"Ermənistanın nazı ilə çox oynamışıq" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

15 Avqust 2022 14:15 (UTC+04:00)

"Prezident İlham Əliyev İsmayıllı və Ağsu rayonlarına səfəri zamanı verdiyi açıqlamasında çox maraqlı mətləblərə və məqamlara toxundu. Faktiki olaraq hər kəsi maraqlandıran suallar öz cavabını tapdı. Prezidentin çıxışına diqqətlə qulaq asdıqdan sonra açıq-aydın görürük ki, Azərbaycan qarşısına qoyduğu bütün işləri mərhələli, planlı və sürətli şəkildə həyata keçirir". Bu sözləri SİA-ya açıqlamasında deputat Naqif Həmzəyev deyib.

Onun sözlərinə görə, Qarabağ və Şərqi Zəngəzurda keçmiş məcburi köçkünlərimizin geri qayıtmasını təmin etmək üçün bütün işlər planlı şəkildə həyata keçirilir: "Ən qısa zamanda Laçın rayonunun və onun ətrafında olan kəndlərə keçmiş məcburi köçkünlərimizin geri qayıtması təmin olunacaq. Bütün bunlarla yanaşı Ermənistan tərəfi anlamalıdır ki, Azərbaycan tərəfi bu əraziləri cənnət məkanına çevirib və bu işlər hələ də davam etdirilir. Ermənistanın bu işlərə maneçilik törətməsi mənasızdır. "Qisas" əməliyyatını həyata keçirərək bir daha revanşist qüvvələrə göstərdi ki, Azərbaycan əvvəlkindən daha da güclüdür. Azərbaycan öz ərazisində istədiyi əməliyyatı həyata keçirə bilər. Bu əməliyyatlar həmçinin anti-terror əməliyyatları da ola bilər. Azərbaycan sülhün tərəfdarıdır. Bu baxımdan da Ermənistanın reallıqları qəbul etməsi, sülh danışıqları prosesini sürətləndirməsi, sərhədlərin delimitasiyası və demarkasiyası prosesini həyata keçirmək üçün öz səylərini artırması üçtərəfli bəyanatın şərtlərini yerinə yetirməsi vacibdir. Əks təqdirdə Ermənistana bu baha-başa gələcək. Biz istənilən şəraitdə qarşımıza qoyduğumuz məqsədləri reallaşdıracağıq. Son proseslər də bir daha bunu əminliklə deməyə imkan verir".

Naqif Həmzəyev fikirlərinə davam edərək həmçinin qedy edib ki, Azərbaycan Qarabağda və Şərqi Zəngəzurda sülhün qorunub saxlanılmasında maraqlıdır: "Bütün zirvələr və hərbi strateji mövqelər Azərbaycanın nəzarətindədir. Biz “Qisas” əməliyyatını həyata keçirərkən sübut etdik ki, təmas olmadan istənilən əməliyyatı həyata keçirə bilirik. Ermənistan tərəfinin nazıyla çox oynamışıq. Bütün bunlara baxmayaraq regionda sülhün qorunub saxlanılmasında maraqlıyıq. Ermənistan anlamalıdır ki, gec-tez Azərbaycanın diqtə etdiyi sülh tıklifini dəstəkləyəcək”.

Arzu Qurbanlı