Azərbaycan İslam aləmində dünyəvilik və etiqad azadlığının flaqmanıdır

10 Avqust 2022 07:34 (UTC+04:00)

Sekulyarizm (dünyəvilik) latın kəlməsidir və dinin dövlətdən ayrılmasını nəzərdə tutmaqla yanaşı, dini etiqadlara hörməti də ehtiva edir. İctimai formasiyalar tarixi bu cərəyanın cəmiyyətin inkişafına təkan verən mühüm amil olduğunu sübut edib. Bu baxımdan Azərbaycan İslam aləmində qabaqcıl ölkə rolunu oynayıb və bu gün də sekulyarizmin flaqmanıdır.

Tarixin müxtəlif mərhələlərində yadelli işğalçılara qarşı azadlıq mübarizəsi aparan Azərbaycan xalqı, eyni zamanda öz adət-ənənələrini, dini etiqadını və doğma dilini qorumağa çalışıb. O da məlumdur ki, xarici qüvvələrin hər hansı bir xalqı öz təsiri altına almağın əsas alətlərindən biri də dini fundamentalizmdir. Məsələn, XX əsrdə müstəmləkə zülmündən qurtulan xalqların dünyəviliyə meyil etməsinin qarşısını alan nəzəriyyəçi və siyasətçilər də müsəlman Şərqində sekulyarizmi dinsizlik kimi təqdim edirdilər. Lakin təhsilin səviyyəsinin yüksək olduğu ölkələrdə din adı altında edilən manipulyasiyalar iflasa məhkumdur. Azərbaycanda dünyəviliyin təbliğində görkəmli ədiblər Mirzə Fətəli Axundov, Cəlil Məmmədquluzadə, böyük şair Mirzə Ələkbər Sabirin mühüm rolu olub. XX əsrin əvvəlində müsəlman Şərqində ilk demokratik cümhuriyyətin qurulmasının əsas prinsiplərindən biri də dünyəvilik idi. Azərbaycan Xalq Cümhuriyyətinin nəinki İslam aləmini, hətta qabaqcıl Avropa ölkələri və ABŞ-ı da qabaqlayaraq qadınlara səsvermə hüququ verməsi bunun bariz nümunəsidir.

Ateist kommunist rejiminin süqutundan sonra müstəqil Azərbaycan dövlətinin hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunda, həmçinin ölkəmizdə din siyasətinin və dövlət-din münasibətlərinin formalaşmasında ümummilli lider Heydər Əliyevin müstəsna xidmətləri olub. “Azərbaycan dünyəvi dövlətdir” deyən Ulu Öndər, eyni zamanda dini etiqadlara hörmət göstərilməsi, konfessiyalar arasında dözümlülük mühitinin qorunub saxlanması və daha yüksək səviyyədə bərqərar olunması istiqamətində böyük işlər görüb. Ümummilli lider Heydər Əliyev dini icmaların fəaliyyəti üçün hüquqi-mənəvi baza yaradıb, bu məsələləri tənzimləyən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsini təsis edib, mütərəqqi düşüncəli din xadimlərinin yetişməsinə şərait yaradıb. Onun yaratdığı bu qurum digər uyğun struktur və təşkilatlarla birlikdə dini radikalizm və xurafata qarşı həm inzibati, həm də maarifçilik istiqamətində tədbirlər həyata keçirir, radikal dini qrupların və qeyri-ənənəvi təriqətlərin zərərli təbliğatının qarşısının alınması, onlara qarşı effektiv mübarizə aparılması, dini maarifləndirmə işinin düzgün metodlarla təşkilini diqqətdə saxlayır.

Əhalisinin 96 faizi müsəlman və onların da əksəriyyətinin şiə təriqətinə mənsub olduğu Azərbaycanda Aşura gününün qanvermə aksiyaları kimi nəcib təşəbbüslə müşayiət edilməsi təqdirəlayiq haldır. Eyni zamanda, dini etiqad azadlığı da tam şəkildə dəmin olunub. Ulu Öndər Heydər Əliyev çıxışlarının birində deyirdi: “İslam dini başqa dinlərə qarşı heç vaxt düşmən olmayıb. Çünki bu dinlərin hamısı Allahdan gəlir. Azərbaycanda müsəlmanlarla yanaşı, başqa dinlərə etiqad edən adamlar da yaşayır. Onlar da Azərbaycanın bərabərhüquqlu vətəndaşlarıdır. Çalışmalıyıq ki, dini, milli mənsubiyyətindən asılı olmayaraq, Azərbaycanın bütün vətəndaşları eyni hüquqlu olsunlar və onların hamısının birliyini, vəhdətini təşkil edək. Bu da Allah-Təalanın buyurduğu bizim yolumuzdur”. Dahi siyasətçinin bu gün də Prezident İlham Əliyev tərəfindən davam etdirilən müdrik siyasi kursu sayəsində ölkəmiz müxtəlif dinlər və konfessiyaların nümayəndələrinin qarşılıqlı hörmət və anlayış şəraitindı yaşadığı nadir İslam ölkələrindən biridir. Bunun əksini hazırkı silahlı münaqişələr xəritəsinə nəzər saldıqda açıq-aydın görmək mümkündür. Suriyada iqtidarda olan şiə azlığı və sünnilər, İraqda həm şiələrin öz aralarında, həm də sünni ərəblərlə olan problemlər, Yəməndə şiə husilər və sünni hökumət qüvvələri arasında davam edən vətəndaş müharibəsi, kiçik Bəhreyndə belə təriqət zəminində münaqişə, Livanda şiə Hezbollah və xristian əhali arasında düşmənçilik, Misirdə hələ də yerli qibti xristianlara qarşı müxtəlif dini dairələr tərəfindən davam etdirilən sui-qəsdlər məhz dünyəvi dövlətin olmaması, yaxud zəifliyi səbəbindən baş verir.

Bu kontekstdə İslam aləmində dünyəvilik rəmzi olan Azərbaycanın təşkilatçılığı ilə dinlərarası və mədəniyyətlərarası dialoq forumları da xüsusi olaraq qeyd edilməlidir. Azərbaycanda qədim tarixə malik olan dini tolerantlıq və müxtəlif dinlərə mənsub olan insanlar arasında dialoqun qurulması ölkəmizin milli inkişaf strategiyasının tərkib hissələrindən biridir. Prezident İlham Əliyev bu barədə deyib: “Azərbaycan ictimai-siyasi quruluşundan asılı olmayaraq, bütün dövrlərdə bu istiqamətdə nümunəvi ölkə kimi özünü göstəribdir. Əsrlər boyu ölkəmizdə bütün dinlərin, bütün etnik qrupların nümayəndələri bir ailə kimi sülh, mehribanlıq, dostluq, qarşılıqlı anlaşma şəraitində yaşayıblar. Azərbaycan çoxkonfessiyalı, çoxmillətli bir ölkədir, dini və etnik müxtəlifliyimiz bizim böyük sərvətimizdir. Azərbaycanda uğurlu inkişafın, sabitliyin bərqərar olması istiqamətində atılmış bütün addımların arxasında dini və milli dözümlülük, tolerantlıq və multikultural dəyərlər dayanır”.

Prezident İlham Əliyevin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili”, 2017-ci il 10 yanvar tarixli Sərəncamı ilə 2017-ci ilin Azərbaycanda "İslam Həmrəyliyi İli” elan edilməsi İslam dininin qlobal miqyasda və mütərəqqi prizmadan təbliğinə xidmət edib. Bununla yanaşı, 2008-ci ildə “Bakı prosesi” adlandırılan və beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilən platforma ölkəmizin dünyəvi dövlət imicini daha da möhkəmləndirib. 2010-cu və 2019-cu illərdə Dünya dini liderlərinin iki sammitinin Bakıda keçirilməsi bir daha göstərdi ki, Azərbaycan dinlərarası dialoqa öncüllük edən ölkəyə çevrilib.

Qüdrətli iqtisadiyyatı olan və idman ölkəsinə çevrilən Azərbaycan 2017-ci ilin mayında 54 ölkənin iştirak etdiyi IV İslam Həmrəyliyi Oyunlarına da ev sahibliyi edib. Dövlətimizin başçısı bu gün Türkiyənin Konya şəhərində V İslam Həmrəyliyi Oyunlarının açılışında iştirak edib və estafeti qardaş ölkəyə təhvil verib.