Bədii gimnastımız Zöhrə Ağamirova V İslamiadada halqa ilə yarışda ikinci olub

14 Avqust 2022 16:48 (UTC+04:00)

Bədii gimnastımız Zöhrə Ağamirova Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında gümüş medal qazanıb. SİA xəbər verir ki, təmsilçimiz halqa ilə çıxışında gümüş medala sahib olub. Digər gimnastımız Alina Gözəlova isə yeddinci olub.

Gimnastların fərdi proqram üzrə final yarışlarında Z.Ağamirova, A.Gözəlova ilə yanaşı, İlona Zeynalova da çıxış edəcək.

Gimnastlarımız top, gürzlər və lentlə də proqramlarını təqdim edəcəklər.
Ötən gün gimnastlarımız 4 hərəkətin cəminə görə, komanda yarışlarında birinci olmuşdu.

Qeyd edək ki, V İslam Həmrəyliyi Oyunları 2021-ci ildə keçirilməli olsa da, qlobal pandemiya səbəbindən yarış bir il təxirə salınıb. V İslam Həmrəyliyi Oyunlarında 56 ölkədən 4 mindən çox atlet idmanın 24 növü üzrə 483 dəst medal uğrunda mübarizə aparır.

Oyunların məhz Konyada keçirilməsi təsadüfi deyil. Qədim tarixi olan Konya şəhəri həm də İslam sivilizasiyasının mühüm mərkəzlərindən sayılır. Böyük təsəvvüf şairlərindən olan Cəlaləddin Ruminin türbəsi zahidlər üçün ziyarətgahdır. Ümumiyyətlə, Konya müxtəlif mədəniyyətlərin bir araya gəldiyi harmonik ruha sahibdir.

Xatırladaq ki, 2017-ci il mayın 12-22-də Bakıda keçirilmiş IV İslam Həmrəyliyi Oyunları Prezident İlham Əliyevin rəhbərliyi, Birinci vitse-prezident və Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın fəaliyyəti sayəsində bütün dünyaya nümayiş etdirdi ki, İslam aləmi bir ola bilir və bu birlik gücümüzü daha da artırır.

“Bakı-2017”də 54 ölkədən 3 mindən çox atlet idmanın 24 növü üzrə keçirilən yarışlarda 269 dəst medal uğrunda mübarizə aparıb. Bu Oyunlara 425 atletlə qatılan Azərbaycan 162 medalla (75 qızıl, 50 gümüş və 37 bürünc) birinci oldu. Türkiyə ikinci (195 medal), İran üçüncü (98 medal), Özbəkistan dördüncü (63 medal), Bəhreyn (21 medal) isə beşinci yerdə qərarlaşdı.

İslam Həmrəyliyi Oyunları ilk dəfə Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilib. İranın paytaxtı Tehranda keçirilməli olan ikinci İslamiada ləğv edilib. Üçüncü Oyunlar 2013-cü ildə İndoneziyanın Palembanq şəhərində təşkil olunub. VI İslam Həmrəyliyi Oyunları isə 2025-ci ildə Kamerunun paytaxtı Yaundedə keçiriləcək.