İspaniyada meşə yanğını ilə əlaqədar 1300 nəfər təxliyə edilib

15 Avqust 2022 10:05 (UTC+04:00)

İspaniyanın şimal-qərbindəki Araqon bölgəsində baş verən meşə yanğını ilə əlaqədar 1300 nəfərin təxliyə edildiyi açıqlanıb.

Araqon yerli hökumətindən verilən açıqlamada Zaraqosanın Anon de Moncayo rayonunda avqustun 13-də başlayan meşə yanğınının güclü külək və həddindən artıq isti havanın təsiri ilə böyüməyə davam etdiyi qeyd edilib.

SİA-nın əldə etdiyi məlumata görə, yanğınla əlaqədar təhlükəsizlik tədbirləri çərçivəsində 8 yaşayış məntəqəsində 1300-ə yaxın insan evlərindən təxliyə edilib.

Üç fərqli nöqtədə aktiv olan yanğının 8 min hektar ərazini əhatə etdiyi, 4 yolun nəqliyyatın hərəkətinə bağlandığı, 300 nəfərlik bir qrup əsgərin də söndürülmə işlərinə qatıldığı bildirilib.

Meşə yanğınlarında tarixinin ən pis ilini keçirən İspaniyada ilin əvvəlindən bu yana 7 mindən çox yanğında 240 min hektar ərazi yanıb.