Yeni şeirlər

4 Avqust 2022 13:44 (UTC+04:00)

FATİMƏ YILDIZ

Siz, ey gecə-gündüz, ucalan şahə,
Fəth eyləyən ümmanları, səyyahə buludlar...

Çirkablı günahlar da,səvablar da bizimdir ...
Siz tab eləyirsiz bu qədər ahə, buludlar ...

İblis elə tüğyan eləyir, burda məkrsiz,
Yoxdur yer üzündə bir ovuc sahə, buludlar...

Gözlərdən axan qəmləri illərdir içirsiz,
Bir çarə qılan yoxmu bu eyvahə, buludlar ?!

Zalımlara meydan,qoca dünyadır əzəldən ,
Qalmış yenə yaltaq ilə məddahə ,buludlar...

Acgöz dərəbəylər,qaniçən kinli köpəklər,
Gəlməzmi görən bir kərə islahə,buludlar?!

Mən bəndəsinin bəlkə də çatmaz ona ərzi,
Lütfən, yetirin naməmi dərgahə,buludlar ...

Axşam yetişir, Fatimənin qəlbinə xatir,
Bir ləhzə salam söyləyin, ol mahə buludlar .

***
Anam, belə doğmamışdı o vaxt məni ...
Tər-təmizdim, ləkəsizdim...
Bir rəngdəydi, ruhum, cismim, özüm, sözüm,
Gözüm, əlim, ağzım, dilim...
Uzandıqca, qismən boyum,
Dəyişirdi artıq, huyum...
Baxdıqlarım, Gördüklərim
Hörülürdü vücuduma, damar kimi...
Yamanırdı xislətimə yamaq kimi...
Bir də baxdım, əllərimə toz bulaşıb,
Gözlərimə boz bulaşıb, ürəyimə buz bulaşıb,
Soyumuşam, kirlənmişəm, qaralmışam...
Yüksəklikdən enə-enə kiçilmişəm, daralmışam...
Anam doğduğu halımdan, indi xeyli uzaqdayam...
Başımı qatan fələyin tələsində, tuzaqdayam...
Məndə, hamıdan bir az var, hər şey qarışıb izimə...
Qayıda bilmirəm daha, anam doğduğu özümə...

***
Bunca toy çalmazdılar, bəlkə sitəmkar olmasa,
Oynamaq asandır əlbəttə həya, ar olmasa...

Qəlbi daşlar günbəgün, dar etsə də dünyamızı,
Qorxusuzdur son nəfəs, son mənzilin dar olmasa...

Məhvərindən qopmayıbsa, xoş dualər xətrinə,
Gün batarmı, ay doğarmı bir səbəbkar olmasa?!

Naumid eşq uğruna çırpınma nahaq, ey könül,
Gər, fəda olsan da boş, yarın vəfadar ...

Fatimə, milyon kərə umsan da, fani bəndədən,
Xeyri yoxdur, bir kərə Xaliq sənə yar olmasa...