"Bütün bunların böyük siyasi mənası və əhəmiyyəti var" - DEPUTAT AÇIQLADI

9 Avqust 2022 15:32 (UTC+04:00)

“Avqustun 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında ölkəmizi təmsil edən idmançılarla görüşüblər. Bu görüşün ardınca cənab Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Türkiyə Prezidenti cənab Rəcəb Tayyip Ərdoğanın dəvəti ilə Konya şəhərinə səfəri başlayıb”. Bu sözləri SİA-ya açıqlamasında deputat Elman Nəsirov deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında ölkəmizi təmsil edən idmançılarla görüşünün çox böyük əhəmiyyəti var: “Onlar cənab İlham Əliyevdən xeyir-dua aldılar. Prezidentimiz idmançıların qazandığı böyük nailiyyətlərlə diqqəti cəlb etdi.

Xüsusilə vurğulandı ki, 2017-ci ilin may ayının 12-22-si tarixlərində ölkəmiz sayca IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edib. Həmin oyunlarda idmançılarımız çox böyük qələbə ilə adlarını tarixə yazıblar. Belə ki, oyunlarda 54 müsəlman ölkəsindən 3 mindən artıq idmançı iştirak edir və 21 idman növü üzrə yarışlar keçirilirdi. Azərbaycan idmançıları da bu yarışlarda 54 ölkə arasında birinci yerə layiq görüldülər. 75 qızıl medal, 50 gümüş və 37 bürünc medal əldə edildi”.

Deputat sözlərinə belə davam edib: “Cənab Prezident əldə edilmiş uğurları çox böyük qiymətləndirdi. 75 qızıl medal Azərbaycan Himninin 75 dəfə səslənməsi deməkdir. Bütövlükdə isə idmançılar bu oyunlarda 162 medal qazanıblar. Bunlar tarixi nailiyyətlərdir.

İdmançılarımız güclü və xalqımıza layiq idmançı kimi tarixi uğurlara imza atdıqlarını göstərdilər. Bunlar idman aləmində böyük uğurlardır. Bütün bunların böyük siyasi mənası və əhəmiyyəti var. Azərbaycan paytaxtında keçirilən IV İslam Həmrəyliyi Oyunları müsəlman aləmində birlik və həmrəyliyi təmsil edirdi. Cənab Prezident qeyd etdi ki, IV İslam Həmrəyliyi Oyunlarındakı qələbəni bizim idmançılar Konya şəhərində də qazanaraq xalqımızı sevindirəcək”.

Ayşən Vəli