“Məhərrəm ayı çox məşhur və dəyərli bir aydır“ - DİN XADİMİ AÇIQLADI

2 Avqust 2022 18:08 (UTC+04:00)

“Məhərrəm ayı islam təqvimində birinci aydır. Necəki bizim miladi təqvimiz 12 aydan ibarətdir, eləcə də islamda hicri-qəməri təqvim 12 aydan ibarətdir”. Bu fikirləri SİA-ya açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Fuad Nurullayev bildirib.

Onun sözlərinə görə, hicri-qəməri təqvim məhərrəm ayında başlayıb zil-hiccə ayında tamamlanır: “Məhərrəm ayı çox məhşur və dəyərli bir aydır. Məhərrəm ayında xüsusi bir gün var ki, bu Aşura günüdür. Aşura günü islam dünyasında birmənalı qəbul olunmur. Bəzi müsəlman millətlər, xalqlar bu ayı xüsusi şəkildə yaşayırlar. Hətta islam tarixinə diqqət yetirəndə görərik ki, məhərrəm ayı əzəmətli bir aydır. Adəm peyğəmbərin bağışlanması, Musa peyğəmbərin öz əhalisinə müraciəti, Yusif peyğəmbərin quyudan xilas olması məhz elə Aşura gününə təsadüf edir. Ay təqviminin 61-ci, günəş təqviminin 680-ci ilində Kərbəla hadisəsi baş verdi. Bu tarixdə peyğəmbərimizin nəvəsi imam Hüseyn Kərbəlada faciəvi şəkildə qətlə yetirildi. Nəinki İmam Hüseyn, həm də onun ailəsi soyqırıma məruz qalıb. Bu hadisə Yezid ibn Muaviyyə tərəfindən törədilib. Onlar heç kəsə rəhm etmədilər.

Tədqiqatçılar bu tarixi hadisəni araşdırarkən, bu barədə yüzlərlə əsərlər yazılıb və dünyanın bir çox alimləri İmam Hüseynin mübarizəsinə heyran qalıblar. Bu mübarisə yalnız bir nəslin deyil, ümumi bir millətin mübarizəsi idi. İmam Hüseynin şəhadətinin dünyada tayı yoxdur.
Təbii ki, biz də bu günü dərk edirik. Azərbaycan xalqı da tarixən şəhidlər vermişdir. Azərbaycan xalqı Kərbala şəhidlərini tanıyır.

İmam Hüseyn məktəbini biz övladlarımıza öyrətməliyik. Yeni yetişən nəsil mübariz olmalıdır. Öz haqlarını müdafiə etməlidirlər. Məhərrəm ayında Kərbala şəhidləri ilə yanaşı bütün şəhidlərimizi rəhmətlə anırıq. Qazilərimizə Allahdan şəfa diləyirik”.