Eqoizm nədir? - PSİXOLOQ AÇIQLADI

15 Avqust 2022 16:49 (UTC+04:00)

"Eqoizm ümumi bir sözdür və buna hər kəs şəxsi baxış bucağından baxır. Əslində hər kəs eqoistdir. Məsələn, körpə uşaq aç olduğu zaman heç kəsi düşünmür və ağlamağa başlayır. İnsan yaşa dolduqca öz eqoizmini korreksiya etməyə başlayır". Bu fikirləri SİA-ya açıqlamasında Fərqanə Mehmanqızı bildirib.

Onun sözlərinə görə, eqoizm müxtəlif olur: "Birincisi odur ki, eqoist insanlar bunu açıq şəkildə büruzə verirlər. Hər kəsin onlara borclu olduğunu düşünürlər və bunu açıq şəkildə bildirirlər. Heç kəsə yardım etmirlər, hamının onlara xidmət etməli olduğunu düşünürlər. Bu növ eqoist insanlar cəmiyyət tərəfindən qəbul olunmur. Niyə? Çünki cəmiyyət olmasa fərd olmaz. Cəmiyyət fərdi yaradır, fərd isə cəmiyyəti yaradır. Bunlar bir-biri ilə əlaqəlidir. Biz insanlar bir-birimiz üçün nəsə etməsək toplum yarada bilmərik. biz cəmiyyətin bir üzvüyük. Hər kəs qarşılıqlı bir-birinə nəsə ötürür.

Olğunlaşan bir eqoist anlayır ki, mən qarşı tərəfə nəsə etməliyəm ki, o də mənə nəsə etsin. Belə adamlar cəmiyyətdə çoxdur və cəmiyyət tərəfindən qəbul olunur. onlar anlayır ki, cəmiyyətdə hər şey qarşılıqlıdır.

Digər eqoizm növü var ki, buna inkişaf etmiş eqoizm deyilir. Adətən bunlar liderlər, başçılar olur. Lider və ya başçı öz qrupunu düşünməsə həmin toplum məhv olub gedər. Ona görə də bu artıq daha püxtələşmiş eqoizmdir. Onlar öz vəzifələrini yerinə yetirdikdə öz eqolarının tətmin edirlər, öz nüfuzlarını qaldırırlar.

Eqoizm düzgün korreksiya olunduğu zaman hər insana lazımdır. Eqosunun düzgün korreksiya etməyi bacaran insan cəmiyyət tərəfindən sevilir. Eqoizm insana öz məqsədlərinə çatmaq üçün lazımdır. Eqoist olmayan insan yoxdur.

Valideynlər övladlarını eqoist böyütməməlidir. Onların eqolarını korreksiya etməlidirlər. Onları cəmiyyətə sağlam şəxsiyyət kimi formalaşdırmalıdırlar. Ona görə də eqolarının öz xeyirləri üçün yönləndirməyi bacarmalıdırlar".