"Rusiya diqqəti yayındırmağa çalışır" - POLİTOLOQ ŞƏRH ETDİ

2 Avqust 2022 13:26 (UTC+04:00)

"Serbiya və Kosova arasında gərginliyin yaranması, əslində, müasir dünyamızın geosiyasi proseslərin davamı kimi qiymətləndirilə bilər". Bu sözləri SİA-ya açıqlamasında politoloq Anar Əliyev bildirib.

Politoloq qeyd edib ki, Rusiyanın fevral ayından başlayan Ukraynaya hərbi müdaxiləsindən sonra dünyada Rusiya və Qərb qarşıdurması mövcuddur: "Təbii ki, yeni baş verən Serbiya və Kosova sərhədində gərginlikdə də bu faktor mühüm rol oynayır. Burada hər iki tərəfin maraqları mövcuddur. Rusiya diqqətin Rusiya və Ukrayna münasibətlərindən dağılmasını, Avropanın başqa istiqamətinə cəlb edilməsi, yeni münaqişə ocağı yaratmaqla dünyanın gərgin münasibətinə müəyyən qədər loyallaşması və səngiməsi istəyindədir. Rusiya bu planla, yəni yeni münaqişə ocağı yaratmaqla özünün düşdüyü ağır vəziyyəti yumuşaltmağa çalışır. Avropa enerji qaynaqlarına görə, xüsusilə, qaz təchizatına görə Rusiyadan asılıdır. Davam edən Rusiya və Ukrayna müharibəsi fonundan Avropa Birliyi bir çox istiqamətlərdə alternativlər yaratmaqla Rusiya qazından Avropanın asılılığını minimuma endirməyə çalışırlar".

Anar Əliyev sözlərinə əlavə edərək bildirib ki, bu istiqamətlərdən biri də Şimali Afrika və Qafqazdan qazın Avropa bazarına çıxarılması ilə bağlıdır: "Azərbaycan qazı daha çox Cənub və Cənub Şərq Avropa dövlətlərinin qaz ehtiyacının ödənilməsinə daha çox istiqamətlənibdir. Əsas qaz kəməri Balkanlardan keçir. Rusiya Serbiyanın əli ilə Balkanlarda təxribat törətməklə digər alternativ qaz kəmərlərini təhlükə altında saxlamaqla Avropanın Rusiyaya ehtiyacı olduğunu göstərməyə çalışır. Qərb dünyası Rusiyaya qarşı aktiv mübarizəyə başladıqdan sonra bir sıra Avropa dövlətləri, eyni zamanda, Serbiya da mümkün qədər Rusiya ilə münasibətləri saxlamaqla kollektiv Qərb cəbhəsində yer almamağa çalışır. Bununla da digər Qərb ölkələri Serbiyanı cəzalandırmaqla Rusiyanın yanında yer alan ölkələri bu addımdan çəkindirmək istəyindədirlər. Serbiya rəsmiləri NATO Sülhməramlı qüvvələrin yerləşdiriyi Kosovaya hərbi əməliyyatlar başlamağa qərar verməklə özlərinə qarşı ciddi təhlükə yaradırlar. Hesab edirəm ki, münasibətlər gərginləşmədən danışıqlar yolu ilə problem həllini tapacaqdır. Eyni zamanda, Kosovanın qarantı rolunda çıxış edən əsas qüvvələrdən biri olan Türkiyə də Kosovanın alətə çevrilməsinə imkan verməz".

Qönçə Quliyeva