Rusiya ABŞ ilə razılaşmanı dayandırdı

9 Avqust 2022 11:04 (UTC+04:00)

Rusiya ABŞ ilə imzalanan Yeni Strateji Silahların Azaldılması Müqaviləsi (Yeni START) çərçivəsində strateji nüvə silahı obyektlərinin təftişlərini müvəqqəti olaraq dayandırdığını açıqlayıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Rusiya Xarici İşlər Nazirliyi qərarın səbəbi kimi “ABŞ-ın razılaşmadan yararlanmağa çalışmasını” göstərib.

Nazirlik onu da vurğulayıb ki, ABŞ Rusiyanın keçirməli olduğu yoxlamalara icazə vermir. Bu məqamda Ukrayna müharibəsindən sonra ABŞ-ın Rusiyaya qarşı tətbiq etdiyi iqtisadi sanksiyaların iki ölkə arasındakı şərtləri dəyişdiyi diqqətə çatdırılıb.

ABŞ-ın Sovet İttifaqı ilə 1991-ci ildə və Rusiya Federasiyası ilə 1993-cü ildə imzaladığı Strateji Silahların Azaldılması Sazişlərinin (START 1 və START 2) davamı olan “Yeni START” sazişi Vaşinqton və Moskva arasında qüvvədə olan son nüvə sazişidir.