Zəfərimizin tarixi təntənəsidir "Şuşa ili" - ŞƏRH

8 Avqust 2022 14:59 (UTC+04:00)

Hər bir yaşayış məskəninin tarixi mənsubluğu orada yaşayan xalqların mədəniyyət abidələri ilə ölçülür. Şuşa Azərbaycan şəhəridir. Bu qədim şəhərdə ermənilərə xas olan, o xalqın orada yaşamasını ifadə edən heç bir nişanə yoxdur. Məhz azərbaycanlıların əzəli şəhəri olduğuna görə işğaldan əvvəl də Şuşanın harasına baxsan, orada azərbaycanlıların tarixinin, milli mədəniyyətin, musiqisinin həkk olunduğunun şahidi olursan. Bəli, Şuşanın Azərbaycan xalqının qan yaddaşında, milli, mənəvi və mədəni düşüncəsində daşlaşmış yeri və bir çox hallarda müqəddəsliyi hər kəsə məlumdur. Buna görə də Şuşanın təsis olunmasının 270 illiyi münasibətilə Prezident İlham Əliyevin 2022-ci ili "Şuşa ili" elan etməsi xalqımızın böyük sevincinə səbəb oldu.

«İşğala baxmayaraq, Şuşa Azərbaycan ruhunu saxlaya bildi. Şuşaya gələn hər bir insan bunu görür. Hətta dağılmış vəziyyətdə, hətta işğal dövründə vandalizmə məruz qalmış şəkildə Şuşa öz ruhunu, öz qamətini saxlaya bildi, əyilmədi, sınmadı, bizi gözləyirdi, biz gəlməli idik və biz gəldik. Müzəffər xalq kimi gəldik»,-deyən Prezident İlham Əliyev 2022-ci ili «Şuşa İli» adlandırmaqla bir daha dünyaya bütün dünyaya mesajını verərək bildirir ki, Azərbaycan xalqı Şuşanı xilas etməklə qeyrət təntənəsi nümayiş etdirdi və 28 il əsarətdən qurtardığımız 270 yaşlı Şuşanı daha da inkişaf etdirib gülüstana çevirəcəyik.

Şuşanın qara günü olan 8 mayı təqvimlərdən silən, qeyrət qalamızın yeni “doğum günü”nü noyabrın 8-də bayram edən xalqıq. Ötən il mayın 7-də Prezident İlham Əliyev “Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi haqqında” sərəncam imzaladı. Mayın 12-13-də bu gözəl şəhər “Xarıbülbül” musiqi festivalına evsahibliyi etdi. İyunun 15-də Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında” Şuşa Bəyannaməsini imzaladılar. Avqust ayında orada ənənəvi Vaqif Poeziya Günləri keçirildi, sentyabrda Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı bərpa olundu. İşğaldan azad edilən torpaqlara il ərzində 32 dəfə səfər edən İlham Əliyev düz 7 dəfə yolunu Şuşadan saldı və Qala-şəhərimizdə böyük quruculuq işlərinə xeyir-dua verdi. Və hər səfərə “Zəfər” yolu ilə gəldi. Dövlət başçımızın «Şuşa İli» ilə imzaladığı Sərəncamda deyildiyi kimi: «Haqq işi naminə apardığımız 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusu Şuşa şəhərini 2020-ci il noyabrın 8-də işğaldan azad etdi. Ermənistanın kapitulyasiyasına yol açan Şuşa qalibiyyəti xalqımızın qəhrəmanlıq ruhunun təntənəsinə çevrilərək, tariximizə Zəfər Günü kimi həkk olundu".Bütün bunlar onu sübut edir ki, "Şuşasız Qarabağ, Qarabağsız isə, ümumiyyətlə, Azərbaycan yoxdur” deyən Ümummilli Lider Heydər Əliyevin vəsiyyətinə uyğun Prezident İlham Əliyev hakimiyyətdə olduğu 19 il ərzində, hər gün və hər saat Şuşa başda olmaqla işğalda olan bütün əraziləri azad etmək uğrunda mübarizə aparmağa nail oldu və bu müddət ərzində bir dənə də yerinə yetirilməyən vəd yoxdur.Bir sözlə, belə bir qısa vaxtda gerçəkləşdirilən və dünyada analoqu olmayan layihə Azərbaycan dövlətinin gücünü, onun malik olduğu potensialı və ən əsası Prezident İlham Əliyevin qətiyyətini bütün dünyaya göstərdi və bu gün Şuşa yenidən qurulur, özü də daha möhtəşəm, daha əzəmətli.

FUAD HEYDƏR,

YAP Səbail rayon təşkilatını təlimatçısı