Dövlət başçısının Sərəncamı ilə festivalda ən yüksək nəticələrə görə Azərbaycan idmançıları və onların məşqçiləri mükafatlandırılıblar
Azərbaycanda Olimpiya Hərəkatının inkişafı Azərbaycan Prezidenti İlham Əliyevin adı ilə bağlıdır. Belə ki, 1992-ci ildə Milli Olimpiya Komitəsi fəaliyyət göstərməyə başladı. 1997-ci ildən Milli Olimpiya Komitəsinə Cənab İlham Əliyev Sədr seçiləndən sonra Azərbaycanda Olimpiya Hərəkatı vüsət almağa başladı. Bu illər ərzində Milli Olimpiya Komitəsinin təşkilati və quruculuq işləri bir an belə səngimədi. Azərbaycanın hər bir yerində yeni və müasir idman komplekslərinin tikintisinə başlanıldı. Azərbaycan Milli Olimpiya Komitəsi başqa Olimpiya komitələri üçün örnək oldu. MOK işini Olimpiya Xartiyası və nizamnaməsinin tələbləri əsasında qurub, fəaliyyətini ölkəmizdə Olimpiya hərəkatının və idmanın inkişafına xidmət edən məqsədləri həyata keçirməyə yönəldib. Bu gün Azərbaycanın dünyanın aparıcı idman ölkələrindən biri kimi tanınmasında MOK-un məqsədyönlü fəaliyyətinin özünəməxsus yeri var. Azərbaycanın Olimpiya və idman həyatında son dərəcə önəmli hadisələr baş verib. Bu hadisələrin miqyası Azərbaycan hüdudlarını da aşaraq, dünyada və Avropada Olimpiya hərəkatının inkişafına mühüm töhfə verməsi ilə yadda qalıb.
AZƏRBAYCAN DÜNYADA ƏN SÜRƏTLİ TEMPLƏ İNKİŞAF EDƏN İDMAN ÖLKƏSİDİR
Olimpiya oyunlarında iştirakımızın bu günə qədərki tarixinin ən böyük uğuru 2000-ci ildə Avstraliyanın Sidney şəhərində keçirilmiş XXVII Yay Olimpiya oyunları oldu. Sidney olimpiadasında Azərbaycan komandası, 199 ölkə arasında 34-cü yeri tutdu. Olimpiyaçılarımız Avropa ölkələri arasında 23-cü oldular. Daha sonra idmançılarımız 2004-cü ildə keçirilmiş Afina olimpiya oyunlarında 202 ölkə sırasında 50-ci yeri, 2008-ci ildə Pekində keçirilən 29-cu Olimpiya oyunlarında komanda hesabında 39-cu yeri, 2012-ci ildə keçirilən XXX London Yay Olimpiya oyunlarında 204 iştirakçı ölkə arasında 30-cu yeri, 2016-cı ildə Rio-de-Janeyroda keçirilən XXXI Yay Olimpiya 39-cu yeri tutdular.
Artıq MOK beynəlxalq miqyasda böyük nüfuz qazanıb, fəaliyyəti və əldə etdiyi nailiyyətlərlə seçilib. Azərbaycanda keçirilən Avropa və dünya çempionatları da buna nümunədir. Belə ki, müxtəlif beynəlxalq yarışlar, bədii gimnastika, taekvando, güləş, boks, karate və s. bu kimi Olimpiya növlərinə daxil olan idman yarışları, məhz Azərbaycanda keçirilib. Əlbəttə ki, son illərdə Azərbaycanın dünyada ən sürətli templərlə inkişaf edən ölkəyə çevrilməsi də buna imkan yaradıb. Bakıda və bütövlükdə, Azərbaycanda idman infrastrukturunun yaradılması istiqamətində böyük işlər görülüb. Birinci Avropa Oyunlarının Bakıda keçirilməsi də elə ölkəmizə Avropa Olimpiya Komitəsinin inamı idi. Avropa Olimpiya Komitəsinin Baş Məclisində 2015-ci ildə Birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsi haqqında qərar qəbul edilməsi, ilk oyunların Bakıda keçirilməsi böyük nailiyyət idi. Bu cür oyunları ilk dəfə təşkil etmək Azərbaycan üçün şərəfli olduğu qədər də məsuliyyətlidir. İlk Avropa Oyunlarında 49 ölkədən 6000-dən artıq atlet idmanın 20 növündə mübarizə apardı. Yarışlar Bakıda 21 idman obyektində keçirildi. Təbii ki, bütün bunlarla yanaşı, Azərbaycan 42-ci Ümumdünya Şahmat Olimpiadası, 17 yaşadək futbolçular arasında Avropa çempionatı, Bədii Gimnastika üzrə Dünya Kuboku, "Formula-1" kimi mötəbər yarışlara uğurla ev sahibliyi etdi və özünü dünyada idman ölkəsi olaraq tanıda bildi. IV İslam Həmrəyliyi Oyunlarının uğuru, idmançılarımızın inanılmaz qələbələri bunun daha bir parlaq nümayişi oldu. Azərbaycan 75 qızıl medalla birinci yeri qazandı. İdman arenalarında Azərbaycanın Dövlət Himninin 75 dəfə səslənməsi, təbii ki, böyük qürurdur.
Ölkə Prezidenti İlham Əliyevin bir çox idmançı və məşqçinin MOK, Gənclər və İdman Nazirliyi tərəfindən təqaüdlərlə təmin etməsi də ölkəmizdə Olimpiya Hərəkatına müsbət təsir edən amillər sırasındadır. MOK Azərbaycanda idmanın və Respublika Olimpiya Hərəkatının inkişafına xüsusi qayğı göstərir. İdman sahəsinə ayrılan diqqət və göstərilən qayğı gənclərin bu sahəyə olan marağını artırıb. Kütləvi olaraq bu sahəyə axın var. Bu gün Azərbaycanda bir çox müasir Olimpiya idman qurğuları tikilib istifadəyə verilib. Azərbaycanın bölgələrində onlarla müasir Olimpiya İdman Kompleksi tikilib. Bakıda isə ən müasir idman infrastrukturu mövcuddur. 70 min tamaşaçı yeri olan Olimpiya Stadionunu, Milli Gimnastika Arenası, Su İdmanı Sarayı və Bakı Atıcılıq Mərkəz və s. müasir idman qurğularıdır. Qeyd edək ki, 2019-cu il iyunun 21-dən 30-dək Belarusun paytaxtı Minsk şəhərində keçirilən İkinci Avropa Oyunlarında 82 idmançı ilə təmsil olunan Azərbaycan millisi 28 medal qazanaraq, komanda hesabında 50 ölkə arasında 10-cu yerdə qərarlaşdı. Komandamız Oyunları 5 qızıl, 10 gümüş, 13 bürünc medalla başa vurdu. Ümumilikdə, 200 dəst medala 43 ölkə təmsilçisi yiyələnib. Onlardan cəmi 34-ü qızıl medal sevinci yaşayıb. Bakıda keçirilmiş ilk Avropa Oyunlarında olduğu kimi, İkinci Avropa Oyunlarında da Rusiya komandası medal siyahısında birinci yeri tutdu.
AZƏRBAYCANIN İDMAN SİYASƏTİNİN QƏLƏBƏSİ
Azərbaycan Avropa Gənclər Olimpiya Festivalına ev sahibliyi etdi. 48 ölkəni təmsil edən 3600-dən çox idmançı qalib adı uğrunda mübarizə apardı. Azərbaycan komandası Avropanın Rusiya, Böyük Britaniya və Türkiyə istisna olmaqla, bütün ölkələrini, o cümlədən Fransa, Almaniya, İtaliya, Ukrayna, İspaniya, Çexiya, Hollandiya, Belarus, İsveçrə, Avstriya və başqalarını qabaqlayaraq festivalda 23 medal qazandı və ümumi komanda hesabında 4-cü oldu. Ölkəmizdə keçirilən yarışlar və Azərbaycanın beynəlxalq oyunlarda iştirakı Azərbaycanın idman siyasətinin qələbəsi və beynəlxalq federasiyaların ölkəmizdə aparılan işlərə, həmçinin, idman və bədən tərbiyəsi sahəsində nailiyyətlərimizə verilən qiymətin təzahürüdür. Bu günlərdə isə - iyulun 24-30-da Slovakiyada keçirilən Avropa Yeniyetmələrinin XVI Yay Olimpiya Festivalında iştirak edən Azərbaycan atletləri qalib kimi ölkəmizə dönüblər. Atletlərimiz məşqçilər Nazim İsrafilov və Tofiq Əliyev rəhbərliyi altında yarışıblar. İdmançılarımız festivalı 7 medalla başa vurublar. Belə ki, cüdoçularımız 2 qızıl, 4 gümüş və 1 bürünc medala sahib olublar. Azərbaycan idmançılarına hər zaman diqqət və qayğı ilə yanaşan Azərbaycan Prezidenti İlham Əliyev "Slovakiyanın Banska Bistritsa şəhərində keçirilən XVI Avropa Gənclər Yay Olimpiya Festivalında ən yüksək nəticələrə görə Azərbaycan Respublikasının idmançıları və onların məşqçilərinin mükafatlandırılması haqqında" Sərəncam imzalayıb. Sərəncama əsasən, Slovakiyanın Banska Bistritsa şəhərində keçirilən XVI Avropa Gənclər Yay Olimpiya Festivalında ən yüksək nəticələrə görə Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri birinci yeri tutan hər bir idmançı – 10 000 manat, onun şəxsi məşqçisi – 5000 manat, ikinci yeri tutan hər bir idmançı – 7000 manat, onun şəxsi məşqçisi – 3500 manat, üçüncü yeri tutan hər bir idmançı – 5000 manat, onun şəxsi məşqçisi – 2500 manat, komandanın baş məşqçisi – idman növü üzrə ən yüksək nəticə göstərmiş idmançıya görə şəxsi məşqçinin aldığı məbləğ qədər (bir dəfə) mükafatlandırılıb.Qazanılan qələbələr Azərbaycanın dünyada idman ölkəsi kimi tanınmasında rol oynayan amillərdir. Artıq idmançılarımız beynəlxalq səviyyəli yarışlarda ölkəmizi qalib gəlmiş MÜZƏFFƏR XALQ kimi təmsil edir. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin digər sahələrdə olduğu kimi, idman sahəsinə də diqqət və qayğısı bir daha onu göstərir ki, Azərbaycanda idman bundan sonra da uğurla inkişaf edəcək və idmançılarımız böyük uğurlar qazanacaq.
Zümrüd BAYRAMOVA