Rusiya taxıl ixracını ixtisar edə biləcəyini açıqlayıb

5 Avqust 2022 22:24 (UTC+04:00)

Rusiyanın kənd təsərrüfatı naziri Dmitriy Patruşev bu il üçün planlaşdırılan 130 milyon ton taxıl yığımına çata bilməyəcəklərini bildirərək, bu səbəbdən taxıl ixracını ixtisar edə biləcəklərini deyib.

Rusiya Kənd Təsərrüfatı Nazirliyinin yazılı açıqlamasında fikirlərini bildirən Patruşev kənd təsərrüfatı sektorunda istifadə edilən bəzi nəqliyyat vasitələrinin idxalında problemlər yaşandığını bildirib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu problemlərin taxıl yığımına təsir etdiyini vurğulayan Patruşev deyib:

“Bütün bunlar 130 milyon ton taxıl yığımı hədəfini pozmaq riski daşıyır”.

Patruşev bəyan edib ki, taxıl yığımı nəzərdə tutulan həcmdən aşağı qalsa, daxili bazarda tədarük problemi olmayacaq:

“Lakin biz 50 milyon ton taxıl ixracı planımıza yenidən baxmalıyıq. Bu, qlobal taxıl bazarına mənfi təsir göstərə bilər”.

Qeyd edək ki, Rusiya təxminən 20 faiz payla dünyanın ən böyük taxıl ixracatçısıdır.