"Ərdoğan və Putin görüşünün pozitiv nəticələri olacaq" - POLİTOLOQ AÇIQLADI

4 Avqust 2022 12:46 (UTC+04:00)

“Soçi görüşünün mühüm əhəmiyyəti mövcuddur. Nəzərə almaq lazımdır ki, Soçi görüşündən bir müddət əvvəl Tehranda Rusiya dövlət rəhbərlərinin görüşü keçirildi və bu görüşlərdə regional əhəmiyyətə malik güclü 3 ölkənin rəhbərliyi gələcək əməkdaşlıq perspektivliyini müzakirə etdilər”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Tural İsmayılov bildirib.

Politoloqun sözlərinə görə, 2 ölkə arasında mövcüd olan fikir ayrılıqlarına da böyük ehtimalla toxunuldu: “Lakin Soçi görüşü çox vacib bir zamana təsadüf edir. Əvvəla nəzərə almaq lazımdır ki, Türkiyə NATO-ya üzv olan digər dövlətlərdən fərqli olaraq Rusiya-Ukrayna müharibəsində barışın əldə edilməyi üçün real və səmimi dəstəkçilik missiyasında iddialıdır. Bu günlərdə Türkiyənin moderatırlığı altında həyata keçirilən Rusiya Ukrayna rəhbərliyinin görüşləri, eyni zamanda, dünyanı gözləyən ciddi taxıl böhranında Türkiyənin oynadığı vacib rol nəticəsində Ukraynanın dünya bazarlarına çıxarılması prosesi və digər məsələlər Rusiya-Türkiyə əməkdaşlığının daha da dərinləşməsinə səbəb olur. Həmçinin, Akkquyuda və bir sıra digər yerlərdə Rusiya ilə Türkiyə müxtəlif sahələr üzrə ortaqlıq nümayiş etdirirlər. Həm də bilirisiz ki, Suriyada və Yaxın Şərqdə baş verən proseslərdə Rusiya ilə Türkiyənin bir-biri ilə fərqli mövqeləri olsa da, kompromis və anlaşmaya daha yaxın olan ölkələrdir. Azərbaycanın işğaldan azad edilmiş Ağdam şəhərində Rusiya və Türkiyənin birgə monitorinq mərkəzi də fəaliyyət göstərir. Bu baxımdan hesab edirəm ki, bu görüşdə Rusiya-Türkiyə əməkdaşlığının gələcək perspektivləri ilə bağlı vacib qərarlar veriləcək. Nəzərə almaq lazımdır ki, İranda Putinlə Ərdoğanın görüşü çox qısa zamanda baş vermişdi. Ancaq tez bir zamanda yenidən Soçidə iki dövlət rəhbərlərinin bir araya gəlməsi Rusiya və Türkiyə arasında yeni anlaşmaların olması baxımından da mühüm xarakterə malikdir. Mən Qarabağla bağlı məsələnin də iki lider arasında baş tutan görüşdə müzakirə olunacağını düşünürəm. Hazırkı məqamda isə Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin görüşünün həm region, həm də qlobal siyasi-iqtisadi aləm üçün pozitiv nəticələrinin olacağını düşünürəm”.