“Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğuna mediatur təşkil olunub

13 Avqust 2022 19:19 (UTC+04:00)

Avqustun 13-də Dövlət Turizm Agentliyi tərəfindən turizm infrastrukturunun yaxşılaşdırılması məqsədilə yenidənqurma və bərpa işlərinin aparıldığı “Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğuna mediatur təşkil olunub.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, media nümayəndələri Qoruq ərazisində başladılan təmir-bərpa, konservasiya və yenidənqurma işləri barədə məlumatlandırılıblar.

Onlara Şeyx Məhəmməd məscidinin içərisində, 8 tarixi məhəllənin birləşdiyi Bazar meydanında, Qalabaşı ərazisində aparılan fundamental arxeoloji tədqiqatlar nəticəsində aşkara çıxarılan tarixi tapıntılar, eləcə də qoruğun mühüm tarixi abidələrindən biri hesab olunan Basqal hamamı barədə məlumat verilib. Diqqətə çatdırılıb ki, Şeyx Məhəmməd məscidinin dəqiq yaşı tam şəkildə təyin edilərək mədəni qatları haqqında ilk dəfə tədqiqat işləri aparılıb, çoxsaylı maddi-mədəniyyət nümunələri tapılaraq tədqiq edilib və qoruğun muzey fonduna təhvil verilib.

Qeyd olunub ki, Qoruğun mühüm tarixi abidələrindən biri hesab olunan Basqal hamamı maddi-mədəniyyət nümunələrimizin qorunması məqsədilə dövlət nəzarətinə götürülüb, Bazar meydanında Hamam Muzeyi olaraq əsaslı şəkildə bərpa edilib. Muzeydə Azərbaycanda hamam mədəniyyətinin özəllikləri, inkişafı haqqında, eləcə də hamamla bağlı xalq adət və ənənələri, onun külxana adlanan döşəməaltı istilik sistemi haqqında maraqlı məlumatlar təqdim olunur.

Media nümayəndələrinin diqqətinə çatdırılıb ki, etnoqrafik və elmi-tarixi araşdırmalar nəticəsində Basqalın tarixi dərindən araşdırılaraq qoruğun elmi-inventar fondu hazırlanıb, əski əlifba ilə yazılmış dini, elmi və sosial həyatla bağlı minlərlə qiymətli əlyazma mətni aşkar edilərək fonda təhvil verilib. Basqal və ətraf ərazilərin tarixi və mədəni irsi ilə birbaşa bağlı olan qeyri-maddi mədəni irs nümunələri toplanıb, qədim divarüstü yazılar, daş qəbirlər, müxtəlif kitabələr dərindən tədqiq edilib və dövlət mühafizəsinə götürülüb. Basqalda yaşayan əhalinin son iki yüz il ərzində məşğuliyyəti, sənətkarlıq nümunələrinin tarixi təkamülü üzə çıxarılıb, elmi-publisistika və mədəni turizm sahələrində istifadə ediləcək çoxsaylı tarixi materiallar əldə olunub. Basqalın mədəni irsinin əsas elementi olan kəlağayı naxışları toplanıb, inventarlaşdırılıb və nəşr edilib.

Mediatur çərçivəsində Basqal Turizm İnformasiya Mərkəzi barədə məlumat verilib. Bildirilib ki, mərkəzdə 12 işçi çalışacaq. Burada 4 avtobus və 47 avtomobil üçün dayanacaq yeri də yaradılıb. Həmçinin qeyd edilib ki, gələcəkdə Basqalda İpək Mərkəzinin də açılışı nəzərdə tutulur. Hazırda layihələndirmə işləri aparılır. Mərkəzdə Basqala gələn turistlər üçün masterklaslar təşkil olunacaq.

Qeyd edək ki, İsmayıllı rayonunun Basqal qəsəbəsi Bakıdan 160 kilometr məsafədə, dəniz səviyyəsindən 965 metr yüksəklikdə 240 hektarlıq ərazidə yerləşir. Bu ərazinin 50 hektarı 1989-cu ildə yaradılan “Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğuna aiddir. Statistik məlumatlara görə, hazırda qəsəbədə rəsmi olaraq 1480 nəfər qeydiyyatdadır. Onlardan təxminən 600 nəfəri qoruq ərazisində yaşayır.

Basqal qəsəbəsi nadir memarlığı, qədim ipəkçilik, dəmirçilik kimi xalq sənətkarlıq ənənələri və orta əsr şəhərsalma mədəniyyəti ilə Azərbaycanın mədəniyyət tarixində xüsusi əhəmiyyətə malikdir. Basqal tarixən Lahıc, Şəki, Qəbələ və Şamaxıdan gələn yolların kəsişməsində yerləşərək qovşaq funksiyasını, sosial-iqtisadi və ticarət mərkəzi rolunu oynayıb.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 12-də “Basqal” Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində aparılan və icrası nəzərdə tutulan tikinti-bərpa işləri ilə tanış olublar.