Ağ Evin yaxınlığında 3 nəfər ildırım vurması nəticəsində ölüb

6 Avqust 2022 04:21 (UTC+04:00)

Cümə axşamı, avqustun 4-də, Vaşinqtonun mərkəzində, Ağ Evin qarşısında baş verən ildırım vurması nəticəsində ölənlərin sayı üç nəfərə çatıb, daha bir nəfər isə ağır vəziyyətdə xəstəxanada müalicə alır.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə “Reuters” xəbər verir.

Agentliyin məlumatına görə, 29 yaşlı kişi aldığı xəsarətlərdən dünyasını dəyişib. Daha iki nəfər - yaşlı cütlük isə bir gün əvvəl dünyasını dəyişiblər. 76 yaşlı Ceyms Müller və ərindən bir yaş kiçik Donna Müller evlilik ildönümünü qeyd etmək üçün Viskonsin ştatından Vaşinqtona gəliblərmiş.

Bundan əvvəl Ağ Evin yaxınlığında ildırım vurması nəticəsində 4 nəfərin xəstəxanaya yerləşdirildiyi bildirilirdi. Qeyd edək ki, ABŞ prezidentinin iqamətgahını əhatə edən hasarın bir neçə metrliyində yerləşən ağacın yaxınlığında 4 nəfəri ildırım vurub. İki kişi və iki qadın yaralanıb və onlar ağır vəziyyətdə xəstəxanaya çatdırılıblar.

Ağasəf Babayev