Qidamızı özümüz istehsal edə bilərikmi? - ANALİZ

15 Avqust 2022 17:00 (UTC+04:00)

İlham Əliyev: "Əminəm ki, növbəti 3-5 il ərzində biz ərzaqla özünü təmin etməkdə 100 faiz səviyyəsinə çıxacağıq"

Dünya iqtisadiyyatında sənayenin üstünlük təşkil etməsinə baxmayaraq kənd təsərrüfatının vacibliyi indi daha çox nəzərə çarpır. Dünya bazarlarında ərzaq məhsullarının sürətlə bahalaşması, BMT-nin qlobal ərzaq böhranının yarana biləcəyi haqda xəbərdarlığı vəziyyətin ciddi olduğunu göstərir. İnkişaf etmiş dövlətlərin təcrübəsi göstərir ki, aqrar sahəni inkişaf etdirmədən ölkədə məhsul bolluğu yaratmaq, əhalinin sosial vəziyyətini yaxşılaşdırmaq mümkün deyil.

Son illər dövlət səviyyəsində aqrar sahənin inkişafı məqsədilə bir sıra təşkilati, hüquqi və iqtisadi tədbirlərin həyata keçirilməsi də məhz buradan irəli gəlir. Prezident İlham Əliyev də ölkə iqtisadiyyatında qeyri-neft sektorunun, xüsusilə də, kənd təsərrüfatının prioritet sahə olaraq yer tutması üçün mümkün olan hər şeyi edir.

Yaxşı torpaq fonduna, münasib iqlim normasına və sair təbii-coğrafı, iqtisadi-ticari, şaxələnmiş nəqliyyat imkanlarına malik Azərbaycanda isə bu sahənin çox böyük potensialı var. Prezident Ilham Əliyevin İsmayıllı və Ağsu rayonlarına səfərləri zamanı bu məsələlərlə bağlı verdiyi açıqlamalar aqrar sektorun inkişafının ölkəmiz üçün nə qədər əhəmiyyət daşıdığını və dövlətin əsas prioritetlərindən olduğunu göstərir.

“Bildiyiniz kimi, bu gün ərzaq təhlükəsizliyi ilə bağlı dünyada çox böyük narahatlıq var. O cümlədən Azərbaycan da bu istiqamətdə fəal iş aparır. Görülmüş və görüləcək işlər nəticəsində biz özümüzü bu sahədə də təmin etmiş ölkəyə çevirəcəyik və ərzaq təhlükəsizliyi məsələləri, əminəm ki, Azərbaycanda maksimum dərəcədə təmin olunacaq”- deyən dövlət baçısı yaxın gələcəyin proqnozunu verib.

Prezident İlham Əliyev deyib ki, biz öz iqtisadiyyatımızı dünya iqtisadiyyatına inteqrasiya edərək bazar iqtisadiyyatının bütün təməl prinsiplərini Azərbaycanda tətbiq etdik: “Bu gün Azərbaycanın ümumi daxili məhsulunun strukturuna baxsaq, görərik ki, ümumi daxili məhsulumuzun əksər hissəsini özəl sektor formalaşdırır, həm yerli şirkətlər, həm xarici investorlar, xarici şirkətlər. Belə olan halda dünyada gedən istənilən iqtisadi proses bizə də təsirsiz ötüşmür, bizə də təsir edir. O cümlədən dünyada mövcud olan ərzaq mallarının bahalaşması da, əlbəttə ki, bizə də təsir edir. Bu il dünyanın əksər ölkələrində inflyasiya ikirəqəmli inflyasiyadır. Bildiyiniz kimi, inkişaf etmiş ölkələrdə inflyasiya çox aşağı səviyyədə olur. İndi biz hətta o ölkələrdə ikirəqəmli inflyasiyanı görürük".

Dövlət başçısı qeyd edib ki, mövcud potensialdan səmərəli istifadə etməklə böyük perspektivlər əldə etmək olar: “Ərzaq mallarının qiymətinin qalxması da Azərbaycana bir növ,- əgər belə demək mümkündürsə, - idxal olunub. Çünki biz hələ də özümüzü tam, yəni, 100 faiz əsas ərzaq məhsulları ilə təmin edə bilmirik... Bu gün biz özümüzü ət məhsulları ilə 90 faiz, quş əti ilə 80 faiz, süd, süd məhsulları ilə 85 faiz səviyyəsində təmin edirik. Əminəm ki, növbəti 3-5 il ərzində biz 100 faiz səviyyəsinə çıxacağıq, baxmayaraq ki, tələbat da artır. Çünki əhali artır.

Amma əfsuslar olsun ki, biz özümüzü taxılla hələ uzun illər tam təmin edə bilməyəcəyik. Özümüzü buğda ilə təminetmə əmsalı Azərbaycanda bu ilin əvvəlinə 62 faiz idi. Məhz bu məqsədlə xüsusi proqram işlənib hazırlandı, yeni növ subsidiyaların tətbiq edilməsinə start verildi və bunun nəticəsində əminəm ki, ərzaqlıq buğdanın Azərbaycanda istehsalı kəskin artacaq. Ancaq bu, vaxt tələb edəcək.

Mən hesab edirəm ki, təqribən 3-4 il ərzində biz özümüzü ərzaqlıq buğda ilə 80 faiz səviyyəsində təmin edə bilsək, bu, çox böyük nəticə olacaqdır. Taxılın qiymətinin dünya bazarlarında qalxması bütün ölkələrə təsir göstərir. Ancaq bugünkü vəziyyət ondan ibarətdir ki, təkcə qiymətdən söhbət getmir, eyni zamanda, taxıl qıtlığı yaşanır...bir çox ölkələr fiziki cəhətdən öz əhalisini buğda ilə, taxılla təmin edə bilmirlər... ancaq Azərbaycanda bu sahədə heç bir problem yoxdur. Biz ənənəvi olaraq taxılı da, gübrəni də Rusiyadan alırıq. Rusiyalı tərəfdaşlarımızla əldə edilmiş razılaşmalar nəticəsində Azərbaycana istədiyimiz qədər həm gübrə, həm taxıl ixrac edilir və ediləcək.

Gübrəyə gəldikdə isə, bildiyiniz kimi, biz özümüz də artıq gübrə istehsalçısı olmuşuq və hətta karbamid gübrəsini ixrac edirik. Amma digər gübrələr Azərbaycana idxal olunur. Bir sözlə, bax, bu amillər reallıqdır və biz real həyatda yaşayırıq. Özümüzü bütün problemlərdən tam sığortalamaq üçün praktiki işlər aparırıq və aparacağıq. Əminəm ki, növbəti illərdə həm bu gün mövcud olan əkin sahələrində daha bol məhsul götürmək üçün suvarma layihələri, düzgün aqrotexniki tədbirlərin görülməsi və digər tədbirlər, subsidiyalar nəticəsində biz məhsuldarlığı böyük dərəcədə artıra biləcəyik”.

Ölkə başçısı işğaldan azad edilmiş ərazilərin iqtisadi imkanlarına da toxunub: “Biz artıq azad edilmiş torpaqlarda da əkin-biçinlə məşğuluq. Mənim göstərişimlə vaxt itirmədən əkin işləri aparılmışdır, minalardan təmizləmə işləri aparılmışdır. Hesab edirəm ki, gələcəkdə Qarabağda və Şərqi Zəngəzurda yetişdiriləcək məhsullar, o cümlədən ərzaq təhlükəsizliyimizin tam təmin edilməsində bizə böyük kömək göstərəcək...

Torpaqlarımız işğalçılardan azad olunandan sonra mən dərhal göstəriş verdim ki, biz vaxt itirmədən bu torpaqlarda əkin-biçinlə məşğul olmalıyıq. Bu il 50 min hektarda taxıl əkilmişdir və artıq məhsul yığımı da sona çatmaq üzrədir. Düzdür, məhsuldarlıq çox aşağıdır, bu da təbiidir. Çünki uzun illər bu torpaqlar istifadəsiz qalmışdır, suvarma da yoxdur, dəmyə şəraitində taxıl yetişdirilir və birinci ildir ki, əkin aparılmışdır. Ona görə hektardan orta məhsuldarlıq təqribən 1 tondan aşağıdır. Ancaq əminəm ki, növbəti illərdə məhsuldarlıq daha da artacaq, əkin sahələri artacaq.

Mən hesab edirəm ki, biz azad edilmiş torpaqlarda taxılçılıq üçün ən azı 100 min hektar dövriyyəyə buraxmalıyıq və əlbəttə ki, bütün müasir aqrotexniki tədbirlərin görülməsi, o cümlədən suvarma məsələlərinin düzgün təşkil edilməsi şərtilə. Vaxtilə Azərbaycanda aparılmış kənd təsərrüfatı islahatı zamanı buraxılan səhvlərə yol verə bilmərik, hər şey düzgün, şəffaf olmalıdır və əminəm ki, bunun nəticəsində ən böyük məhsuldarlıq məhz işğaldan azad edilmiş torpaqlarda olacaq”.

Azərbaycan Prezidenti İlham Əliyev aqrar sahənin ölkənin iqtisadi inkişafına həlledici təsirini daim yüksək qiymətləndirir, hökumət qarşısında kənd təsərrüfatına diqqət və qayğı göstərilməsini mühüm vəzifə kimi qoyur. Dövlət başçısı ayrı-ayrı çıxışlarında aqrar sahənin inkişafında iş adamlarının, fermerlərin gücündən, imkanlarından səmərəli yararlanmağın zəruriliyini bildirir.

Kənd təsərrüfatı məhsulları istehsalçılarına verilən müddətli vergi güzəştləri ilə bərabər, dövlət tərəfindən onlara yanacaq, motor yağlarının və mineral gübrələrin alınmasında güzəştlər edilir, subsidiyalar verilir.

Bununla yanaşı, kənd təsərrüfatı məhsulları istehsalçılarının buğda toxumuna, mineral gübrələrə və damazlıq heyvanlara olan ciddi ehtiyacı ölkəmizin ərzaq təhlükəsizliyinin təmin olunması istiqamətində əlavə tədbirlərin görülməsini şərtləndirir.

Kənd təsərrüfatı məhsullarının fermerlər tərəfindən bazarlara sərbəst çıxarılmasını təmin etmək məqsədilə satış yarmarkalarının keçirilməsi, sahibkarlığın inkişafına dövlət tərəfindən hərtərəfli qayğı göstərilməsi aqrar sahədə yetişdirilən məhsulların itkisiz yığılmasına müsbət təsir göstərir, istehsalda artım əldə edilir, məhsuldarlıq yüksəlir.

Diqqəti cəlb edən cəhətlərdən biri də budur ki, məhsul istehsalı sahəsində artım getdikcə özünü daha qabarıq göstərir. Belə ki, bitkiçilik məhsullarının istehsalında əldə edilən artım əkin sahələrinin artırılmasından daha çox, məhsuldarlığın yüksəldilməsi hesabına təmin olunur.

Onu da qeyd edək ki, məhsulun maya dəyərinin aşağı salınmasında və gəlirin çoxalmasında məhsuldarlığın artırılmasının mühüm əhəmiyyəti var. Bunun üçün isə təbiidir ki, fermerlərin keyfiyyətli toxumlarla təminatını yaxşılaşdırmaq, becərmənin aqrotexniki qaydalara uyğun aparılması ilə yanaşı, torpağın münbitliyini artırmaq ən başlıca şərtdir.

Kənd təsərrüfatı məhsullarının becərilib toplanması ilə yanaşı, onun qiymətlərinə təsir edən amillərdən biri də həmin məhsulların bazarlara daşınması xərcləridir. Bu sahədə mövcud problemlər bazarlarda əsassız bahalaşmaya, bəzən də süni şəkildə məhsul çatışmazlığına gətirib çıxarır.

Əsas problemlərdən biri də, fermerlərə ayrılan subsidiyaların onlara vaxtında çatmaması, hətta bəzi hallarda büroktik əngəllərdən dolayı ümumiyyətlə ala bilməmələridir. Bununla bağlı sənədləşmə həddən çoxdur ki, bu da bir çox hallarda işə zərər vurur. Misal üçün, taxıl əkini üçün verilən subsidiyalar yerlərdə bürokratik əngəllər səbəbindən bəzi hallarda yazlıq və ya payızlıq əkindən sonra verilir ki, bu mənfui nəticə verir. Çünki əkinçilər gübrə, dərman, su üçün xərclər çəkməlidirlər. Bu xərclər üçün əllərində vəsait yoxdursa əkmirlər və ya əkilən sahəyə düzgün qulluq edə bilmirlər. Nəticədə, məhsul yığımı azalır.

Fermerlərə verilən güzəştli aqrar kreditlərlə bağlı da problemlər var. Bir çox fermer bu kreditlərdən yararlana bilmir. Nəticədə 5 faiz əvəzinə 10-15 faizlə kredit götürməli olur ki, bu da onun təsərrüfatını inkişaf etdirməyə imkan vermir.

Daha bir problem suvarma ilə bağlıdır. İyul-avqust ayları həddən artıq isti və quraq keçdiyindən suya tələbat kəskin artır, su dövriyyəsi isə azalır. Nəticədə bəzi əkinlər normal su ala bilməyib yanır və məhsul istehsalı azalır.

Bu kimi problemlər aradan qaldırılsa, ölkəmizin aqrar sektorunda ciddi inkişaf yaranar və həm ərzaq təhlükəsizliyimizi təmin etmiş olarıq, həm də xarici ölkələrə aqrar məhsullar ixrac edib valyuta əldə edərik.

Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi” istiqaməti çərçivəsində hazırlanıb