Lerikdə şəhid Mövlanov Altay Tahir oğlunun xatirəsi anılıb FOTOLAR

5 Avqust 2022 16:35 (UTC+04:00)

Lerik rayon icra hakimiyyətinin başçısı Əkbər Abbasov, Yeni Azərbaycan Partiyası Lerik rayon təşkilatının sədri Malik Mirzəyev, hüquq-mühafizə orqanları, ictimaiyyət nümayəndələri, şəhid ailə üzvləri ilk öncə şəhid Altay və Elgün Mövlanov qardaşlarının adına inşa olunan bulaq kompleksini ziyarət etmişlər. Sonra şəhidimizin məzarı önünə gül-çiçək dəstələri düzərək, əziz xatirəsini ehtiramla yad ediblər. Eyni zamanda, şəhid Mövlanov Altay Tahir oğlunun qardaşı şəhid Mövlanov Elgün Tahir oğlunun da məzarı ziyarət edildi. Daha sonra tədbir iştirakçıları şəhidin ailəsini ziyarət etdi, onların qayğı və problemləri ilə maraqlandı. Ailə üzvləri ilə söhbət zamanı qəhrəmanlarımız Elgün və Altay Mövlanov qardaşlarının şərəfli döyüş yollarından danışılıb, onların xatirəsi anılıb. Şəhidin valideynləri şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə etdilər. Qeyd edək ki, şəhid Mövlanov Altay Tahir oğlu 2000-ci il avqustun 5-də Lerik şəhərində anadan olub. 2006-2017-ci illərdə Milli Qəhrəman Valeh Müslümov adına Lerik şəhər 2 saylı tam orta məktəbində təhsil alıb. 2018-ci ildə Milli ordu sıralarında hərbi xidmətə başlayan Altay 2020-ci ilin aprel ayında ordudan təxris olunur. Vətən sevgisi, torpağlarımızı düşmən tapdağından azad etmək istəyi onu yenidən ordu sıralarına qaytarır. O, Müddətdən Artıq Hərbi Xidmət Qulluqçusu kimi xidmətə başlayır. 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsində qəhrəmanlıq göstərərək düşmənə qan udduran, xeyli sayda canlı qüvvəsini məhv edən Altay 29 oktyabr 2020-ci ildə Füzuli uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Mövlanov Altay ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!