COVID-19 pandemiyası insan qatilinə çevrilib TƏHLİL

9 Avqust 2022 16:10 (UTC+04:00)

Dünyada koronavirusdan ölənlərin sayı isə 6,41 milyonu ötüb

Pandemiyanın ilk günlərindən dünyada cərəyan edən proseslər, ölkələrin və ÜST-ün müəyyən etdiyi qaydalara və mübarizə metodlarına riayət edilməsi göstərdi ki, yoluxma riski və ölüm faktları bütün ölkələrdə eyni deyil. Əlbəttə ki, insanların, bütünlükdə dünyanın bu vəziyyətdən çıxmasının ən əsas şərtlərindən biri birlik və həmrəylikdir ki, Azərbaycan ilk gündən bunu nümayiş etdirdi. Azərbaycanda COVID-19 virusunun aşkar olunmasından bir neçə ay sonra, ölkəmizdə Vətən müharibəsinin başlanılmasına baxmayaraq, yeni növ koronavirus pandemiyası ilə mübarizə istiqamətində davamlı tədbirlər həyata keçirilməyə başlanıldı. Ölkəmizdə dövlət səviyyəsində həyata keçirilən tədbirlər virusu minuma endirmək məqsədi daşısa da, hələ də bu virusa tam qalib gələ bilməmişik. Ölkəmizdə pandemiya ilə mübarizə üçün zəruri infrastruktur yaradılması, bütün texniki-təşkilati məsələlər uğurla həllini tapmış olsa da "COVID-19" pandemiyası insanları narahat edən məsələ olaraq hələ də qalır.

ƏN ÇOX ÖLÜM HALI - 1 021 995 ABŞ-DA QEYDƏ ALINIB

Onu da xüsusi olaraq qeyd edək ki, bu gün artıq dünyada koronavirusa yoluxma hallarının təsdiqlənmiş sayı - Ümumdünya Səhiyyə Təşkilatının məlumatına istinadən, 580 milyonu, bu xəstəlikdən ölənlərin sayı isə 6,41 milyonu ötüb. Təşkilatın statistikası yalnız dövlətlər tərəfindən verilən yoluxmuş və ölənlər haqqında rəsmi təsdiqlənmiş məlumatlara əsaslanır. Yoluxma sayında 500 milyonluq hədd aprelin 14-də, 400 milyonluq hədd – fevralın 10-da, 300 milyonluq hədd - yanvarın 8-də, 200 milyonluq hədd isə keçən il avqustun 5-də qeydə alınıb. Onlardan 90 706 508 ABŞ-da qeydə alınıb. Daha sonra Hindistan (44 161 899), Braziliya (33 924 061), Fransa (33 061 414) və Almaniya (31 228 322) yer alıblar. Ən çox ölüm halı da - 1 021 995 ABŞ-da qeydə alınıb, ikinci yerdə - Braziliya (679 275), üçüncü yerdə - Hindistan (526 730) qərarlaşıb. Daha sonra Rusiya (382 786) və Meksika (328 006) yer alıblar.

AZƏRBAYCANDA VURULAN VAKSİN DOZALARININ ÜMUMİ SAYI 13 MİLYONU KEÇİB

Azərbaycanda isə indiyədək ölkədə ümumilikdə 802 min 60 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 789 min 147 nəfər müalicə olunaraq sağalıb, 9 min 761 nəfər vəfat edib. Təbii ki, COVID-19-la mübarizədə qalib gəlmək üçün virus əleyhinə peyvəndlənmənin vacibliyini nəzərə alan Azərbaycan vaksinasiyaya start verən Avropa İttifaqından bir ay sonra Azərbaycanda bu prosesə başlamış oldu. Ölkəmizdə koronavirus əleyhinə vaksinasiya prosesi 2021-ci il yanvarın 18-də start götürdü. Bu proses 2021-2022-ci illər üçün təsdiqlənmiş Vaksinasiya Strategiyası çərçivəsində davam etdirilir.
Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 829 min 30, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 368 min 516, ikinci mərhələ üzrə 4 milyon 858 min 863, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 345 min 733, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 255 min 918-dir.
Mütəxəssislərin qənaətinə görə, "Buster" dozanın əsas məqsədi orqanizmdə koronavirus əleyhinə yaranmış anticisim sintezini sürətləndirməkdir. Qüvvətləndirici doza qanda anticisimlərin yüksək səviyyədə qalmasına təminat verir. "Buster" doza xüsusilə xəstələnən zaman xəstəni kəskin ağırlaşmalardan qoruyur. Ona görə də risk qrupuna daxil olan vətəndaşların koronavirus əleyhinə "Buster" doza vurdurması mütəxəssislər tərəfindən tövsiyə edilir.
Koronavirusun bu gün hələ də insan qatilinə çevrildiyini nəzərə alaraq hər kəs daha da məsuliyyətli olmalıyıq. Heç şübhəsiz ki, vaksinasiya olunaraq və gigiyenik qaydalara əməl etməklə bu bəladan qorunmaq mümkündür. Ələbəttə ki, peyvənd vurdurduqdan sonra belə, özünümühafizə qaydalarına əməl etmək lazımdır. Dezinfeksiya məhlullarından istifadə etmək, sosial məsafəni qorumaq vacib şərtdir.
Dövlət başçısının "Biz birlikdə güclüyük!" çağırışı pandemiyaya qarşı mübarizədə hər kəsi həmrəy olmağa səsləyir və hər bir insanın tələb olunan qaydalara əməl etməsi onun vətəndaşlıq məsuliyyətidir. Azərbaycanda epidemiya daim nəzarət altındadır. Dövlətimiz tərəfindən mütəmadi olaraq reallaşan tədbirlər öz bəhrəsini verir.

Nəzakət ƏLƏDDİNQIZI