İki komanda Avropa çempionatından kənarda qalıb

6 Avqust 2022 15:28 (UTC+04:00)

İtaliya və Niderland milliləri Bakıda keçiriləcək arena polo üzrə Avropa çempionatı üçün iştirak ərizələrini vaxtında təqdim edə bilməyiblər. Bu barədə SİA-ya Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) baş katibi Bəhruz Nəbiyev məlumat verib.

O bildirib ki, 12 - 18 sentyabrda Binə Atçılıq Mərkəzində təşkil olunacaq yarış üçün komanda sayı azaldılıb: "Əvvəlcədən 6 komandanın iştirakı nəzərdə tutulmuşdu. Lakin İtaliya və Niderland milliləri vaxtında iştirak ərizələrini təqdim etmədiklərindən, yarışdan kənarda qaldılar. Ona görə də Azərbaycanla yanaşı, Avstriya, İsveçrə və İspaniya milliləri Bakıdakı Avropa çempionatında dairəvi sistemlə mübarizə aparacaq. Daha sonra ən çox xal toplayan iki komanda final, digər iki yığma bürünc medal görüşünə çıxacaq".

Nəbiyevin sözlərinə görə, builki Bakıda Avropa çempionatı əslində daha əvvəl təşkil olunmalı idi: "2020-cu ildə keçirilməli olan yarış pandemiya üzündən təxirə salındı. Ötən il də eyni səbəbdən çempionata ev sahibliyi edə bilmədik. Bu il isə heç bir problem olmazsa, arena polo üzrə Avropa çempionatı Bakıda keçiriləcək. Ümumdünya Polo Federasiyasının Baş Assambleyasında qərara gəlinib ki, Bakıda meydan ölçüləri daha kiçik olan arena polo üzrə Avropa çempionatı Bakıda keçirilsin".

Qeyd edək ki, ilk dəfə 2015-ci ildə arena polo üzrə Avropa çempionatı Bakıda keçirilib. Həmin vaxt Azərbaycanla yanaşı, Almaniya, İspaniya, İtaliya, İsveçrə və İrlandiya yığmaları Avropa çempionatının iştirakçıları olub.