"Ev şəraitində kompot bağlanılmasına son qoyulmalıdır" - AİB SƏDRİ AÇIQLADI

15 Avqust 2022 12:23 (UTC+04:00)

“Hazır şəkilə gətirilmiş istənilən ərzaq malının müəyyən texniki şərtlər və standartlar əsasında hazırlanmalıdır. Azərbaycanın süfrə mədəniyyətsizliyindən biri də ev şəraitində kompot bağlanılmasıdır”. Bu fikirləri SİA-ya açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib.

AİB sədrinin sözlərinə görə, ev şəraitində kompot bağlayarkən heç bir standartlara və texniki amillərə əməl olunmur: “Evdə kim necə gəldi kompot bağlayır. Bəzi hallarda isə bağlanan kompotlar yararsız hala gəldik belə istifadə olunur. Təbii ki, bu, yolverilməz haldır. Buna görə də birinci növbədə turşu, ikinci növbədə isə kompot bağlanılması halına son qoyulmalıdır. Əks halda, bütün texniki standarlara uyğun şəkildə həyata keçirilməlidir. Buna əməl olunmadığı halda, əlbəttə, belə mallar insanın mədəsində ağılagəlməz xəstəliklər əmələ gətirə bilər. Düşünürəm ki, bu halların baş verməsi doğru deyil. Biz ümumilikdə insan zəhərlənmələrinin əksəriyyətinin evdə hazırlanmış məhsullardan olduğunu görürük. İnsanlar kompot içmək istəyirsə, mağazalardan əldə edə bilərlər. Mən razı deyiləm ki, istehlakçılar öz bağından yığdıqları meyvədən qışda istifadə etməsinlər. Lakin bu kimi hallar ani və tədricən zəhərlənmə ilə nəticələnə bilər. Buna görə də evdə kompot bağlanılmasına son qoyulmalıdır. Evdə kompot bağlayan insanlar hər meyvənin öz bağlanılma üsulunu bilməli, daha sonra tətbiq etməyə başlamalıdır”.