"Azərbaycan öz ərazilərini erməni hərbi ünsürlərdən təmizləmək iqtidarındadır" - DEPUTAT ŞƏRH ETDİ

5 Avqust 2022 14:37 (UTC+04:00)

“Ermənilərin xalqımıza qarşı düşmənçilik siyasəti 200 ildən artıq bir zaman kəsiyində – çar Rusiyası zamanı əzəli Azərbaycan torpağı Qarabağa köçürüldükləri vaxtdan başlayaraq bu günə qədər davam etmişdir. Ermənilər məskunlaşdıqları ilk gündən Azərbaycan toponimlərini dəyişməyə başlamış, münbit əraziləri ələ keçirməyə çalışmış, əksəriyyət təşkil etdikləri yaşayış məntəqələrində azərbaycanlıları sıxışdırmışlar, ərazi adlarını dəyişdirərək erməniləşdirmişlər”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Ülviyyə Həmzəyeva bildirib.

Onun sözlərinə görə, bu günədək ermənilər tərəfindən dinc azərbaycanlılara qarşı törədilən qətliamlar da unudulmayacaq: “Biz öz keçmişimizi nə olursa-olsun qaytarmalıyıq və bununla əlaqəli dövlətimiz artıq ciddi işlər aparır.
Məsuliyyətli ölkə olaraq Azərbaycan daim beynəlxalq hüquqa sadiqliyini nümayiş etdirmişdir. Lakin Azərbaycan Ermənistan münaqişəsinin uzadılması bir xalq olaraq bizi çox usandırmışdır.
Ermənistanın yeganə xilası yalnız Azərbaycan və Türkiyə ilə münasibətlər qurmaqdan ibarətdir. İlk olaraq kommunikasiyaları açmaq, iqtisadiyyatı bərpa etmək lazımdır.
Azərbaycanın tələbləri konkretdir və üçtərəfli bəyanatın tələblərinə riayət və icra olunmalıdır. Bu tələblər içərisində erməni silahlı qüvvələrinin suveren Azərbaycan ərazilərindən tamamilə çıxarılması istiqamətində işlər görülməlidir. Laçın yoluna alternativ çəkilmiş yolun istifadəsi ilə bağlı işlərin həyata keçirilməsi Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında nəqliyyat əlaqəsini təmin edəcək. Zəngəzur dəhlizinin tezliklə açılması məsələləri də daxildir. Bunların hər birinin altında Ermənistan baş nazirinin imzası var. Lakin Ermənistan özünün qeyri-adekvat addımları ilə bir çox məsələlərin ciddiyyətini dərk etmiş kimi görünür. Hər bir ciddi məsələlərin həlli "danışıqdan keçər" deyərlər. Azərbaycan regionda sülhü bərpa etmək istədikcə, mənfur qonşular və havadarları yeni bir əməl törədərək məsələni uzadır. Azərbaycan Müdafiə Nazirliyi artıq bəyan edib ki, Ermənistan qoşunlarının torpaqlarımızdan tam çıxarılması və qanunsuz erməni silahlı ünsürlərinin tərksilah edilməsi mütləq şəkildə həyata keçiriləcəkdir. Bu, artıq siyasi bəyanat deyil, hərbi nazirliyin açıq və icra ediləcək bir mövqeyidir.
Ermənistan rəhbərliyi üçün ən optimal yol imza atdığı bəyanatın müddəalarının icrasını tezləşdirməkdir.
Bir daha xatırladaq ki, 10 noyabr tarixində imzalanmış üçtərəfli Bəyanatın 4-cü bəndinə əsasən sülhməramlıları və erməni silahlılarının ərazilərimizdən çıxarılması istiqamətində işlər aparılmalı və paralel yerləşdirilmə olmalı idi. Sülhməramlılar isə bu tələbin icrasını təmin etmədi.
Unutmasınlar ki, Azərbaycan öz ərazilərini erməni hərbi ünsürlərdən təmizləmək iqtidarındadır. Sadəcə, Azərbaycan yenidən müharibə etmək istəmir. 44 günlük Vətən müharibəsində ordumuzun nəyə qadir olduğunu çox gözəl bilirlər. Düşmən çoxdan bundan nəticə çıxarmalı idi. Əgər nəticə çıxarmağa qadir deyilsə, “Dəmir yumruq” yerindədir, başlarına döyə-döyə bizə aid olanları qaytarıb, imzalananların icrasına nail olacaqdır!
Azərbaycan elə edəcək ki, Ermənistan bundan sonra öz gələcəyi haqqında düşünəndə, qonşu ölkələrin torpaqları haqqında xəyala qapılmasın..."Özgə atına minən, tez düşər" məsəlini tez-tez xatırlayaraq, digər xalqlar ilə birgə yaşamağı öyrənməlidirlər! Erməniləri yalnız Türklər əhliləşdirəcək...”.