Bir damcı dəyər verək

15 Avqust 2022 10:11 (UTC+04:00)

“Su həyatdır” şüarı nə qədər şablon səslənsə də, suyun həyatımızda oynadığı müstəsna rola görə bu fikrin aktuallığı hər ötən gün daha da artır. SİA-nın verdiyi məlumata görə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, “Azərsu” ASC, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti və IDEA İctimai Birliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən layihənin növbəti mərhələsi məhz insanlarda suya qənaət vərdişlərinin aşılanması məqsədini daşıyır. Layihənin “Bir damcı dəyər verək” adlanan bu mərhələsində gündəlik həyatda rastlaşdığımız üç müxtəlif situasiyada sudan istifadə zamanı diqqətsizlik səbəbindən nə qədər su israf etdiyimizi əks etdirən reklam çarxı hazırlanmışdı. Layihənin qəhrəmanı Bir Damcının dili ilə çatdırılan bu situasiyalarda əslində hər gün hamımızın rastlaşdığı, yaxud özümüzün iştirakı ilə baş verən suyu israf halları göstərilir.

Kampaniyanın əhatə dairəsini genişlətmək məqsədilə reklam çarxından əlavə paytaxtın müxtəlif yerlərində küçə reklamları, posterlər yerləşdirilib, radiostansiyalarda reklamlar yayımlanmış, sosial şəbəkələrdə interaktiv məzmun paylaşılıb. Sözügedən kampaniyanın birinci mərhələsi bir ay əvvəl başlayıb. “Bir damcı öyrənək” şüarı ilə evlərimizə gələn suyun keçdiyi uzun və çətin yol geniş auditoriyaya çatdırılıb.

Qeyd edək ki, televiziya kanalları, çöl reklam daşıyıcıları, rəqəmsal platformalar da daxil olmaqla müxtəlif kommunikasiya vasitələrini əhatə edən kampaniyaya bloqer və məşhurlar da cəlb olunmuş, kampaniya barədə ətraflı məlumat ilə birdamci.az veb-saytından, layihənin Facebook və Instagram səhifələrindən tanış ola bilərsiniz.