Meyxanələri bahalı edən nədir? - ARAŞDIRMA

15 Avqust 2022 16:53 (UTC+04:00)

Meyxanə mədəniyyətinin necə yarandığı barədə danışmazdan əvvəl bu sözü araşdıraq. “Mey” və “xanə” sözləri fars dilindəndir. Mey şərab, xanə isə ev deməkdir. Bu baxımdan deyə bilərik ki, meyxanə sözünün mənası şərab evi deməkdir. “Mey” sözünün mənası zaman keçdikcə genişlənərək hər cür içkini əhatə edir, lakin xüsusilə türk içkisi olan rakıya işarə edir.

Liman mədəniyyəti və meyxanələr

Bizans dövründə dəniz ticarətinin inkişafı ilə ortaya çıxan “Liman mədəniyyəti” meyxanə mədəniyyətini də özü ilə gətirmişdir. Bu səbəbdən meyxanə mədəniyyətinin həm də Liman mədəniyyəti olduğunu deyə bilərik. Konstantinopol limanlarında müxtəlif millətlərdən olan insanların yaratdığı harmoniya ilə çox rəngli anlar yaşanıb.

Meyxanə mədəniyyətinin necə yarandığı haqqında təsəvvürü olmayanlar bu mədəniyyətin yaxın keçmişdə yarandığı barədə yanlış təsəvvürə düşə bilərlər. Meyxanə mədəniyyəti öz köklərini düşünüldüyü qədər yaxın zamanlarda deyil, Bizans dövründən götürür. O dövrdə Bizansın hökm sürdüyü Konstantinopolda varlıların getdiyi müxtəlif içki yerləri var idi. Bu yerlər taverneia, pouskareia və capeleia kimi tanınırdı. İndiki meyxanalara ən yaxını Kapeleia olduğunu söyləyə bilərik. Bu, şərabın yanında balıq, ətlə bişirilmiş və ya paxlalı bitkilərdən hazırlanmış yeməklər təqdim edən şərab satmaq üçün lisenziyalı bir içki yeri idi. Bundan əlavə, Bizans dövründə meyxanələr, xüsusən də, ruhanilərin təsiri ilə mərkəzi hakimiyyətin ciddi nəzarəti altında idi. Bu məlumatlara əsasən belə qənaətə gəlmək olar ki, Osmanlıdan əvvəl də meyxanalara müxtəlif sanksiyalar tətbiq edilib.

Fatehin fəthi zamanı bölgədəki səyyahlar İstanbulu meyxanələr şəhəri adlandırırdılar. Osmanlı dövründən bir çox yazıçılar həm meyxanələr üzərində işləmiş, həm də kitablarında yalnız meyxanələrdən bəhs etmişlər.

Osmanlı İmperatorluğunun bütün dövrlərində spirtli içkilərin qadağan edilməsinə baxmayaraq, fəthdən sonra qeyri-müsəlmanların mədəniyyətinə çevrilən meyxanələrə müəyyən sanksiyalar tətbiq edilsə də, yenə də güzəştlər edilirdi. Əslində Osmanlıdan əvvəl İstanbul limanlarının aid olduğu Bizans İmperiyası bu mədəniyyətin toxumlarını səpmişdi və artıq yetişmişdi.

Osmanlı dövründən bəri mədəniyyətimizdə meyxanaların çox mühüm yeri olmuşdur.

Meyxanə necə olmalıdır?

Azərbaycanda və Türkiyədə meyxanə (meyhanə) anlayışı bir qədər fərqlidir. Belə ki, bizdə meyxanə məkanları daha yüksək səviyyəli, daha bahalı görüntüyə və qiymətə sahibdir. Türkiyədə isə daha sadə, daha çox köhnə tipli məkanlar meyxanə kimi fəaliyyət göstərir. Türkiyədə meyxanəyə, əsasən, dərdli insanlar içib dərdini dağıtmaq üçün gedirlər. Bizdə isə əsasən vəziyyət əksinədir. Azərbaycanda meyxanəyə gedənlərin çoxu əylənmək üçün üz tutur.

Digər mühüm məqam isə Azərbaycanda meyxanələrə baxış da fərqlidir. Belə ki, bır sıra insanlar buranı ailəvi məkan olaraq görmür. Ölkəmizdə əksər insanlar meyxanəyə ailəsi ilə gəlmir və buna da onların deyimi ilə desək, düz baxmırlar. Bəs, ölkəmizdə meyxanələrdə (meyhanelerdə) vəziyyət necədir? Depozit qiymətləri hansı aralıqdadır? Bu məkanlara hansı təbəqənin insanları üz tutur? SİA mövzu ilə bağlı araşdırma apararaq ekspert, sosioloq, restoran və otel üzrə mütəxəssislərin fikirlərini öyrənib.

Ölkəmizdə mənfi məkanlarla yanaşı, yüksək səviyyəli meyxanələr də var. Bunlara bir neçəsini misal göstərmək olar.

“Sosyete Meyhane Baku” adlı məkanda 1 nəfər üçün depozit haqqı 50 AZN-dır.

“İstanbul Meyhane Bilgah” adlı məkanda 2 nəfər üçün nəzərtə tutulmuş masanın depoziti 100 AZN-dır. Qeyd edək ki, məkanda səhnə önu (vip) masaların deoziti 650 AZN təşkil edir. 4 nəfərlik masalar 350 və 6 nəfərlik masalar 450-550 AZN aralığındadır. Qiymətlərə Fix menyu daxildir. Fix menyuya isə bütün növ yeməklər və spirtsiz içkilər aiddir.

“Kaddeh Restoran” adlı məkanda ön masa 80 AZN, kənar masa 50 AZN, VIP Lounge 500 AZN-dir və maksimum 6 nəfərlik nəzərdə tutulub. Depozit qiyməti adam başı nəzərdə tutulub və qiymətə menyu daxildir.

DAİR Otellər və Restoranlar Assosiasiyası İdarə Heyətinin sədri Samir Dübəndi: “Otel və meyxanələrdə qiymətlərin baha olması ilə bağlı fikirlərimizi müxtəlif KİV-lərə bildirmişik. Biz meyxanələri peşə dilində başqa cür adlandırırıq. Belə ki, bu məkanlar gecə klubları, barlar, şənlik proqramları və canlı musiqi təqdim edən ictimai iaşə obyektləridir.

Gecə həyatı artıq Bakı şəhərinə xasdır. İnkişaf etmiş turizm distinasiyası kimi bizim də müəyyən xüsusiyyətlərimiz var. Ölkəmiz xaricə gecə həyatı turları da təklif edir.

İqtisadiyyatın qanunu olaraq tələb və təklif münasibətləri var. Bunlar yalnız bərabər olduqda hansısa qiymət və təkliflər ortaya çıxır. Ona görə də çox eşidirik ki, qiymətlərdən gileylənmələr var. Sosial şəbəkələrdə də bu barədə yazıb müxtəlif fikirlər bildirirlər. Bu barədə tədqiqatlar da aparılır. Amma açığını deyim ki, KİV tərəfindən aparılan bu tədqiqatlar səthi xarakter daşıyır. Dərin problemlərə heç kim toxunmaq istəmir.

Əgər bu gün bazarda hər hansı bir qiymət və təklif olunursa, deməli, onlara tələbat var və onların da öz müştərisi olur. Daha çox görürük ki, şikayət edənlər həmin müəssisələrin daimi müştəriləri deyil. Çünki onlar bu məkanları sevir. Şikayət edənlər təsadüfi müştərilərdir ki, onlar da beyinlərində daha aşağı məbləğ tutaraq bu məkanlara gəlir.

O ki qaldı ictimai iaşə müəssiələrində olan bahalığa, bunu biz də təsdiqləyirik. Enerji daşıyıcılarının və bir sıra qida məhsullarının bahalaşması da buna səbəbdir. Digər səbəblər də var və biz bunları bir neçə dəfə açıqlamışıq. Xarici turistlərin sayı da qiymətlərə təsir göstərir. Hər bir müəssisə çalışır ki, xarici turistlərə hər şeyi daha baha satsın və fayda qazansın. Turistin də milli valyutasında bizim qiymətlər baha görünmür. Bunun nəticəsində də xariciyə 15 manata satacağımız bir şiş kababı, çalışırıq ki, öz yerlimizə də bu qiymətə sataq. Bu, qəbulolunmazdır.

Depozitlər 50 manatdan başlayaraq hətta bir neçə min manata qədər irəliləyir. Qiymət artımı şənlik, canlı musiqi və s. asılıdır. Bu təkliflərin öz istehlakçıları da bazarda tapılır.

Burada qeyri-peşəkar elementlər də var. Bu gün restoran biznesi ilə məşğul olan bir çox insanlar düşünürlər ki, bu sahədə təhsil almaq heç də vacib deyil və hər kəs bunun üstəsindən gələ bilər. Restoran biznesi bir o qədər də böyük investisiya tələb etmir. Nəticədə savadsız və bu sahədən xəbərsiz insanlar da bu sahədə çalışır.

Savadlı insan qiymətlərə də savadlı yanaşacaq. Bu gün bir çox müəssisədən soruşsaq ki, “Sizin satış qiymətləriniz nəyin əsasında formalaşıb?” görəcəyik ki, əksər müəssiələr heç düzgün hesablama aparmırlar. Bu da savadsızlıqdan irəli gəlir. Yəni, sahədən xəbərsizdirlər və bu sahədə bilikləri yoxdur.

Biz bilirik ki, dövlət mexanizmləri var. Onlardan biri də lisenziyadır. Qeyd edim ki, 2015-ci ildən turizm və qonaqpərvərlik sahəsinə aid olan lisenziyalar ləğv olunub. Digər tərəfdən standartlaşma sertifikatlaşma mexanizmləri var. Bu gün misal gətirsək, ictimai iaşə müəssisələrinin sanitariya qaydalarına uyğunluğu AQTA tərəfindən sertifikatlaşma ilə təmin olunur. Amma biz bu prosesə baxsaq, zahirdən anlayarıq ki, sanitariya qaydaları pozulan yerlərdə də bu sertifikatlaşma edilib. Görünür ki, bu sistemdə boşluqlar var.

İctimai iaşə müəssiələri bizim kimi assosiasiyaların ətrafında birləşərək biznesin vahid səslə hansısa istəklərini çatdırmaq imkanı yaranır. Onların təbii ki, vahid maraqları var. Onların əsasında da müxtəlif proseslər və qiymətlər tənzimlənə bilir. Bu məsələ ölkədə bir az zəifdir”.

Biznesin İnkişafı Üzrə Mütəxəssis Nicat Manaf: “Ümumiyyətlə, kafe və restoranlarda "depozit" adı altında yığılan məbləğlər qanunsuzdur. İstehlakçını heç kim məcbur edə bilməz ki, sən filan qədər restoranda pul xərcləməlisən. Xüsusilə, "meyhane" konsepti altında fəaliyyət göstərən restoranlarda musiqi haqqı, əlavə xidmət haqqı kimi məcburi ödənişlər alındığını müşahidə edirik. İstehlakçıların ciddi narahatçılığına səbəb olan son dövrlərdə artıq trend halını almış "depozit" adı altında toplanan stolbaşına pullardır. İstehlakçılar hüquqlarının pozulduğuna görə rahatlıqla Antiinhisar Dövlət Xidmətinə müraciət edə bilərlər.

Təkrar edirəm ki, restoranın depozit almaq kimi xidmət sahəsi yoxdur. Bu, minimum xərcləmə limitini qarantiyaya almaq üçündür ki, bu da qanunsuzdur.

İşbaz sahibkarın müxtəlif adlar altında istehlakçılardan qanunsuz yolla məbləğ toplaması çox təəssüflər olsun ki, postpandemiya dövründə ölkəmizdə pik həddə olmaq üzrədir”.

Jurnalist Araşdırmaları Mərkəzinin sədri, Yenisabah.az saytının baş redaktoru Seymur Verdizadə: “Dünyanın əksər ölkələrində gecə klubları və meyxanələr fəaliyyət göstərir. Təbii ki, Bakıda da anoloji obyektlər var. Hansısa meyxanənin olmasını qəbahət saymaq olmaz. Sadəcə, bu obyektlərin fəaliyyəti qanunla tənzimlənməlidir. Bu obyektlər əxlaqsızlıq yuvası və sərxoş adamların toplaşdığı yerlər olmamalıdır. Bura istirahət mərkəzi olmalı və insanlar da öz hərəkətlərinə diqqət etməlidirlər.

Təəssüf ki, Azərbaycanda gecə klubları və mehxanələrdə kriminal zəmində münaqişələr baş verir. Bu məkanların sakinlərinin narkotik aludəçiliyi barədə sıx-sıx informasiyalar yayılır. Bu da onu göstərir ki, həmin məkanlarda nəzarət zəifdir. Yəni, hüquq-mühafizə orqanları həmin məkanlara yaxşı nəzarət etmirlər və yaxud da etmək istəmirlər. Bunun da obyektiv və subyektiv səbəbləri var. Əsas səbəb odur ki, həmin məkanlar oliqarxlara və yüksək səviyyəli məmurlara məxsusdur. Bu, tamamilə yolverilməzdir. Tutduğu vəzifədən asılı olmayaraq hər bir sahibkarın obyektinə nəzarət olunmalıdır”.

Ayşən Vəli