Bizim Rəhim müəllim

8 Avqust 2022 14:26 (UTC+04:00)

Eyni bürcdənik onunla, bir illik fərqlə. İnanır rəqəmlərin maqiyasina. İzləyir gündəlik astroloji proqnozları. Onlara uyğun da qurur gündəlik işini. Ehtiyatlı davranır ətrafı ilə münasibətlərdə. İnandıqlarımdandır. Bəlkə də onların arasında birinci olan. Üst-üstə düşür fikirlərimiz, düşüncələrimiz çox-çox məsələlərdə. Məsləhətləşməyi xoşlayır. Hər hansı bir iş barədə dəqiq,dürüst qərarı olsa da başqasının da rəyini dinləyir elə bil özünün bildiyini bir daha da təsdiqdən ötrü. Kimlərləsə münasibətdəki anlaşmazlıqda özünü qınayır. "Gərək mən belə etməyəydim, gərək bu sözü söyləməyəydim" deyir.

Yanlışlarını asanlıqla etiraf edir. Fərqlənir çoxlarından. Görünür, sayılır, seçilir. Həm də adiliyi, sadəliyi, səmimiliyi ilə. Sevənlər çoxdur onu. Qulluğunda durmaq istəyənlər də. Axı o özü də belədir. Sevir insanları, işinə yarayır hamının. Lap balaca uşaq kimi. Çətin anlarında yanında olur bütün tanıdıqlarının. Əsirgəmir əlindən gələni. Dost, yaxın yolunda canından belə keçməyə hazırdır bu adam. Şübhəsiz bədxahları da olur belələrinin. Ona qarşı olanların sözünə, işinə acı gülümsəməsiylə cavab verir. Sanki, "axı sən niyə beləsən?" deyir. Sonsuzdur məsuliyyəti, kimsədən qınaq görməməkdən ötrü. Tələbkardır özünə qarşı. Yoxdur zərrə qədər güzəşti haqqı nahaqdan seçməkdə nə özünə nə də yaxınlarına, doğmalarına. Düz çəkir ədalət tərəzisi. Əsl Allah adamıdır Rəhim müəllim.

Hə, Rəhim müəllim dedim. Uzun illərdir rayonumuzdakı "İncəsənət" məktəbinə rəhbərlik edir. Böyük bir kollektivə. Üzvlərinin doxsan faizdən artığı elə bu sənət məbədində məzunları olan kollektivə. Camaatımız arasında belə bu fikir var. "Rəhim müəllim bu işdən getdikdən sonra bu kollektiv qazandığı yüksək şan-şöhrətini qoruyub saxlaya biləcək görəsən?". Bu gələcəyin işidir. İndiliksə onun öz işinə yaradıcı münasibətində necə deyərlər "saat kimi işləyir" bu kollektiv.

Rayonumuzda müxtəlif məzmunlu tədbirlərin ardı arası kəsilmir. Birisi bitməmiş digərinin anonsu gəlir. Həmin tədbirlərin musiqi, səs tərtibatısa həmişə onun, Rəhim müəllimin işidir. Harda o varsa demək oradakı işin keyfiyyətindən bəri başdan heç kim bir narahatlıq keçirmir.

Mədəniyyət Nazirliyinin, Rayon İcra Hakimiyyətinin, Mədəniyyət Nazirliyi Regional bölməsinin dəfələrlə fəxri fərmanları ilə təltif olunub, Respublikanın "Fəxri mədəniyyət işçisidir". Böyük hörmət qazana bilib özünə. İş yoldaşları, bütün ətrafi, hamı,onu tanıyanlar yekdil fikirdədir onun barəsində "Yaxşı adamdır Rəhim müəllim" Soyu,kökü ilə də fəxr edir o. Atası da onun kimi olub.

Oğlu Zakir ölkəmizdə və eləcə də onun hüdudlarından kənarda da tanınan "qarmon ustası" seçilən incəsənət nümayəndəsidir. Qızı da öz savadı, qabiliyyəti və işgüzarlığı fərqlənən müəllimə. Bir oğlu da vardı onun. Atasının adını qoymuşdu ona, Rəhmət.

Rəhmət Rəhim oğlu Bağırov. Yüksək,ən yüksək nəticə göstərmişdi. Siyəzən şəhər M.Müşfiq adına 2 nömrəli məktəbin məzunu olduğu il ali məktəblərə qəbul imtahanlarında. Səs salmışdı bütün bölgəyə. Azərbaycan Dövlət Tibb Universitetinə qəbul olunmuşdu. O vaxtlar Rəhim müəllim zarafatla məndən "Bilirsən müəllim, lap çaşıb qalmışam. Bir vaxtlara mənə Rəhmətin oğlu deyirdilər, indisə Rəhmətin atası adlandırırlar. Bəs mənim öz adım harda qaldı?"- soruşmuşdu. Cavabında "Elə əsl xoşbəxtlik budur" demişdim. Yadımdadır ona elə bu mövzuda bir şeir də həsr etmişdım. Sonralar oğul Rəhmət öz təhsilini Moskvada məşhur akademik Davidovun klinikasında davam etdirdi. Elə orda da "Tibb elmləri üzrə fəlsəfə doktoru" alimlik dərəcəsini aldı. Elmi rəhbəri Davidovun tövsiyyəsi ilə Respublika Onkologiya mərkəzində işə düzəldi. Qısa müddətdə həmin mərkəzin şöbə müdiri vəzifəsinə yüksəldi və saysız-hesabsız ümidsiz xəstələrə şəfa verən, elmin, obasının fəxri olan bu həkim, gözəl övladi Rəhim müəllimin anasının, qardaş-bacısının,doğmaların sinə dağına çevrildi. Rəhim müəllimi, bu ailəni tanıyanlar hamı hüzn içindəydi. Adi deyildi bu hüzn, bu kədər. İstisnasız hamı Rəhim müəllimin yanındaydı. Ölkənin əksər bölgələrindən Rəhmət həkimin əllərindən şəfa tapanları da, onların yaxınları da buradaydı. Bu böyük ürəkli insanın böyük kədərinə şərik olmaq üçün. Təsəlli üçünsə söz tapa bilmirdi heç kəs. Sadəcə Rəhim müəllimi qucaqlayıb üzünə baxırdılar. Ona sevgilərini, sonsuz sevgilərini göstərmək üçün.

Nəcməddin Müvətov

12.07.2022