Rus hərbi ekspert: “Ermənistan özünü dəhşətli vəziyyətə salıb” – MÜSAHİBƏ

9 Avqust 2022 13:59 (UTC+04:00)

Aleksandr Xramçixin: “Axı bunu özləri istəyirdilər. Nə istəyirdilər, onu da aldılar, indi bütün bunların nəticələrini özləri açır”

Tanınmış rusiyalı hərbi ekspert Aleksandr Xramçixin regionda yaranmış vəziyyətlə bağlı “Caliber” analitik mərkəzinə müsahibə verib. Müsahibəni oxucularımıza təqdim edirik.

- Aleksandr Anatolyeviç, müşahidələrinizə görə, Ermənistandakı revanşist əhval-ruhiyyə və erməni tərəfinin təxribatları fonunda Qarabağda yeni müharibə ehtimalı artıbmı?

- Belə bir ehtimal var. Baxmayaraq ki, Ermənistanın Qarabağdan tamamilə çıxmağa hazırlaşdığına dair ekspert rəyləri var. Bu ssenaridə məsələnin nəhayət, müharibəsiz həll oluna bilməsi tamamilə mümkündür. Hesab edirəm ki, indiki mərhələdə Qarabağda yeni müharibə ehtimalı hələ o qədər də yüksək deyil, hətta orada rus sülhməramlılarının olmasını nəzərə alsaq belə, bunun sıfıra bərabər olduğunu demək olmaz.

Ermənistandakı revanşist əhval-ruhiyyəyə gəlincə, onların müharibəyə başlamaq üçün kifayət qədər potensialı olduğunu düşünmürəm.

- Bəs bütövlükdə Ermənistanda belə bir potensialı necə görürsünüz?

- Müstəqillik qazanandan sonra Ermənistan özünü dəhşətli vəziyyətə salıb. Axı bunu özləri istəyirdilər. Nə istəyirdilər, onu da aldılar, indi bütün bunların nəticələrini özləri açır.

- Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasının mümkünlüyünü etiraf edirsinizmi?

- Məncə, belə bir ehtimal var.

- Moskva Rusiyanın sülhməramlıları amilini nəzərə alaraq Azərbaycanın Qarabağ bölgəsindəki vəziyyəti necə qiymətləndirir?

- Rusiya üçün Qarabağda sülhməramlılarının olması nöqteyi-nəzərindən status-kvo məqbuldur, xüsusən nəzərə alsaq ki, 3 ildən sonra onların regionda mövcudluğu başa çatır. Məncə, Azərbaycan üçün bu dövrü gözləmək daha asandır. Baxmayaraq ki, bunun Bakının planlarının bir hissəsi olub-olmadığını təxmin etmək mənim üçün çətindir. Buna baxmayaraq, Rusiya sülhməramlılarının bölgədə qalma müddətinin uzadılması tərəflərin istəklərindən asılıdır və onlardan hər hansı biri buna qarşı olarsa, sülhməramlılar regionu vaxtından əvvəl tərk edəcəklər.

- Ermənistanda növbəti anti-Rusiya demarşları Rusiya hərbi bazasını Gümrüdən çıxarmağa məcbur edə bilərmi?

- Erməni tərəfinin istəklərini nəzərə alsaq belə, indi belə bir ssenari mənə son dərəcə çətin görünür.

- Hazırda Türkiyə-Rusiya münasibətlərini necə qiymətləndirirsiniz, onların gələcəyi varmı?

- Bu, çox mürəkkəb və çoxşaxəli münasibətdir. Amma indiki vəziyyətə görə, Moskva və Ankaranın bir-birinə həqiqətən ehtiyacı var. Buna görə də, hətta müharibəyə getmələri üçün bəzi səbəblərin olmasına baxmayaraq, bu münasibətlərin hansısa şəkildə əhəmiyyətli dərəcədə pisləşə biləcəyini təsəvvür edə bilmirəm. Amma gördüyümüz kimi, onlar pisləşmir, əksinə, maraqların ziddiyyətinə baxmayaraq, Türkiyə ilə Rusiya arasında dostluq davam edir.

- Bu yaxınlarda Soçi görüşündə Putin və Ərdoğan Qarabağda nə barədə razılığa gələ bilərdilər?

- Düşünmürəm ki, bu görüşdə Qarabağ məsələsi Türkiyə və Rusiya liderlərinin əsas diqqət mərkəzində olub. Çox güman ki, Ukrayna, Suriya və qaz məsələləri daha çox müzakirə olunub.

- Sizcə, Putin və Ərdoğan Soçidə Suriya məsələsində razılığa gələ bildilərmi?

- “Suriya ilə bağlı razılaşma” mücərrəd səslənir. Onların razılaşa bildikləri yeganə məsələ bu ölkədə status-kvonun saxlanması idi.

- Sizin fikrinizcə, Türkiyə Suriyadakı hərbi əməliyyatdan imtina edə bilərmi?

- Hər halda Türkiyə hərbi əməliyyata başlamadı, açıq-aydın görünür ki, Putinlə Ərdoğan bu məsələdə konsensusa gələ biliblər.

- Bu yaxınlarda Tehranda keçirilən sammit Tehran - Moskva - Ankara siyasi oxunu birləşdirdi. Üç aparıcı region dövlətinin mövqelərindəki ziddiyyətləri bir daha nəzərə alsaq, bu formatın potensialı nə qədərdir?

- Bu daha mürəkkəb dizayndır. Amma ola bilsin ki, İran və Türkiyə arasında çoxlu münaqişələr olsa da, hər şey məhz bu mürəkkəblik üzərində dayanır. Nəzərə alsaq ki, Rusiya ilə İran arasında münasibətlər birmənalı olmaqdan uzaqdır, bu əlaqələrin dolaşıqlığı o qədər mürəkkəbdir ki, qısa cavab vermək mümkün deyil.

Müsahibə - Mətanət Nəsibova

Tərcümə - Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “İctimai və dövlət maraqlarının müdafiəsi” istiqaməti çərçivəsində hazırlanıb