Rusiya və Türkiyə prezidentlərinin görüşü artıq üç saatdır davam edir

5 Avqust 2022 20:21 (UTC+04:00)

Soçidə Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında görüş 3 saatdır davam edir.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, məhdud tərkibdə görüş “Rus” sanatoriyasında keçirilir.

Görüşdən əvvəl tərəflər mətbuat qarşısında bir-birini salamlayıblar. Prezident V.Putin türkiyəli həmkarına Ukrayna taxılının limanlardan daşınması və Rusiya ərzağının ixracına dair İstanbul sazişinin imzalanmasında səylərinə görə təşəkkür edib. Onun sözlərinə görə, Avropa Rusiya qazının fasiləsiz tranziti üçün Türkiyə liderinə minnətdar olmalıdır.

Rusiya Prezidenti ümidvar olduğunu bildirib ki, danışıqların nəticələrinə görə ticarət-iqtisadi əlaqələrin inkişafına dair memorandum imzalamaq mümkün olacaq.

Prezident Rəcəb Tayyib Ərdoğan bu danışıqların Rusiya ilə münasibətlərdə yeni səhifə açacağına ümidvar olduğunu bildirib.

Görüşdən sonra prezidentlərin mətbuata açıqlama verəcəkləri gözlənilmir. Rusiya Prezidentinin mətbuat katibi D.Peskov Baş nazirin müavini Aleksandr Novakın jurnalistlərlə ünsiyyətdə olacağını və görüşün yekunları barədə məlumat verəcəyini bildirmişdi.

Xatırladaq ki, sonuncu dəfə prezidentlər Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan iyulun 19-da Tehranda “Astana formatında” üçtərəfli sammitdə görüşmüşdülər.