Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş turnirlər keçirilib

10 Avqust 2022 10:48 (UTC+04:00)

Biləsuvar rayonunda Vətən müharibəsi şəhidləri İqbal Astanlının və Babək Mahmudlunun xatirəsinə həsr olunmuş güləş yarışı üzrə Respublika turnirləri keçirilib.

SİA-nın verdiyi məlumata görə, Muğan bürosunun məlumatına görə, turnirlər Biləsuvar Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı, Rayon İcra Hakimiyyətinin, Regional Mədəniyyət İdarəsinin və Azərbaycan Güləş Federasiyasının dəstəyi ilə Biləsuvar Olimpiya İdman Kompleksində baş tutub.

Belə ki, turnirlər Vətən müharibəsi şəhidi İqbal İlqar oğlu Astanlının xatirəsinə həsr olunmuş sərbəst güləş üzrə II Respublika turniri və Vətən müharibəsi şəhidi Babək Süleyman oğlu Mahmudlunun xatirəsinə həsr olunmuş yunan-roma güləşi üzrə I Respublika turniridir.

Turnirdə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, Milli Məclisin deputatı Bəhruz Məhərrəmov, Azərbaycan Güləş Federasiyasının nümayəndəsi, beynəlxalq dərəcəli hakim Tural Əliyev, Olimpiya çempionu Toğrul Əsgərov, Avropa çempionu Cəbrayıl Həsənov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidin valideynləri və rayon sakinləri iştirak edib.

Tədbir iştirakçıları əvvəlcə şəhidlərin xatirəsinə ucaldılmış lövhənin önünə gül-çiçək dəstələri qoyaraq, əziz xatirələrini bir dəqiqəlik sükutla yad edublər. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra tədbirdə çıxış edənlər bildiriblər ki, 2020-ci ilin 27 sentyabrında Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda başlanan Vətən müharibəsində Biləsuvar rayonundan yüzlərlə gənc könüllü olaraq əlinə silah alıb 30 ilə yaxın erməni işğalı altında qalan torpaqlarımızın azadlığı uğrunda döyüşə yollandı. 44 gün ərzində Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı ordumuz qəhrəmancasına döyüşərək canı-qanı bahasına Zəfər çaldı və torpaqlarımız işğaldan azad edildi.Bu qələbədə 69 nəfər biləsuvarlı qəhrəmanımız da şəhidlik zirvəsinə yüksəldi. Onların arasında hamımızın yaxşı tanıdığı sərbəst güləş üzrə Azərbaycan çempionu İqbal İlqar oğlu Astanlı və mərd, mübariz igidimiz Babək Mahmudlu da Vətən yolunda döyüşərək şəhidlik zirvəsinə ucalıb.

Bildirilib ki, bu gün keçirilən yarışlar İqbal Astanlının və Babək Mahmudlunun timsalında bütün şəhidlərimizə həsr olunur. Çıxışlardan sonra şəhidlərimizin həyatını və döyüş yolunu əks etdirən videoçarx nümayiş olunub.

Astara, Lənkəran, Masallı, Cəlilabad, Bakı-Olimp, Sumqayıt, Abşeron və Biləsuvar komandalarının ümumilikdə 200 nəfərdən çox idmançısı arasında gərgin və maraqlı görüş keçirilib. Yaş qrupları üzrə keçirilən görüşlərin sonunda qaliblər mükafatlandırılıb.

Mükafatlandırma mərasimində qalib idmançılara diplom, medal və qiymətli hədiyyələr təqdim edilib.