıdan gələn yolların kəsişməsində yerləşərək qovşaq funksiyasını, sosial-iqtisadi və ticarət mərkəzi rolunu oynayıb.

2003-cü ildən İsmayıllı rayonunun Basqal qəsəbəsində “Kəlağayı” İpək Mərkəzi fəaliyyət göstərir. Həmçinin Basqalda unikal interaktiv “Kəlağayı” muzeyi yaradılmışdır. Muzeyə gələn ziyarətçilər kəlağayının tarixi və ənənələri ilə tanış ola bilər, eləcə də sənətin yaranma prosesini canlı görüb, hətta məhsulun hazırlanmasında da iştirak edə bilərlər.

Şəki və Basqal kəlağayıları sırasında “Şah buta”, “Saya buta”, “Xırda buta” çeşnilərindən daha çox istifadə olunub. “Heyratı”, “Soğanı”, “İstiotu”, “Albuxarı”, “Abi”, “Yeləni” adlı əlvan kəlağayılar Azərbaycanda böyük şöhrət qazanıb. Basqalda kəlağayılara bəzək vurmaq üçün istifadə edilən ornamental taxta qəliblər əsasən qoz və palıd ağaclarından hazırlanırdı. Basqallı Hacı Həmid Talıb oğlunun, Kərbəlayi Abdulxaliq Əşrəf oğlunun, həmçinin toxucu Əlabbas Cəbrayıl oğlunun adları XIX əsrdə yaşayıb yaratmış bəzəkvuran sənətkarların sırasında çəkilib.

Prezident cənab İlham Əliyevin və birinci xanın Mehriban Əliyevanın avqustun 12-də İsmayıllı rayonunda olarkən Basqal qəsəbəsində kəlağayı istehsalı emalatxanasında Mehriban xanımın istehsal olunan kəlağayıya naxış vurması ölkəmizdə bu qədim sənətkarlıq sahəsinin bu gün də yüksək şövqlə davam etdirilməsinin, qədim adət-ənənələrimizin müasir dövrdə yaşadılmasının göstəricisidir.

İngilis xanımlarını heyran edən Azərbaycan kəlağayıları

Yazı üçün məlumat əldə etmək üçün bəzi mənbələrə baxarkən kəlağayı ilə bağlı maraqlı bir fakta rast gəldim. İstədim ki, onu oxucularla da paylaşım: 1862-ci ildə Azərbaycan ilk dəfə olaraq Londonda keçirilən ümumdünya sərgisində iştirak edib ki, o zaman basqallı toxucu Nəsir Abduləziz oğlu nümayiş etdirdiyi nəfis kəlağayı və zərif qanovuz parçaya görə gümüş medal və xüsusi diplomla mükafatlandırılıb. Kəlağayı ustası Londondan qayıdanda demişdir: “İngilis xanımları macal vermədilər ki, camaat bir kəlağayıya tamaşa etsin. Bir anın içində yarmarkada keçirilən satış sərgisində hamısını aldılar. Qaldım mat-məttəl baxa-baxa. Gərək çox aparaydım. Allah qoysa, bu səfər çox apararam”.

Bu maraqlı fakt Azərbaycan kəlağayısının füsnuna verilən qiyməti, heyranlığı təsdiqləyir. İngilis qadınlar onu baş örtüyü, yaxud şərf kimi istifadə etmək məqsədilə alırmışlar, bunu bilməsək də, əsas məsələ odur ki, kəlağayımız dünyanın ən inkişaf etmiş ölkəsinin qadınlarının bu qədər heyranlığına səbəb olub. Bu isə o deməkdir ki, kəlağayılarımız gözəldir, zərifdir, al-əlvandır, qadın zövqünü oxşayan və onları heyran edəndir.

Elə bu səbəbdən də dəfələrlə öz geyim kolleksiyasında kəlağayıdan istifadə edən modelyer Fəxriyyə Xələfovanın da fikirləri dəyərlidir. Modelyerin fikrincə, kütləvi istifadə üçün kəlağıyı mütləq müasirləşdirilməlidir, istehsala yeni kəlağayı nümunələri buraxılmalıdır.

Psixoloq Rəna İbrahimbəyova isə kəlağayının insan həyatını təsvir etdiyini iddia edir: ”Kəlağayı naxışlarının müəyyən sistemi var və onu hazırlayan hər kəs o sistemə riayət etməlidir. Kəlağayının üzərindəki naxışlar kainatın və dünyanın quruluşunu təsvir edir. Örpəyin kənarındakı haşiyə dağ anlamındadır, bu insanları qoruyur. Ortadakı haşiyə isə o biri dünyanı təsvir edir və naxışlardan göründüyü kimi, o dünya indikindən daha rəngli və mürəkkəbdir”.

Hər iki xanımın fikirlərini birləşdirməklə gözəl kəlağayılar istersal etmək olar. Qədimliyi və müasirliyi özündə ehtiva edən bu kəlağayılar dünya bazarlarında özünəməxsusluğu ilə seçilər, bu dəfə tək ingilis qadınlarının deyil, ümumilikdə dünya qadınlarının heyranlığını qazanar.

Kəlağayı və yaşmaq ədəbiyyatımızda

Zərifliyi, incəliyi ilə qadınların gözəlliyinə gözəllik qatan kəlağayılarla bağlı Azərbaycan xalqının şifahi xalq ədəbiyyatı nümunələrində, dastan, qoşma, gəraylı və bayatılarında, xüsusilə də aşıq poeziyasında maraqlı, poetik fikirlər əksini tapmışdır. Kəlağayı müxtəlif dövrlərdə yaşayan şairlərimizin də diqqətini cəlb etmiş, onların misralarında inciyə çevrilmişdir. Bu şeirlərdə bəzən qadın gözəlliyi ilə kəlağayılarımızn gözəllyi harmoniya təşkil etmiş, bəzən qadınların vacib baş örtüyü kimi vurğulanmış, bəzən isə kəlağayıların qadın gözəlliyinin başlıca amili olduğu yer almışdır.

Abbas Tufarqanlının

Başına örtübdür kəlağayı gəzər,

Əyri tel üstündən qızıl düymələr.

Belinə yaraşıb zərbafdan kəmər,

Çəpkənli, çarqatlı ağ bədən gəzər,

Molla Pənah Vaqifin

Gah zaman başına tirmə şal bağlar,

Gah olur ki, zülf gizləyib, xal bağlar.

Kəlağayı qabağına al bağlar

Yaşılın altından, ağın üstündən,

Səməd Vurğunun

...Gecənin sarvanı o ulduz, o ay,

Anamın örtdüyü sarı kəlağay.

Sözümdə qalmışdır ömrüm uzunu,

Bəlkə də şairin taleyidir bu...

həmçinin də aşağıdakı şifahi xalq ədəbiyyatı nümunəsindəki

Kəlağayın ucu sarı,

Açılır könlüm qubarı,

Söylə görüm kimin yarı,

Yaxan düymələ, düymələ!

misraları yuxarıda dediklərimizi təsdiqləyir.

Eynilə də yaşmaq mövzusu, Azərbaycan qadınlarının bu yüksək keyfiyyəti zaman-zaman şair və yazıçılarımızın əsərlərində də yer alıb.

Qasımbəy Zakir

Sal ağızdan yaşmaq, şəkkər dəhanın,

Şirin-şirin danışmağı görünsün,

Molla Cümə,

Çəkibən yaşmağı, üzünü örtmə,

Sinəmin üstünə dağ qoyan dilbər!

Səməd Vurğun,

Üzündə son bahar, ağzında yaşmaq,

Sənin gözəlliyin solğun görünür,

kimi misralarında Azərbaycan qadınının pünhan gözəlliyini vurğulayaraq yaşmaq ifadəsindən bədii təsvir vasitəsi kimi istifadə ediblər.

Əbülhəsən Ələkbərzadənin “Arvadlar bir az geri çəkilmiş, yaşmaq tutmuşdular, cavanların ancaq gözləri güclə görsənirdi”, Süleyman Rəhimovun “Alov artır, qaranlıq qamçılanır, günəş nazla yaşmağını qaldırır və Rüxsarənin üzünə gülümsəyirdi” cümlələrini oxuduğumuz əsərlərində yaşmağın həmin dövr qadınlarının ümumi ab-havasını əks etdirdiyini öyrənirik.

Bir sözlə, kəlağayı qədimdə başımızın örpəyi, ağzımızın yaşmağı olub. Bu kimi xüsusiyyətləri ilə kəlağayı Azərbaycan qadınının simvoluna çevrilib. Onun dəyanəti, ləyaqəti, isməti, namusu olub. Xoşbəxt günlərinin allı-güllü, bədbəxt günlərinin qara rəngli baş örtüyü olub. Zərafətimizin, nəcibliyimizin, zövqümüzün tərənnümü olub. Bacardığımız qədər bundan sonra da onu yaşatmaq hər kəsdən çox biz qadınların əlindədir. Bunu unutmayaq! Kəlağayını başımıza örməsək də, onun bir kənarını ağzımıza tərəf çəkib yaşmaqlanmasaq da, onu yaşatmağa çalışaq, bu dövrə qurban verməyək. Qız-gəlinlərimizin geyiminə diqqət yetirək, bəzən “yox” deyək ki, bizim olanlar bizdə qalsın…

Mətanət MƏMMƏDOVA