Şöbə müdiri İstanbulda keçirilən ilk iclasda iştirak edib - FOTOLAR

10 Avqust 2022 15:54 (UTC+04:00)

9-10 avqust 2022-ci il tarixlərində İstanbul şəhərində Asiya İnkişaf Bankının Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) proqramı çərçivəsində Gender məsələləri üzrə Regional Ekspert Qrupunun ilk İclası və Qadınların İqtisadi Səlahiyyətləndirilməsi Forumu keçirilib. AQUPDK-nın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Xarici əlaqələr və protokol xidməti şöbəsinin müdiri Fərid Ədilov iştirak edib.

F. Ədilov Regional Ekspert Qrupunun ilk iclası zamanı qadınların iqtisadi cəhətdən səlahiyyətləndirilməsi, qadın sahibkarlığının inkişafı, kənd yerlərində yaşayan qadınların səlahiyyətləndirilməsi istiqamətində fəaliyyətlər, pandemiya dövründə əhalinin sağlamlığının və iş yerlərinin itirilməməsi üçün təqdim edilmiş sosial və iqtisadi yardım paketi,eləcə də bu istiqamətdə ölkədə həyata keçirilən dövlət siyasəti barədə təqdimatla çıxış edib.

Təqdimatda ölkə Prezidenti tərəfindən təsdiq edilən “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”, “2019–2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası”nı xüsusilə qeyd edilmişdir.
Həmçinin, beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində birgə həyata keçirilən layihələr çərçivəsində regionlarda yaradılmış İcma Resurs və Qadın Resurs Mərkəzlərinin həssas təbəqədən və çətin həyat şəraiti olan qadınlara məşğulluq və özünəməşğulluq üzrə dəstək xidmətləri göstərilməsi barədə məlumatlar da tədbir iştirakçılarına çatdırılıb.
Sonda bildirilib ki, Azərbaycan münaqişədən sonra yeni mərhələyə qədəm qoyub və bu dövrdə bərpa və yenidənqurma fəaliyyətləri və məcburi köçkünlərin öz torpaqlarına qayıtması Azərbaycan üçün prioritet təşkil edir.

Tədbir zamanı digər ölkələrin müvafiq sahə üzrə təqdimatları dinlənilib, “CAREC Gender Strategiyası” sənədinin prioritetləri, iş planı müzakirə edilib, qeyd edilən sənədlərə dair Gender məsələləri üzrə Regional Ekspert Qrupunun üzvlərinin təklif və tövsiyələri dinlənilib.

Tədbirin ikinci günü Qadınların İqtisadi Səlahiyyətləndirilməsi Forumu keçirilib.

Forumda biznesdə uğur qazanmış qadınların liderlik və uğur hekayələri dinlənilib, "Qadınların iqtisadi və sosial səlahiyyətləndirilməsi sahəsində ən yaxşı təcrübələr" mövsuzunda panel müzakirə, həmçinin Türkiyədə fəaliyyət göstərən Qadın Sahibkarlar Assosiyasiyası (KAGİDER) ilə açıq müzakirə təşkil edilib.

Qeyd edək ki, CAREC üzv dövlətləri sırasına Azərbaycan, Əfqanıstan, Çin, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Monqolustan, Pakistan, Tacikistan, Türkmənistan və Özbəkistan daxildir.