Arayikə ritorik sual: kiminlə silahlanacaqsan..?

14 Avqust 2022 06:21 (UTC+04:00)

“...Sirr deyil ki, mütəmadi olaraq həyata keçirilən təxribatçı hərəkətlər erməniləri “artsax”dan qovmağa yönəlib”.

SİA-nın erməni saytlarından əldə etdiyi məlumata görə, bunu ötən gün Xocavəndin Çartar kəndində olan Arayik Arutyunyan bildirib.

Deyilənə görə, Arayik Çartarda olarkən “Ağsaqqallar Şurasının” üzvləri ilə də görüşərək mövcud problemləri müzakirə edib(?).

Belə ki, qaldırılan məsələlər arasında Arayik içməli və suvarma suyu ilə bağlı məsələnin təcili həllinin vacibliyini vurğulayaraq, layihənin iki il ərzində mərhələli şəkildə tam həyata keçiriləcəyini qeyd edib.

Erməni saytının yazdığına görə, baş verən son hərbi-siyasi hadisələrə toxunan Arutyunyan bunları əsasən geosiyasi vəziyyətlə əlaqələndirib. Bununla belə o bütün bunların guya azərbaycanlıların erməniləri buralardan qovmaq və Ermənistanı devalvasiya etmək məqsədi daşıdığını da bildirib.

...Və nə qədər gülməli də olsa özünün buna qarşı ən optimal variantını da təqdim edib: “səbirlə güclü şəkildə silahlanmalıyıq”.

Təbii ki, bunu da erməni həyasızlığının növbəti nümunəsi bilib...adlamaq olardı, amma...

...Gərək ki, avqustun 3-də özünə “prezident” deyən Arayik “varlığını sübut etmək üçün” “qismən hərbi səfərbərlik” haqqında “fərman” imzalamışdı.

Lakin bir həftə sonra, yəni avqustun 10 “qismən hərbi səfərbərlik haqqında fərmanı” ləğv etdi.

Yox, yox elə bilməyin ki, “xətər sovuşdu” deyə Arayikə çağırışçı lazım olmadı. Dediyim kimi, yox. Sadəcə olaraq, Arayik bu ərazilərdə “orduya” çağırmağa erməni tapmadı.

İndi isə “səbirlə güclü şəkildə silahlanacaq” Arayikdən soruşmaq istərdim: kiminlə silahlanacaqsan..?

Ağasəf Babayev