Ukrayna üçün yeni plan

6 Avqust 2022 02:51 (UTC+04:00)

Avropa Komissiyası Ukraynaya daha əvvəl elan edilmiş 8 milyard avro məbləğində maliyyə yardımı üçün kreditlər və geri qaytarılmayan qrantlardan ibarət yeni plan hazırlayıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə xəbəri “Politico” yayıb.

Nəşrin məlumatına görə, Kiyev 5 milyard avronu Avropa İttifaqı ölkələrinin zəmanəti ilə uzunmüddətli kreditlər şəklində, qalan məbləğ isə qrant şəklində veriləcək.

Yeni layihə təklifi Almaniyanın Ukraynaya 9 milyard avro məbləğində kreditləri dəstəkləmək üçün zəmanət verməkdən imtina etməsindən və qrantların “artıq borcu olan” Kiyev üçün daha uyğun olduğunu əsas gətirdikdən sonra verilib. Berlin onu da xatırladıb ki, o, əvvəllər Ukraynaya 1 milyard avro məbləğində qrant verib.

Bu mövqe İtaliya və Fransa hakimiyyətini Avropa Komissiyasını layihənin işlənməsinə qayıtmağa məcbur edib. Qeyd edək ki, bu fikirlər də “Politico” yer alan materialda deyilir.

Adı açıqlanmayan bir məmura istinadən “Politico” iddia edir ki, Avropa Komissiyası hələ konkret bir tarix açıqlamasa da, ödənişlər oktyabrda başlaya bilər. Bunun üçün ilk növbədə Avropa Parlamentinin və Avropa İttifaqına üzv dövlətlərin razılığını almalıdır.

Onu da qeyd edək ki, bundan əvvəl Avropa İttifaqı Kiyevə 8 milyard avro məbləğində yeni hərbi yardım paketi hazırlamağı planlaşdırır.

Bunu isə “Reuters” xəbər verir.

Ağasəf Babayev