“Qisas” əməliyyatı “dəmir yumruğun yerində” olduğunu bir daha təsdiqlədi ŞƏRH

5 Avqust 2022 10:49 (UTC+04:00)

Son günlərdə erməni separatçıları yenidən fəallaşıblar. Həm Ermənistanda yaşayan revanşistlər, həm də Qarabağ separatçı qüvvələri qlobal dünyada baş verən münaqişələr fonunda öz istəklərini reallaşdırmaq istəyirlər. Belə ki, Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri 10 noyabr 2020-ci il tarixli Bəyanatın müddəalarını kobud surətdə pozaraq, avqustun 3-də Azərbaycan Ordusunun bölmələrinə qarşı terror-təxribat əməli törədib. Terror-təxribat nəticəsində hərbi qulluqçumuz əsgər Kazımov Anar Rüstəm oğlu şəhid olub. Bundan əlavə, qeyri-qanuni erməni silahlı dəstələrinin ünsürləri Kəlbəcər və Laçın rayonlarının ərazisini əhatə edən dağ silsiləsində yerləşən Qırxqız yüksəkliyini ələ keçirmək və orada yeni döyüş mövqelərini qurmağa cəhd göstərib. Amma Azərbaycan ordusunun sayıqlığı hesabına, bölmələrimizin keçirdiyi “Qisas” cavab əməliyyatı nəticəsində Qırxqız yüksəkliyi, həmçinin Kiçik Qafqaz dağ silsiləsinin Qarabağ silsiləsi boyu Sarıbaba və bir sıra digər əhəmiyyətli hakim yüksəkliklər nəzarətə götürüb. Əməliyyat çərçivəsində qeyri-qanuni erməni silahlı ünsürlərinin bir neçə döyüş mövqeyi dağıdılıb, keçmiş Ağdərə rayonunun Yuxarı Oratağ yaşayış məntəqəsindəki hərbi hissəyə havadan zərbə endirilib. Nəticədə, qanunsuz erməni silahlılarının canlı qüvvəsi məhv edilib və yaralanıb, həmçinin bir neçə D-30 haubitsası, hərbi nəqliyyat vasitələri və çoxlu sayda döyüş sursatları məhv edilib. Azərbaycan Respublikasının siyasi rəhbərliyi və hərbi komandanlıq dəfələrlə bildirmişdir ki, üçtərəfli bəyanata zidd olaraq Ermənistan silahlı qüvvələrinin və qanunsuz erməni silahlı birləşmələrinin Rusiya Federasiyası sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində mövcudluğu təhlükə mənbəyi olaraq qalır. Həmin ərazilərin demilitarizasiyası, Ermənistan qoşunlarının oradan tam çıxarılması və qanunsuz erməni silahlı ünsürlərinin tərksilah edilməsi mütləq şəkildə labüddür. Müzəffər Ali Baş Komandan İlham Əliyev cənabları dəfələrlə qeyd edib ki, əgər yenə də Ermənistanda revanşist qüvvələr baş qaldırsa, bilməlidirlər ki, onları nələr gözləyir. Sözü imzası qədər keçərli olan İlham Əliyev bu qətiyyətli fikirləri ilə məğlub ölkəyə hər zaman xəbərdarlıq edərək üzərinə götürdüyü öhdəliyi reallaşdırmağa çağırıb. Qalib Komandan revanşistlərə, Ermənistan rəhbərliyinə və onun havadarlarına çatdırıb ki, boş-boş bəhanələr səsləndirmək, köhnə iddialardan əl çəkməmək yalnız özlərinə ziyan vuracaq. Çünki Azərbaycan Qarabağ məsələsini artıq həll edib. Nə "status" var, nə də "Dağlıq Qarabağ". Ermənistan qəbul etməlidir ki, artıq iki ilə yaxındır Dağlıq Qarabağ münaqişəsi həll olunub. Möhtərəm Prezidentimiz dəfələrlə bəyan edib: “Biz qalib ölkəyik. Ermənistanı məhv etmişik, siz yaxşı bilirsiniz hansı çətin şərait əsasında. Onlar 30 il istehkamlar, 6 müdafiə xətti qurmuşdular. O bölgənin təbii relyefi onlar üçün çox əlverişli idi. Biz qəhrəman övladlarımızın canı-qanı bahasına, qəhrəmanlığı bahasına bu torpaqları azad etmişik. Ölümə gedirdi bizim gənclərimiz, əsgərlərimiz, zabitlərimiz. Hər kəs bunu deyirdi - öldü var, döndü yoxdur. Biz belə çətin şəraitdə qələbə qazanmışıq. Ona görə Ermənistan tam dərk etməlidir ki, biz istənilən hərbi vəzifəni icra edə bilərik və heç kim bizi dayandıra bilməz. Onlar bilməlidirlər ki, dəmir yumruq yerindədir". Azərbaycanın Müzəffər Ali Baş Komandanı İlham Əliyev cənablarının xalqa arxalanan “dəmir yumruğu yerindədir”. Lazım gəlsə Ali Baş Komandanın dəmir yumruğu ətrafında birləşərək qədim ata-baba yurdlarının - İrəvanın, Göyçənin, Qərbi Zəngəzurun geri qaytarılması üçün səfərbər olmağa hazırıq.

İlqar İlyasov,

YAP Laçın rayon təşkilatının sədri