"Ermənistan Azərbaycanın "yol xəritəsi"ilə barışmalıdır" DEPUTAT AÇIQLADI

15 Avqust 2022 14:58 (UTC+04:00)

"Ermənistan dövlətinin və cəmiyyətinin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən müəyyən olunan "yol xəritəsi" ilə barışmaqdan başqa çarəsi yoxdur". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Sadiq Qurbanov bildirib.

S.Qurbanov bildirib ki, bu yol ən ədalətli yoldur, ermənilərin xülya ilə yaşamaqdan qurtarmaq, reallığa qayıtmaq yoludur: "İnkişaf, sabitlik və sülh yoludur. Ali Baş Komandan konkret olaraq Xankəndi və ətraf bölgədə yaşayan erməniləri gələcəyi ilə bağlı fikirlərini bildirdi ki, Azərbaycanın Qarabağ regionunda yaşayan ermənilərin hansısa xüsusi imtiyazı olmayacaq. “Qarabağda yaşayan ermənilərin nə statusu olacaq, nə müstəqilliyi olacaq, nə də hansısa xüsusi imtiyazı. Azərbaycan vətəndaşları necə, onlar da elə. Azərbaycan vətəndaşlarının hüquqları necə qorunursa, onların da elə. Azərbaycanda yaşayan xalqların hüquqları necə qorunursa, onların da elə”. “Qisas” əməliyatından sonra 44 günlük müharibənin nəticəsindən yaxşı dərs almayan erməni toplumu anlamağa başlayıb ki, onların ənənəvi "xəyalları" ilə mövcud reallıqlar arasında olduqca ciddi fərqlər var".

Deputat sözlərinə əlavə edərək qeyd edib ki, erməni toplumu anlamağa başlayıb ki, Azərbaycan Prezidenti dediyi hər bir sözün ağasıdır və dediklərini də tam şəkildə reallaşdırmaq qabiliyyətinə malikdir: " Yəni, İlham Əliyev hər hansı məsələ barədə qərar veribsə, onun qarşısını heç bir qüvvə ala bilməz. İlham Əliyev özü bu haqda belə deyir: "Ermənistan bir daha gördü ki, bizi heç kim və heç nə dayandıra bilməz. Nə kiminsə bəyanatı, nə kiminsə açıqlaması, nə də hansısa telefon zəngi... Bunu Azərbaycan xalqı yaxşı bilir. İkinci Qarabağ müharibəsi də bunu göstərib. Əminəm ki, Ermənistan tərəfi də bunu bilir. Sadəcə olaraq, hərdən bunu unudurlar. Ona görə də belə faciəvi hadisələr baş verir"…“Qarabağda yaşayan ermənilər bizim vətəndaşlarımızdır. Nə qədər onlar bunu tez dərk etsələr, o qədər də hamımız üçün yaxşı olar”…“Qarabağda yaşayan ermənilər açıq-aydın gördülər ki, Ermənistan hakimiyyəti onların problemlərini həll etmək iqtidarında deyil... Onlar düzgün addım atmalı, başa düşməlidirlər ki, gələcəkləri ancaq Azərbaycan cəmiyyətinə inteqrasiyadan keçir". Erməni cəmiyyətinə bir tövsiyyəm var. Azərbaycan Prezidentinin: "Mən demişəm ki, onların hüquqları da, təhlükəsizliyi də Azərbaycan dövləti tərəfindən təmin ediləcək. Mən nəyi deyirəmsə, onu da həmişə icra edirəm.” fikrindən möhkəm yapışsınlar, yoxsa gec olacaq".

Qönçə Quliyeva