Zərif vücudlu şəhid xanımlarımız TƏHLİL

5 Avqust 2022 15:54 (UTC+04:00)

Azərbaycan qadını tarix boyu gözəl örnək olub. Bunu öz yaddaşında qoruyub-saxlayan tarixi salnamələr deyir. Ağıllı, cəsur sələflərimiz ən çətin məqamlarda belə, ayıq-sayıqlığı, çevikliyi və düzgün qərar qəbul etmək bacarığı ilə hamını heyrətləndiriblər. Ulu Öndər Heydər Əliyev deyirdi: "Azərbaycan qadını tarix boyu öz ağlı, zəkası, namusu, qeyrəti, fədakarlığı, çalışqanlığı, mərdliyi, vətənpərvərliyi və millətinə, torpağına olan hədsiz məhəbbət və gözəlliyi ilə tanınmışdır".
Tariximizin ayrı-ayrı dövrlərində yaşayıb fəaliyyət göstərmiş qadınlar müdrikliyi, işgüzarlığı ilə keçmişimizə parlaq səhifələr yazıblar. Ölkəmizin ictimai-siyasi və mədəni həyatında aparıcı qüvvəyə malik olan Azərbaycan qadını cəmiyyətdə böyük nüfuza malik olduğunu əməllərilə təsdiqləyib. "Çoxəsrlik mədəni irsimizin təşəkkülündə misilsiz xidmətlərə malik Azərbaycan qadını dünyaya bəşər mədəniyyəti xəzinəsinin incilərini yaradan görkəmli ədiblər, tarixi şəxsiyyətlər, tanınmış elm və sənət adamları bəxş etmişdir" – deyə Azərbaycan Prezidenti İlham Əliyev bildirib. Milli varlığımızın ifadəsi olaraq, əxlaqi-mənəvi sərvətlərimizin və mədəni-tarixi dəyərlərimizin, keçmişimizin ən mürəkkəb dövrlərində belə, qorunub-yaşadılması, bilavasitə onun adıyla bağlıdır. Bütün sahələrdə əməyi olan Azərbaycan xanımı dövlətin inkişafında, dövlətçilik ənənələrinin möhkəmlənməsində müstəsna rola malikdir. Qətibə xanım, Sara xatun, Məhinbanu, Xeyransa bəyim, Tuti Bikə və başqaları Azərbaycan qadınının nümunəsidir.
Azərbaycan qadınları Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə seçib-seçilmək hüququ qazanaraq, ölkəmizin ictimai-siyasi həyatında daha yaxından iştirak etməyə başlamışlar. Sürətlə maariflənən qadınlarımız yüz illərdən bəri formalaşmış milli dəyərlərə sadiq qalmaqla ana dilimizin, mədəniyyətimizin və mənəviyyatımızın ən etibarlı dayağı olmuşlar.

"QADIN BƏŞƏRƏ YARAŞIQ, ZİNƏT, İNSANLIĞA ŞƏRƏF, ŞAN-ŞÖHRƏTDİR"

Keçmişimizin unudulmaz səhifələrindəki möhkəm iradəyə malik görkəmli qadın şəxsiyyətlərimizin yüksək ləyaqətinin, ağbirçək analarımızın müdrikliyinin daşıyıcıları kimi, müasir Azərbaycan xanımları öz dərin zəkaları və tükənməz daxili potensialları ilə bu gün də xalqa və cəmiyyətə fədakarcasına xidmət edirlər.
Nəciblik, xeyirxahlıq, fədakarlıq, mətinlik, qayğıkeşlik və insanpərvərlik nümunəsi olan qadınlar düşmənlə üz-üzə dayanaraq vətənin çətin zamanında əsgər paltarı geyinərək öz əsgər qardaşlarının yanında olmağı da bacarırlar. "Qadın bəşərə yaraşıq, zinət, insanlığa şərəf, şan-şöhrətdir. Qadın ucalıq, ülvilik məbədidir, ismət, qeyrət, qüdrət rəmzidir", - deyirdi Heydər Əliyev.
Azərbaycan qadınının tariximizə adını yazdıran əməli, mübariz ruhu, bacarığıdır. Bir anlıq dünyamızı qadınsız təsəvvür etsək, rəngi qaçmış boz aləmlə qarşılaşarıq. Ötən əsrin 90-cı illərində ölkəmizdə baş verən olaylar nəticəsində nə qədər ismətli Azərbaycan qadınının böyüklüyünü gördük. Birinci və İkinci Qarabağ müharibəsində biz bunun bir daha şahidinə çevrildik. Düşmənə təslim olmamaq üçün qar adama çevrilən, qarlı dağlar aşaraq körpəsinin həyatına nöqtə qoyan, öz övladının səsi çıxmasın deyə, ağzını qapayan və ölümlə üz-üzə qoyan namuslu Azərbaycan qadınının vüqarı bizlər üçün nümunə və ucalıq simvoludur. Nə qədər yazsaq da, yenə də bu obrazı yaratmaq da çətinlik çəkirik. Qadın mübarizliyi ilə dastan yaradandır bizim Azərbaycan qadını.

3 MİN ŞƏHİD QARDAŞIN BİR ŞƏHİD BACISI

Bu gün şəhid qadınlarımızın maraqlı, keşməkeşli həyat yolundan danışacağıq. 3 min şəhid qardaşın bir şəhid bacısı Arəstə Kərim qızı Baxışova. Bir şairin nəzmə çəkdiyi misralar yada düşür.

Üç min çiçək içrə yeganə gülsən,
Arzularla dolu ölməz könülsən.
Düz üç min qardaşa tək bacısan sən,
Düz üç min qardaşa baş tacısan sən.
Düz üç min üzüyün tək qaşı sənsən,
Ürəklərdə sevginin nəqqaşı sənsən.
Uyu torpağında ahəstə, bacım,
Ey igid, qəhrəman Arəstə bacım!..

Hər kəsin ocağında boy atan bir xanım kimi sevildi. Sanki, dünyamıza sülh gətirilməsində bir göyərçin kimi doğulmuşdu. Qanad açıb uçduğu yerlərdə sülh sorağının gətirəcəyinə əmin idi. Vətənim dardadırsa, şəhid olmağa hazıram, - dedi. Dağ döşündə bitəcək bənövşələr, lalələr Arəstə kimi şəhidlərimizin torpağa tökülmüş qanı ilə boy atacaq və yetişən hər bir güldə, çiçəkdə onların ətirləri duyulacaq. Bu hər kəsə güc verəcək, bu vətən eşqi gücüdür ki, axacaqdır damarlardan. Bir ailənin övladı, bir millətin övladı oldu. Böyükdən kiçiyə hamı Arəstəni tanıyır. Axı necə də tanımasın 3 min qardaşa bir bacı olanı? Elimizin mərd qızını.

Qarabağda al lalələr bitəndə,
Zirvələri göy dumanda itəndə,
Ətəyində yaşıl yarpaq əsəndə,
Mənzərələr şən nəğmələr ötəndə,
Sorağın gələcək ellərdən sənin.

Azərbaycan Silahlı Qüvvələrinin çavuşu və hərbi feldşeri, Vətən müharibəsinin şəhidi Arəstə Baxışova. 1989-cu il mayın 4-də Xaçmaz şəhərində anadan olan Arəstə iki qardaşın bir bacısı olub. Atası baş leytenant Kərim Baxışov Fövqəladə Hallar Nazirliyində Mühafizə İdarəsinin rəisi vəzifəsində çalışıb və tale elə gətirib ki, Arəstənin dörd yaşı olanda o, dünyasını dəyişib. Həyatın ilk zərbəsini kiçik yaşlarında alır. Bəlkə, elə həyat onun mübariz, daha mətin böyüməsi üçün elə ilk günlərdə imtahana çəkir.
Arəstə Baxışova 1995-2004-cü illərdə Biləcəri qəsəbəsində yerləşən Şuşa şəhər 3 nömrəli tam orta məktəbdə təhsil alır. 2004-2008-ci illərdə isə Azərbaycan Dövlət Pedaqoji Kollecində "İngilis dili" üzrə təhsil alıb. O, 2018-2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin Baş Hərbi Hospitalında çalışıb. 2019-cu il iyulun 12-dən isə Azərbaycan Silahlı Qüvvələrinin Beyləqan rayonunda yerləşən "N" saylı hərbi hissəsində operator vəzifəsində xidmət edirdi.
Azərbaycan Ordusunun çavuşu olan hərbi feldşer Arəstə Baxışova 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin, Zəngilanın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə yaralı hərbçilərə döyüş meydanında tibbi yardım göstərib. Arəstə Baxışova oktyabrın 23-də Qubadlı döyüşləri zamanı şəhid olub. Biləcəri qəsəbəsinin Şəhidlər Xiyabanında dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən, Arəstə Baxışova ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Arəstə Baxışova ölümündən sonra 2021-ci il mayın 12-də Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəfindən ingilis tibb bacısı Florens Naytingelin şərəfinə təsis olunan "Florence Nightingale" medalı ilə təltif edildi.
Arəstə Baxışovanın Mərdan adında oğlu və Zəhra adında övladları var. Bu gün onlar bizə ondan qalan yadigarlardır.
Bu gün onlar belə bir ananın övladları olduqları üçün qürürlanırlar. Oğlu Mərdan Məmmədli anamı çox sevirdim, deyir: "O, bizim qayğımıza qalırdı, ana sevgisi verirdi. Anamın şəhadəti xəbərini qürurla qarşıladıq. Şəhidlər ölmür, onlar hər zaman bizim qəlbimizdə yaşayacaq". Müharibəyə gedəndə övladlarına "Mən işə gedirəm, şənbə günü geri qayıdacağam", - deyib yola düşür. Bu son görüş, son vida olur. Ana və övladın son görüşü. Dəhşətli olsa da övladların yaşının az olmasına baxmayaraq, vətən yolunda şəhid olmağın nə qədər böyük şərəf olduğunu yaxşı anlayırlar. Anlayırlar ki, şəhidlər ölmür. Bu torpaq var olduqca onlar da yaşayacaq. Onların qanı ilə suvarılıb, bu torpaq.
Milyonların sevgisini qazanan yeganə xanım şəhid Arəstə Baxışovanın gənc heykəltaraş Müstəqil Balayev büstünü hazırlayıb.
Əlbəttə ki, Arəstə kimi vətənpərvər xanımların yetişməsində qələmi ilə, şəfqətli əlləri, iti qələmi ilə vətən darda olanda mən də bir vətənin daşıyam deyərək, cəbhəyə yola düşən xanımların həyat yolundan dərs alıb. Gültəkin Əsgərova, Salatın Əsgərova yolunun davamçısı oldu.

Vətənin köməyə ehtiyacında,
Yetdilər imdada dar ayağında.
Qanların tökdülər torpaq uğrunda,
Adın tarixlərə yazdı şəhidlər,
Haqqın dərgahına qalxdı şəhidlər
!

"MƏN QƏLƏBƏNİN SONUNA QƏDƏR BURADAYAM"

1960-ci il noyabrın 20-də Bakı şəhərində anadan olan Gültəkin Əsgərova 1985-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirmiş və əmək fəaliyyətinə 8 №-li təcili yardım stansiyasında başlamışdı. 1991-ci ildən Uroloji kliniki xəstəxanada işləmişdir. Qarabağ müharibəsi başladığı zaman, öz körpəsini anasına əmanət edərək, cəbhəyə erməni gülləsindən yaralanan əsgərlərə yardım etməyə yola düşür. Çətin illər idi. 1992-ci il aprelin 4-də könüllü cəbhəyə yollanıb, Turşsu, Şuşa xəstəxanalarında, Ağdamın Mahrızlı kəndindəki hospitalda hərbi həkim kimi fəaliyyət göstərir.
Şuşa şəhərinin həbsxanasında olanların da qapısının açıb azad olunmasında onun xidməti də olub. Həbsxananın qapısı açılmasaydı, orada olanlar əsir götürüləcəkdi.
1992-ci il mayın 8-də Şuşanın işğalından bir gün sonra Şuşanı sonuncu tərk edənlərdən biri olan Gültəkin anasına göndərdiyi məktubda belə yazırdı: "Ana, salam. Mən sağ və salamatam, hər şey normaldır. Bizə yaxşı yemək verirlər. Mən qələbənin sonuna qədər buradayam. Şuşa alınana qədər! Bəlkə də indi alınmadı."
Şuşanın işğalından sonra, Gültəkin Əsgərova Laçının, daha sonra isə Qubadlının müdafiəsində iştirak edir.
O, 1992-ci il mayın 14-də Ağdam istiqamətində gedən döyüşlərə yola düşür. Ağdamın Mahrızlı kəndindəki hospitalda hərbi həkim kimi yenidən xidmətə başlayır. Aranzəmin yüksəkliyinin ətəyində onun tibbi xidməti üçün yer ayrılır. Buraya yaralıları hərbçilər gətirməliydi ki, o da əsgərləri müalicə etsin. Lakin atəş səslərinin gücləndiyini eşidir. Burada dayana bilməyib, Aranzəmin yüksəkliyinə qalxır. Aranzəmin yüksəkliyi uğurunda gedən döyüşdə 1992-ci il 19 iyul tarixində şəhid olub və Bakıda Şəhidlər Xiyabanında dəfn edilib. Əminə adlı qızı yadigar qaldı. Bir ananın övladı. Bu gün Gültəkinin ruhu şaddır. Göylərdə pərvazlanan ruhu azadlığı qovuşmuş torpaqlarımızın üzərində rahat nəfəs alır. Şuşamızın azadlığına tamaşa edir. Burada toplaşan insanlara Azad Şuşamızı bir daha düşmənə verməyin, - deyir. İşğalçı əməllərindən hali idi Gültəkin. İnləyən insanların ah-naləsini görmüşdü. Bu dəhşətləri yaşamış şəhid ruhu bu gün aramızdadır. Yolumuzda bizə yolçudur. Bu gün onun xatirəsi bizimlə bərabər yaşayır. Gültəkin Əsgərovanın oxuduğu 200 saylı orta məktəbə onun adı verilmiş və büstü qoyulmuşdur. Hər gün yüzlərlə məktəbli onun adını anır və büstü qarşısında bir dəqiqəlik sükut edərək, ayaq saxlayırlar. Vətənin qəhrəman qızı. Bakıda Nərimanov rayonundakı xəstəxananın önündə büstü qoyulub. Bakıda yaşadığı Mustafa Kamal Atatürk prospekti 2a ünvanındakı binaya xatirə lövhəsi vurulub. Elm və Təhsil Mərkəzi Təfəkkür Universitetinin Tibbi biologiya kafedrası onun adını daşıyır, kafedrada xatirə lövhəsi vurulub. Xəzərdə üzən gəmilərdən biri onun adını daşıyır, gəmidə muzeyi yaradılıb.
Azərbaycan Respublikası Prezidentinin 20 noyabr 1993-cü il tarixli 31 saylı fərmanı ilə Gültəkin Məlik qızı Əsgərova ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb. Bir şəhidimizin adının əbədiləşdirilməsi məqsədi ilə görülən işlər Vətən qızına olan ehtiramdır, sevgidir.

HƏYAT YOLU İGİDLİK, QƏHRƏMANLIQ, ŞÜCAƏT MƏKTƏBİ

Uşaqlıqdan öz möhkəm iradəsi ilə seçilən və sonradan bu iradəni əməli fəaliyyətində göstərən Salatın Əsgərova da bir şəhid ömrünü həyat yoluna, tərcümeyi-halına həkk etdi. 16 dekabr 1961-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olan Salatın 1979-cu ildə Bakı şəhərində Mikayıl Müşfiq adına 18 saylı orta məktəbi əla qiymətlərə başa vurur və həmin il Azərbaycan Neft və Kimya İnstitutuna daxil olur. 1984-cü ildə geofizika ixtisası üzrə mühəndis diplomu alan Salatın Əsgərova jurnalistika sahəsinə böyük maraq göstərir. Nəticədə 1984-cü ildə müqavilə ilə "Bakı" qəzetində, 4 il sonra isə "Molodyoj Azerbaydjana" qəzetində işləməyə başlayır. Onun toxunduğu məsələlər Azərbaycan torpaqlarının bütövlüyü ilə bağlı idi. O, tez-tez cəbhə xəttinə gedər, qaynar nöqtələrdən operativ materiallar hazırlayardı. O, 1991-ci ilin yanvarın 8-dən 9-na keçən gecə Bakıdan Şuşaya yola düşür. Öz peşə borcunu yerinə yetirmək üçün. Lakin Salatın Əsgərova düşmən gülləsinə tuş gəlir. Salatın Əsgərova Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilir.
Ailəli idi, Ceyhun adlı oğlu yadigar qalır. Ölümündən sonra Beynəlxalq Jurnalistlər İttifaqı Konfederasiyasının laureatı adına layiq görülüb. Salatın Əsgərovanın yaxınlığında həlak olduğu kənd Salatın kəndi adlanır. Onun Bakıda yaşadığı binada xatirə lövhəsi vurulub. Bakıda küçələrdən biri, Bakı buxtasında gəzinti gəmisi və Qadınlar İctimai Birliyinin təsis etdiyi mükafatı onun adını daşıyır. Təfəkkür Universitetində büstü qoyulmuşdur.
Azərbaycanın şəhid xanımları. Vətənin keşiyində durmağı bacaran, döyüşdən qorxmayan, lazım gələrsə, silaha sarılan Azərbaycan qadınları. Onların hər birinin həyat yolu məktəbdir, igidlik, qəhrəmanlıq, şücaət məktəbidir. Hər birinin adı dillərdə əzbər, dastandır. Azərbaycan qadının əzəməti dünyaya bəllidir. Sizlərin qoynundan su içdiyiniz Azərbaycan, məhz belə övladlar yetirir və ona görə də bu torpaq basılmaz.

Zümrüd BAYRAMOVA