Səfirliyimizə qarşı hücuma hüquqi qiymət verilməlidir – DEPUTATDAN AÇIQLAMA

5 Avqust 2022 17:45 (UTC+04:00)

Azərbaycanlın Londondakı səfirliyinə radikalların vandal hücumu terror aktıdır və bu hadisə bütün dünya ictimaiyyəti tərəfindən şiddətlə qınanılmalı, ölkəmizdəki diplomatik korpuslar rəsmi şəkildə buna münasibət bildirməlidirlər. Çünki bu hücum Vyana Konvensiyasının müddəalarının kobud şəkildə pozulmasıdır. Səfirliklər susmamalı, səslərini bütün dünyada eşidiləcək həddə qaldırmalıdırlar. Xüsusən də İngiltərə rəsmi dairələri ölkələrində baş verən bu hadisənin təfərrüatına varmalı, günahkarların cəzalandırılması və bundan sonar oxşar hadisələrin baş verməməsi üçün konkret addımlar atmalıdır”. Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

Milli Məclisin deputatı bildirib ki, Londonda Azərbaycan səfirliyinə radikalların hücumu zamanı polisin reaksiyası da çoxlu suallar doğurur: “Kadrlardan da göründüyü kimi polis hadisəyə çox loyal, gec və qeyri-kafi yanaşır. Sanki adi hadisələrdən biridir. Qorumalı olduğu səfirlik binasına vandal hərəkətlər edilir, polis isə digər aksiya iştirakçıları ilə sakitcə söhbət edir, Azərbaycan bayrağının binanın üzərindən çıxarılmasını seyr etməklə kifayətlənir. Polis insanların asayişini, təklükəsizliyini qoruduğu kimi, bütün səfirliklərin və orada çalışan diplomatların can güvənliyini qorumaq məsuliyyəti daşıyır. Əslində bu, Azərbaycana qarşı hücum idi. Radikal qrupun üçüncü şəxslər tərəfindən bu cinayətə təhrik olunma ehtimalı da var. Buradan belə qənaətə gəlmək olar ki, Avropanın kəşfiyyat xidmətləri terrorizmlə mübarizədə uğursuzluğa düçar olub”.