Xətai rayonunda “Təbiəti yaşıla boyayaq” adlı rəsm sərgisi keçirilib FOTO

10 Avqust 2022 17:30 (UTC+04:00)

Xətai Sənət Mərkəzində Xətai Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının dəstəyi, rayon Gənclər və İdman İdarəsi, Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə uşaq, yeniyetmə və gənclər arasında “Təbiəti yaşıla boyayaq” adlı rəsm sərgisi keçirilib.

Tədbirdə Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə, Xətai Rayon İcra Hakimiyyəti başçısı aparatının ictimai siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Mehriban İsrafilova, Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov, Xətai Rayon Gənclər və İdman İdarəsinin rəis müavini vəzifəsini müvəqqəti icra edən Elvin Orucov və gənclər sahəsi üzrə aparıcı məsləhətçisi Mamed Rzayev, sərgi iştirakçıları və valideynlər iştirak ediblər.

Əvvəlcə Xətai Rayon Gənclər və İdman İdarəsinin rəis müavini vəzifəsini müvəqqəti icra edən Elvin Orucov tədbir iştirakçılarına sərgi haqqında ətraflı məlumat verib. Bildirib ki, adından da göründüyü kimi, təbiətin qorunması, yaşıllıqların genişləndirilməsi əsas hədəflərdəndir. Hər birimiz təbiətin yaşıla boyanmasına öz töhfəmizi verək!

Daha sonra çıxış edən Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə tədbirin əhəmiyyətindən danışaraq bildirib ki, hazırda bütün ölkələr üçün ekoloji mühitin yaxşılaşdırılması və bu istiqamətdə adekvat addımların atılması prioritetdir. V.Rəhimzadə qeyd edib ki, elimi-texniki tərəqqi rahatlığımızı təmin etməklə yanaşı, təəssüflə qeyd etməliyik ki, həm də təbiətin tarazlığını pozur.

YAP Xətai rayon təşkilatının sədri xatırladıb ki, ulu öndər Heydər Əliyevin hakimiyyətinin hər iki dövründə ekoloji tarazlığın, yaşıllıqların qorunması dövlət siyasətinin əsasında olub. Ümummilli lider bildirirdi ki, yaşıllıq olmayan yerdə həyat yoxdur. Ulu Öndər 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra nəinki Bakı şəhərində, eləcə də respublikamızın bütün bölgələrində yaşıllığa diqqət yenidən artırıldı. Ölkəmizdə ekoloji problemlərin həlli daim diqqət mərkəzindədir. Son 19 ilə yaxın dövrdə ulu öndər Heydər Əliyevin siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyevin bu sahəyə diqqət və qayğısı imzaladığı Fərman və sərəncamlarda özünün aydın ifadəsini tapır. Belə ki, dövlət başçısının Sərəncamı ilə 2010-cu il ölkəmizdə “Ekologiya ili” elan edlmişdir. Prezident İlham Əliyev bu hədəfi də açıqlamışdır ki, ekoloji tarazlığın qorunması, yaşıllıq zolaqlarının genişləndirilməsi yalnız “Ekologiya ili” ilə məhdudlaşmamalıdır. Bu, hər birimizin gündəlik işi olmalıdır.

Vüqar Rəhimzadə hər bir məsələnin həllində maarifləndirmə işinin rolunu önə çəkərək bunun üçün bağçalarda, orta ümumtəhsil müəssisələrində təbliğat xarakterli tədbirlərin keçirilməsinin və onların geniş şəkildə işıqlandırılmasının vacibliyini bildirib.

Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov də çıxış edərək bildirib ki, bu cür sərgilərin keçirilməsi gənclərin ekologiya və ətraf mühitlə bağlı maarifləndirilməsi, istedadlı və yaradıcı gənclərin aşkar edilməsi və dəstəklənməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Daha sonra tədbir iştirakçıları rəsmlərlə tanış olublar.

Sonda hər bir sərgi iştirakçısı diplomla mükafatlandırılıb.