Hakim yüksəkliklərdə tarix yazan Azərbaycan ordusu! TƏHLİL

4 Avqust 2022 17:20 (UTC+04:00)

Prezident İlham Əliyev: "Unutmasınlar ki, dəmir yumruq yerindədir"

Azərbaycanın bayrağını yüksəkliklərdən-yüksəkliklərə qaldıran siyasi gücə, iradəyə malik Böyük Lideri, Sərkərdəsi və Prezidenti var. Bu güc, bu Sərkərdəlik Azərbaycan xalqını Müzəffər xalq kimi dünyaya tanıtdı, ZƏFƏR qazanmış xalq olaraq hərbi gücümüzü dünyaya göstərə bildik. Tariximizi yazmaqla dünya hərb tarixinə də yeni bir səhifə açdıq. 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının cəngavərliyi idi. Qisas qiyamətə qalmaz, deyirlər. 30 ilə yaxın işğal dövründə Azərbaycan hər zaman bu qisası almağa, ucadan-uca üçrəngli Azərbaycan bayrağını, qürurlu, əzəmətli Azərbaycan Bayrağını vətən torpağı üzərində məğrur-məğrur dalğalanacağı günün lap yaxında olduğunu yaxşı bilirdi. Vətən torpağına axıdılan şəhid qanının, qoca, qadın və uşaqların qışın sərt sızağında, yayın istisində el-obasından didərgin düşməsinin qisasının alınacağı günü səbirsizliklə gözləyirdi igid oğullarımız. Müstəqilliyimizin rəmzi, bütövlüyümüzün, varlığımızın simvolu olan bayrağımızı o yerlərdə dalğalandırmağa hər kəs tələsirdi. Torpağın ətrini duymağa, əcdadlarının qəbrini ziyarət etməyə, bağında boy atan meyvələrin nübarını dadmağa, çox şeyə tələsirdi hamı. Zaman yetişdi.

"GÜCLÜ, MƏĞLUBEDİLMƏZ ORDU" MİFİNİ DARMADAĞIN EDƏN MÖHKƏM İRADƏ, SİYASİ GÜC

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuz 44 gün davam edən müharibənin gedişində möhtəşəm qələbələr qazanaraq dünya hərb tarixinə yeni şanlı səhifələr yazdı. Silahlı Qüvvələrimiz döyüş meydanında Ermənistanın "güclü, məğlubedilməz ordu" mifini darmadağın etdi.
Əlbəttə ki, müharibənin od-alovu hər bir insanda vahimə yaradır. Müharibə böyük itki, tələfatdır. Dünyanın hansısa bir ölkəsinin odlu-alovlu olmasını kimsə istəməz. Çünki Tanrının yaratdığı bütün varlıqlar sülh, əmin-amanlıq içində yaşamaq, səmasının aydın, torpağının rahat nəfəsini duymaq istər. Amma əfsuslar olsun ki, bu gün qan tökülmüş, şəhid qanına suvarılmış torpağa ayaq qoyuruq. Azərbaycan müharibənin ağrı-acısını zaman-zaman yaşamışdır. Şəhid qanının nə olduğunu hər birimiz yaxşı bilirik. Bu müqəddəs məfhum qarşısında məsuliyyətliyik. Vətəni qorumaq məsuliyyəti qanımızda, canımızdadır. Vətən çağırır, deyəndə igid oğul və qızlarımız müharibənin, od-alovun içinə atılırlar. Azərbaycan Bayrağını işğal altında olan torpaqlarımızda dalğalandırmaqdan şərəfli nə ola bilər ki? Çünki bayraq qürurumuz, iftixar hissimizdir. Bütün zirvələrdən, yüksəkliklərdən uca olan dövlət bayrağımız hər bir insanın vətəndaşlıq qürurudur. Ən yüksək zirvələrdə dalğalanan üçrəngli bayrağımız Azərbaycan dövlətinin gücünü və xalqımızın milli birliyini nümayiş etdirir. Zəfər günündə nəinki Vətən torpağı, uşaqdan böyüyə qədər sanki hər kəs özünə bayraqdan don biçdi. Bu bayrağı belə qüdrətli edən, dalğalandıran bizim qələbəmiz oldu. Sanki dünyamıza, Azərbaycana yeni bir günəş doğdu. 30 ilə yaxın bir zamanda insanların keçirdiyi o iztirab, qəm-kədər bir anın içində sevincə çevrildi. Sanki təbiət başqa bir rəngə büründü, torpaqlarımız dərindən nəfəs aldı, donmuş çöhrələr canlandı, torpağımız qələbə sevincini yaşadı. Özü də necə. Azərbaycan Prezidenti Ali Baş Komandanın müdrik siyasəti nəticəsində günəşin üzündən bütün duman, çiskin çəkildi. Səmamız aydın göründü, elə məqsədimiz kimi, tariximizə yeni bir gün yazdı. Noyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xalqa müraciəti tarixdə yeni gün oldu. "Bu gün ölkəmiz üçün tarixi bir gündür. Bu gün Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyulur. Hesab edirəm ki, indicə imzalanmış üçtərəfli bəyanat məsələnin həlli istiqamətində son nöqtə olacaqdır". Bu müraciət xalqın tarixində yeni bir günün başlanması demək idi. Bu, elə bir gündür ki, zaman-zaman Azərbaycan xalqının ərənliyini, torpaq uğrunda savaşını, böyüklüyünü, bütövlüyünü, lazım gələndə bir yumruq olaraq birləşməsini yetişən nəsillərə illər, qərinələr, əsrlər sonra belə danışmış olacaq. Azərbaycan ordusu Vətən Müharibəsində öz gücünü, nəyə qadir olduğunu göstərdi.

ORDUMUZUN NÖVBƏTİ UĞURU TARİXƏ YAZILDI
Əlbəttə ki, buna qədər Azərbaycan Ordusunun şanlı tarixində mühüm yerlərdən birini tutan 2016-cı ilin Aprel döyüşləri artıq düşmənə Azərbaycanın gücünü göstərmişdir. "2016-cı ildə Aprel döyüşlərində düşmənə dərs verdik və Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının bir hissəsini düşməndən azad etdik"- deyən Cənab Prezident 2018-ci ildə uğurlu Naxçıvan əməliyyatı nəticəsində on min hektardan çox torpaq sahəsinin Azərbaycan Ordusu tərəfindən götürüldüyünü və işğalçıların o bölgələrdən qovulduğunu qeyd etmişdir: "Azərbaycan Ordusu tərəfindən götürülmüş strateji yüksəkliklər imkan verir ki, biz Ermənistanın bir neçə yaşayış məntəqəsinə nəzarət edək. Ermənistandan Dağlıq Qarabağa gedən avtomobil yolu bizim nəzarətimizdədir. Vaxtilə - 1990-cı illərin əvvəllərində Naxçıvan ərazisinin bir hissəsini işğal etmiş Ermənistan qüvvələri həmin ərazilərdən qovuldu, çıxarıldı, o torpaqlarda Azərbaycan bayrağı ucaldıldı". 26 il işğal altında olan Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Günnüt kəndi və ətrafındakı mühüm strateji əhəmiyyətli yüksəkliklərin Əlahiddə Ümumqoşun Ordunun əks-həmlə əməliyyatları ilə işğaldan azad edilməsi ordumuzun növbəti uğuru kimi tarixə yazıldı.

"QİSAS" CAVAB ƏMƏLİYYATI

Amma deyəsən, "dəmir yumruğ"un gücünü görmüş ermənilər unutqanlıq edirlər. Yaxın keçmişimizdə aldığı zərbələri yaddan çıxarıblar. Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri 10 noyabr 2020-ci il tarixli Bəyanatının müddəalarını kobud surətdə pozaraq avqustun 3-də Azərbaycan Ordusunun bölmələrinə qarşı terror-təxribat əməli törədib. Bundan əlavə, qeyri-qanuni erməni silahlı dəstələrinin ünsürləri Kəlbəcər və Laçın rayonlarının ərazisini əhatə edən dağ silsiləsində yerləşən Qırxqız yüksəkliyini ələ keçirmək və orada yeni döyüş mövqelərini qurmağa cəhd göstərib. Azərbaycan Ordusu bölmələrinin keçirdiyi "Qisas" cavab əməliyyatı nəticəsində Qırxqız yüksəkliyi, həmçinin Kiçik Qafqaz dağ silsiləsinin Qarabağ silsiləsi boyu Sarıbaba və bir sıra digər əhəmiyyətli hakim yüksəklikləri nəzarətə götürüb. Hazırda bölmələrimiz tərəfindən əlverişli hədlərdə yeni mövqelərin qurulması və təminat yollarının çəkilməsi üzrə mühəndis işləri görülür. Əməliyyat çərçivəsində qeyri-qanuni erməni silahlı ünsürlərinin bir neçə döyüş mövqeyi dağıdılıb, keçmiş Ağdərə rayonunun Yuxarı Oratağ yaşayış məntəqəsindəki hərbi hissəyə havadan zərbə endirilib. Nəticədə, qanunsuz erməni silahlılarının canlı qüvvəsi məhv edilib və yaralanıb, həmçinin, bir neçə D-30 haubitsası, hərbi nəqliyyat vasitələri və çoxlu sayda döyüş sursatları məhv edilib.

ÖLKƏMİZİN SUVEREN ƏRAZİLƏRİNDƏ TÖRƏDİLƏCƏK TERROR VƏ TƏXRİBATIN QARŞISI QƏTİYYƏTLƏ ALINACAQ

Xatırladaq ki, Azərbaycan Respublikası dəfələrlə bildirib ki, üçtərəfli Bəyanata zidd olaraq Ermənistan silahlı qüvvələrinin və qanunsuz erməni silahlı birləşmələrinin Rusiya Federasiyası sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində mövcudluğu təhlükə mənbəyi olaraq qalır. Həmin ərazilərin delimitarizasiyası, Ermənistan qoşunlarının oradan tam çıxarılması və qanunsuz erməni silahlı ünsürlərinin tərksilah edilməsi mütləq şəkildə labüddür. Müdafiə Nazirliyi bəyan edir ki, Azərbaycan Respublikasının Konstitusiyasını rəhbər tutaraq bundan sonra ölkəmizin suveren ərazilərində törədiləcək istənilən terror və təxribatın qarşısı qətiyyətlə alınacaq və əks cavab tədbirləri daha da sarsıdıcı olacaq. Ermənilər bu günə qədər Azərbaycan ordusunun gücünə, Ali Baş Komandanın siyasi gücünə, iradəsinə yaxşı bələddirlər.
Bu gün vətənpərvər ruhda tərbiyə almış Azərbaycan gənci hər qarış torpağın müdafiəsində dayanır. Gənclərin Vətən müharibəsi başlayanda könüllü olaraq orduya yazılması, vətən torpaqlarının müdafiəsinə qalxması vahid niyyət ətrafında birləşən gənclərimizin əzmkarlığını, vətənə sevgisini bir daha göstərmiş oldu. Öz iradəsi, gücü ilə. Bu gün də vətən oğulları Ali Baş Komandanın əmrinə, vətənin müdafiəsinə hər an hazırdırlar. Bu gün Azərbaycan qalib dövlətdir. Torpaqlarını işğaldan azad edilən qalib xalqdır. Əlbəttə ki, tarixi qələbəni bəzə yaşadan Azərbaycan Prezidenti İlham Əliyevdir, Müzəffər Azərbaycan Ordusudur. Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarının birində bildirdiyi kimi, müharibə onların yadından çıxmamalıdır: "Unutmasınlar ki, dəmir yumruq yerindədir".

Nəzakət ƏLƏDDİNQIZI