Pənahəli xanın nəslinin nümayəndəsi Ağdamda olub

8 Avqust 2022 18:45 (UTC+04:00)

Qarabağ xanlığının banisi Pənahəli xanın nəslinin nümayəndəsi Məhəmmədəli Əkbərov Ağdamda olub.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsinin və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə Şuşada keçirilən Diaspor Gənclərinin III Yay Düşərgəsində iştirak edən Məhəmmədəli Əkbərov Ağdamda əvvəlcə İmarət kompleksinə gəlib. O, burada xan sarayını, Qarabağ xanlarının türbələrini ziyarət edib.

Məhəmmədəli Əkbərov jurnalistlərə müsahibəsində İspaniyada Qranada şəhərində anadan olduğunu bildirib. Sonradan valideynlərinin Madridə köçdüyünü qeyd edən M.Əkbərov hazırda bu şəhərdə kriminalistika fakültəsinin 3-cü kursunda təhsil aldığını deyib. Bildirib ki, İspaniyada doğulub, orada yaşasa da, hər zaman evlərində doğma dilimizdə danışıblar: “Mən uşaq olandan valideynlərim hər zaman mənə Qarabağ, Şuşa haqqında çox danışıblar. Odur ki, mən Qarabağı görməsəm belə, doğma torpaqlarımı sevmişəm. Ona görə bura gəldiyim üçün özümü xoşbəxt hiss edirəm”.

Pənahəli xanın nəslinin davamçısı Şuşada Diaspor Gənclərinin III Yay Düşərgəsinin təşkilinə görə Heydər Əliyev Fonduna və Diasporla İş üzrə Dövlət Komitəsinə təşəkkürünü ifadə edib. “Şuşada olmaq mənim üçün böyük şərəf oldu, sevinc və qürur hissləri yaşadım. Eyni zamanda, kədərlənib kövrək hisslər yaşadım. Dağıdılan abidələr, xarabalığa çevrilmiş evləri gördüm. Orada indi insanların xatirələri yaşayır. Yol boyu hərəkət etdikcə bu yerləri azad edən şəhidlərimizin fotolarını gördüm, çox duyğulandım. Allah bütün şəhidlərimizə rəhmət eləsin. İnşallah, bərpa işləri başa çatdıqdan sonra hər kəsin öz yurdunda yaşamasını düşündükcə adamda sevinc və fərəh dolu hisslər yaranır. Ağdama gəlməyim isə tamamilə fərqli bir hiss yaşatdı. Buraya gəlib Pənahəli xanın, onun oğlanlarının türbəsini görmək çox böyük qürurverici hissdir. Mənim valideynlərim də gəlmək istəyirlər. İnşallah ki, qısa müddətdə onlar da gələr. Çox istəyərdim, Qarabağda evimiz olsun, burada ailəmlə yaşayam”.

Məhəmmədəli Əkbərov sonra 1751-1752-ci illərdə Pənahəli xan tərəfindən inşa edilən Şahbulaq qalasında və Ağdam cümə məscidində olub.